Yəməndə məcburi köçkünlərin sayı 250 mini ötüb


  • 16:03

Yəməndə münaqişələrin şiddətlənməsi nəticəsində ölkə daxilində məcburi köçkünlərin sayı 250 mini ötüb.

E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Metyu Saltmarş Cenevrədə keçirilən brifinqdə məlumat verib.

Məlumata görə, məcburi köçkünlərin sayı əvvəlki 213 min nəfərlə müqayisədə artıb.

Köçkünlükdən ən çox təsirlənən bölgə Taizdir. Məcburi köçkünlərin 76 faizi bu bölgədədir. Yeni köçkün ailələrinin əsas ehtiyacları isə yaşayış yeri, ərzaq və maddi yardımdır.

Onun sözlərinə görə, Yəməndə 65 mindən çox qaçqın və sığınacaq axtaran şəxs də yaşayır. Onların əksəriyyəti Somali və Efiopiyadan gəlib.

Oktyabrın 17-dək Yəməndən Cibutiyə 3 836 nəfər, Somaliyə isə geri qayıdanlar və qaçqınlar da daxil olmaqla 242 nəfər gedib.

Bundan başqa, oktyabrın 8-dən 9-na keçən gecə Cibutidən Yəmənə gedən qayığın aşması nəticəsində 139 nəfər həlak olub. Onlardan 109-nun şəxsiyyəti müəyyənləşdirilib.

Yəməndə 2014-cü ildən davam edən vətəndaş müharibəsi hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında qarşıdurmalarla müşayiət olunur. 2015-ci ilin martından Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər