- 10:45
ABŞ-də oktyabr, noyabr və dekabr aylarında marallarla avtomobillərin toqquşma riski artır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətli qurumlar sürücüləri xüsusilə səhər və axşam saatlarında ehtiyatlı olmaqla bağlı çağırış edib.
"State Farm" sığorta şirkətinin hesabatına görə, 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər ölkə üzrə heyvanlarla toqquşma ilə bağlı 1,6 milyondan çox sığorta müraciəti qeydə alınıb. Hadisələrin əksəriyyətinin marallarla bağlı olduğu vurğulanıb.
Nyu-Cersi Ətraf Mühitin Mühafizəsi Departamentinin məlumatına görə, maralların cütləşmə mövsümü oktyabrın ortalarından dekabrın ortalarına qədər davam edir. Bu dövrdə heyvanlar xüsusilə sübh tezdən və gün batarkən fəal olduqlarından, yollarda qəza riski yüksəlir.
Rəsmilər sürücülərə sürəti azaltmağı, maralların keçməsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyi və qaranlıq yollarda, şərait imkan verdikdə, uzaq işıqlardan istifadə etməyi tövsiyə edirlər. Yol kənarında bir maral göründükdə yaxınlıqda başqalarının da ola biləcəyi nəzərə alınmalıdır.
Səlahiyyətlilər toqquşma qaçılmaz olduqda qəfil sükan manevrlərindən çəkinməyin vacibliyini vurğulayırlar. Belə manevrlər avtomobilin idarəetmədən çıxmasına və daha ağır qəzalara səbəb ola bilər.
Şəbnəm Mehdizadə