- 12:22
Türkiyənin Zonquldak vilayətində pnevmoniya səbəbindən şiddətli öskürək tutması keçirən 52 yaşlı qadının sağ koronar arteriyasında cırılma baş verib.
E-huquq.az Türkiyə mətbuatıns istinadən xəbər verir ki, həkimlərin təcili müdaxiləsi nəticəsində damara stent yerləşdirilib və xəstə sağalaraq evə buraxılıb.
Məlumata görə, hər hansı xroniki xəstəliyi olmayan qadın pnevmoniyadan müalicə aldığı zaman güclü öskürək tutması keçirib. Bu zaman döş qəfəsində qəfil və şiddətli ağrı hiss edib. Vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya müraciət edən qadında infarkt əlamətləri aşkarlanıb və o, təcili angioqrafiyaya alınıb.
Müayinələr zamanı sağ koronar arteriyada damar sərtliyi ilə əlaqəli olmayan, spontan cırılma müəyyən edilib. Kardioloq professor Mehmet Yaman və komandası əməliyyat zamanı damara stent yerləşdirərək cırılmanı aradan qaldırıblar.
Professor Yaman bildirib ki, bu cür hallara tibdə olduqca nadir rast gəlinir. Onun sözlərinə görə, şiddətli öskürək zamanı döş qəfəsində təzyiqin artması belə bir fəsadı tətikləyə bilər.
Həkim qeyd edib ki, cırılma tam olsaydı, ürəyin ətrafına və ya döş boşluğuna qanaxma baş verə, nəticədə xəstə həyatını itirə bilərdi. Vaxtında tibbi müdaxilə qadının həyatını xilas edib.
Professor öskürək və digər tənəffüs yolu simptomları uzun müddət davam etdikdə və ya şiddətləndikdə həkimə müraciət etməyin vacibliyini vurğulayıb.
Şəbnəm Mehdizadə