Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər


  • 12:02

İspaniyalı alimlərin siçanlar üzərində apardığı araşdırma kreatin əlavələrinin bağırsaq iltihabının beyinə mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini göstərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yədqiqatın nəticələri “Brain, Behavior, and Immunity” jurnalında dərc olunub.

Sevilya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kreatin bağırsaq iltihabı olan siçanlarda beynin yaddaş və öyrənməyə cavabdeh mühüm hissəsi olan hipokampusun fəaliyyətinə müsbət təsir göstərib. Əlavənin bu bölgədə kreatin səviyyəsini bərpa etdiyi, iltihabı və neyron zədələnməsini azaltdığı müşahidə olunub.

Təcrübələr xoralı kolit modelində aparılıb. Bu xəstəlik yalnız bağırsaqlara deyil, beyin fəaliyyətinə də təsir göstərə bilər. Belə hallarda insanlarda diqqət dağınıqlığı, yaddaş problemləri və zehni yorğunluq kimi əlamətlər müşahidə oluna bilər.

Tədqiqat zamanı kreatinin təsiri erkək siçanlarda dişilərlə müqayisədə daha nəzərəçarpan olub. Alimlər bunu erkək siçanlarda bağırsaq iltihabı ilə əlaqəli beyin zədələnməsinin daha güclü olması ilə izah edirlər.

Kreatin orqanizmdə enerji mübadiləsində mühüm rol oynayan təbii birləşmədir. Əsasən əzələlərdə toplansa da, qan-beyin baryerini keçərək sinir hüceyrələrinə də çata bilir.

Bununla belə, tədqiqatın nəticələri hələlik yalnız heyvan təcrübələrinə əsaslanır. Kreatin əlavələrinin insanlarda bağırsaq iltihabının beyinə təsirini azaldıb-azaltmadığını müəyyən etmək üçün əlavə klinik araşdırmalara ehtiyac var. Alimlər bu mərhələdə kreatinin beyin sağlamlığını qorumaq üçün təsdiqlənmiş vasitə hesab edilə bilməyəcəyini vurğulayırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər