- 10:52
Türkiyənin Antalya şəhərində güclü leysan yağışları daşqınlar səbəb olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Demre rayonunun Kaleüçağız məhəlləsində avtomobilləri sel aparıb, ticarət mərkəzindəki mağazalardan birinin damı uçub.
Yağışlar Demre rayonunun Çevreli, Kaleüçağız, Kapaklı və Yavu yaşayış məntəqələrinə də təsir göstərib. Demre bələdiyyə sədri Fəxri Duranın sözlərinə görə, Çevreli məhəlləsindəki istixanaların təxminən 70 faizi və 10-a yaxın evə ziyan dəyib. Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.
Antalya Valiliyinin məlumatına görə, xilasetmə və müdaxilə işlərinə 1901 nəfər şəxsi heyət, 624 nəqliyyat vasitəsi və çoxsaylı xüsusi texnika cəlb olunub. Daşqın səbəbindən məktəbdə köməksiz vəziyyətdə qalan 13 şagird və 7 müəllim, eləcə də istixanada qapalı qalan iki nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Onların səhhətinin yaxşı olduğu açıqlanıb.
Daşqın nəticəsində bağlanan Kaş-Demre yolunda hərəkət suyun səviyyəsi azaldıqdan sonra bərpa edilib. Antalya Hava Limanında uçuş-enmə zolaqları açıq qalsa da, səkkiz təyyarə eniş üçün digər hava limanlarına yönləndirilib.
Valilik sakinləri ani daşqınlar, ildırım, dolu və güclü külək təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb. Yağışlı havanın oktyabrın 15-i səhər saatlarından etibarən zəifləyəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə