- 10:35
Alimlər Süd Yolu qalaktikasında müşahidə olunan sirli qamma şüaları mənbəyinin iki neytron ulduzunun toqquşması nəticəsində yaranan kilonova qalığı ola biləcəyini ehtimal edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, fərziyyə təsdiqlənərsə, bu, qalaktikada ilk belə qalığın müəyyən edilməsi ola bilər.
Hələ elmi resenziyadan keçməmiş tədqiqata görə, HESS J1507−622 adlı obyekt 2006-2007-ci illərdə Namibiyada yerləşən HESS teleskop sistemi vasitəsilə aşkarlanıb. Mənbənin radio dalğaları və rentgen şüaları ilə əlaqələndirilə bilməməsi, eləcə də qalaktikanın əsas müstəvisindən uzaqda yerləşməsi uzun müddət alimlərin diqqətini cəlb edib.
Tədqiqatçılar hesab edirlər ki, iki neytron ulduzunun birləşməsi nəticəsində yaranan kilonova bu obyektin xüsusiyyətlərini izah edə bilər. Belə toqquşmalar zamanı kosmosa yayılan maddə qızıl və platin kimi ağır elementlərin əmələ gəlməsində mühüm rol oynayır.
Alimlərin hazırladığı riyazi model obyektin müşahidə olunan qamma şüalanmasını izah edə bilib. Təhlillər yaşı min ildən az olan kilonova qalığının mövcudluğu ehtimalını dəstəkləyir.
Tədqiqatçılar həmçinin neytron ulduzlarından birinin və ya hər ikisinin yaranma zamanı aldığı güclü təkan nəticəsində qalaktikanın əsas müstəvisindən uzaqlaşmış ola biləcəyini irəli sürürlər.
Bununla belə, fərziyyə hələ təsdiqlənməyib. HESS J1507-622 obyektinin təbiətini dəqiqləşdirmək və onun Süd Yolunda ilk kilonova qalığı olub-olmadığını müəyyənləşdirmək üçün əlavə müşahidələrə ehtiyac var.
Şəbnəm Mehdizadə