Ultra emal olunmuş qidalar beyin damarlarına səssizcə zərər verir - ARAŞDIRMA


  • 10:49

Ultra emal olunmuş qidaların istehlakı ilə orta yaşlı insanlarda beyin damarlarının zədələnməsi arasında əlaqə aşkarlanıb. Heç bir əlamət göstərmədən inkişaf edə bilən bu vəziyyət gündəlik qidalanma vərdişlərinin beyin sağlamlığına təsirini yenidən gündəmə gətirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadada aparılan və “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada iştirakçıların qidalanma vərdişləri, maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələri və idrak testlərinin göstəriciləri təhlil edilib.

Yaşları 35-69 arasında dəyişən təxminən 9 min nəfərin məlumatlarının qiymətləndirildiyi tədqiqatda ən çox emal olunmuş qida istehlak edən qrupda hər 9 nəfərdən birində beyin damarları ilə əlaqəli zədələnmələr aşkar edilib. Bu göstərici həmin qidaları ən az istehlak edən qrupda hər 12 nəfərdən birinə bərabər olub.

MRT müayinələri zamanı iki əsas anormallıq müəyyən edilib. Bunlardan birincisi, beynin müxtəlif nahiyələri arasında siqnalların ötürülməsini təmin edən ağ maddədə müşahidə olunan parlaq sahələr, ikincisi isə qan axınının kəsilməsi nəticəsində zədələnmiş toxuma sahələri olub.

Tədqiqatçılar bu cür struktur dəyişikliklərinin yaş artdıqca insult, idrak qabiliyyətinin zəifləməsi və demensiya riskini yüksəldə biləcəyinə diqqət çəkiblər.

Yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, arterial təzyiq və diabet kimi amillər nəzərə alındıqdan sonra da qidalanma ilə beyin damarlarının zədələnməsi arasındakı əlaqənin aradan qalxmadığı müəyyən edilib. Bədəndəki yağ faizinin də bu əlaqəni təkbaşına izah etmədiyi bildirilib.

Bununla belə, mütəxəssislər sorğu məlumatlarına əsaslanan müşahidə xarakterli tədqiqatların birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Qidaların emal dərəcəsi ilə onların qida dəyəri arasındakı fərqin dəqiq müəyyənləşdirilməməsi bu sahədə daha uzunmüddətli araşdırmalara ehtiyac olduğunu göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər