Tramp BBC-yə qarşı məhkəmədə ifadə verməkdən imtina edib


  • 10:47

ABŞ Prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq iddia üzrə oktyabrın 16-na planlaşdırılan ifadəvermə prosesi ləğv edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, buna cavab olaraq, BBC-nin vəkilləri məhkəmədən Trampın əvvəlcədən razılaşdırılmış tarixdə and içərək ifadə verməsini tələb etməsini istəyiblər.

Məhkəmə sənədlərinə əsasən, Trampın vəkilləri ifadənin ləğvini milli əhəmiyyət kəsb edən digər məsələlərlə əsaslandırıblar. Onlar ABŞ Prezidentinin yanvarın ikinci və ya üçüncü həftəsində ifadə verə biləcəyini bildirsələr də, bu tarix sübutların toplanması üçün müəyyən edilmiş müddətdən sonraya düşür.

Qeyd edək ki, Tramp ötən ilin dekabrında BBC-yə qarşı iddia qaldıraraq, 2020-ci il seçkiləri və Kapitoliyə hücumla bağlı “Panorama” sənədli filmində çıxışından götürülən hissələrin elə montaj edildiyini iddia edib ki, guya o, zorakılığa çağırış edib. BBC montajdakı səhvə görə üzr istəsə də, məsələ qurumun o zamankı baş direktoru Tim Deyvinin istefasına səbəb olub.

BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması prosesi təxminən səkkiz aydır davam edir və yayım şirkətinin yeddi şahidi artıq ifadə verib. Onun sözlərinə görə, iş üzrə əsas iddiaçı olan Trampın ifadəsinin alınması üçün hələ də konkret qrafik yoxdur.

Trampın hüquq komandası isə iddianın BBC-ni böhtan və seçkilərə müdaxiləyə görə məsuliyyətə cəlb etmək məqsədi daşıdığını bildirib. BBC məhkəmədən iddianın rədd edilməsini də istəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər