- 11:30
Fransada oktyabrın 17-də başlayan etiraz aksiyaları çərçivəsində dağıntılara və qarət hadisələri törətməkdə şübhəli bilinən 149 nəfər həbs edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın ədliyyə naziri Jerald Darmanen həftəsonu “Sarı jiletlilər” hərəkatının aksiyaları zamanı zorakılıq hallarının qeydə alındığı Lill şəhərinə səfər edib.
Darmanen Lill jurnalistlərə açıqlamasında aksiyalar zamanı baş verən zorakılıq hadisələrinə qarşı ədliyyə orqanlarının gördüyü tədbirlərdən danışıb.
Nazir bildirib ki, aksiyalar zamanı dağıntılarda və qarət hadisələrində iştirak etməkdə şübhəli bilinən 149 nəfər həbs olunub. O, prokurorların göstərişlərinə uyğun olmayan məhkəmə qərarlarından apellyasiya şikayəti verilməsini də tələb etdiyini qeyd edib.
Fransa mediasının məlumatına görə, həftəsonu paytaxt Parisdə yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı ölən iki nəfərin ölüm səbəblərinin araşdırılması üçün istintaqa başlanılıb.
Paris Polis İdarəsinin açıqlamasına əsasən, oktyabrın 17-də Respublika meydanı yaxınlığında 59 yaşlı kişi huşsuz vəziyyətdə aşkarlanıb. O, ilkin tibbi yardım mərkəzinə aparılsa da, göstərilən müdaxilələrə baxmayaraq həyatını itirib.
İlkin məlumatlara görə, oktyabrın 19-da saat 01:10-da Parisin Berje küçəsində də halı pisləşən 48 yaşlı şəxsin meyiti tapılıb. Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, tələbələrin də dəstəklədiyi “Sarı jiletlilər” hərəkatının iştirakçıları oktyabrın 17-də yaşayış xərclərinin və yanacağın qiymətinin artmasına etiraz olaraq ölkə üzrə aksiyalar keçiriblər.
Etirazlar zamanı təxminən 2 500 nəfər saxlanılıb. Həmçinin 1 000-dən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb. Zorakılıqla müşayiət olunan aksiyalar zamanı təxminən 3 000 ticarət obyektinə ziyan dəyib və ya həmin obyektlər qarət edilib.
Mümkün yeni aksiyaların qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları Paris, Lill, Lion və Nitsa başda olmaqla bir sıra ərazilərdə qismən komendant saatı tətbiq etmək qərarı veriblər.
Şəbnəm Mehdizadə