- 20:08
20 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçi qəbul edib.
XİN-dən e-huquq.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, mütəmadi siyasi məsləhətləşmələr mexanizminin ikitərəfli əlaqələrin inkişafında rolu vurğulanıb.
İqtisadi-ticarət əlaqələrinə toxunularaq, ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyi qeyd olunub. Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın şaxələndirilməsinin önəmi diqqətə çatdırılıb.
Azərbaycanın strateji rolu qeyd edilərək, Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmanın, habelə beynəlxalq və regional platformalar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd olunub.
Minatəmizləmə sahəsində ANAMA ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qarşı tərəf, cari ilin mart ayında ölkəsindəki minatəmizləmənin başa çatdığını və bu istiqamətdə Azərbaycana istənilən dəstəyi əsirgəməyəcəklərini bildirib.
Xorvat iş adamları ölkəmizdəki əlverişli biznes mühitindən, o cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından yararlanmağa və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələrdə fəal iştiraka dəvət olunub.
Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.