Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmamasının hüquqi təhlili


  • 28 İyul 2022 10:09

Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu bir mənalı olaraq hamı tərəfindən qəbul olunur. Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qiymətli kağız anlayışının tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub olmadığı şübhəli hala gələ bilər.

Belə ki, MM-nin 987.1-ci maddəsinə görə, “qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunumülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir”.

Bu tənzimləmədən belə bir sual meydana gəlir ki, dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi ilə və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu?

Məhz bu sual səbəbi ilə bəzi hallarda dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub olmadığı mübahisə olunur. Belə ki, dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşı arasında yazılı müqavilə münasibəti mövcud deyildir. Lakin təkcə yazılı müqavilənin olmadığı əsası ilə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olmadığını irəli sürmək qiymətli kağızların bütün dünyada qəbul edilən hüquqi fəlsəfəsi, beynəlxalq nəzəriyyələr, Azərbaycan Respublikası qanunvericilik sistemi ilə bağdaşmamaqla birlikdə bəzi tərəddüdlərin də meydana gəlməsinə səbəb olur.

Məqalədə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub olmadığı məsələsi qiymətli kağızlar ilə bağlı beynəlxalq nəzəriyyələr və Azərbaycan Respublikası qanunvericiliyi bir bütün olaraq diqqətə alınaraq hüquqi baxımdan təhlil edilib.

1. Dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşı arasında Mülki Məcəllənin 987.1-ci maddəsində tələb edilən müqavilə münasibətinin mövcud olub olmadığının təhlili.

Mülki Məcəllə qiymətli kağıza anlayış verərkən emitent ilə onun mülkiyyətçisi arasında müqavilə münasibətlərinin mövcudluğunu tələb edib. Belə ki, Mülki Məcəllənin 987.1-ci maddəsinə görə, “qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir”.

Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.

Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, “tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır”.

Yenə həmin Məcəllənin 406.1-ci maddəsinə görə, “Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin”.

Həmin Məcəllənin 329.1-ci maddəsinə görə, “Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır”.

Buradan məlum olduğu kimi, müqavilə onun tərəflərinin həmin müqavilənin bütün mühüm şərtləri barədə qanunla tələb edilən imperativ formada razılaşmasıdır. Hər hansı bir müqavilənin imperativ forması qanunda tənzimlənməyibsə həmin müqavilə şifahi qayda da, başqa bir ifadə ilə istənilən formada da bağlana bilər.

Hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşı arasında yazılı olmasa da, şifahi müqavilə münasibəti mövcuddur. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payının (əmlak payının) qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə yenə dövlət tərəfindən çıxardılaraq təqdim olunmuşdur.

Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətləri qurulub. Belə ki, dövlət çeki tərtib edib vətəndaşa verib və vətəndaş da həmin çeki qəbul edib. Bu durum tərəflər arasında razılaşmanın olduğunu, başqa bir ifadə ilə müqavilənin bağlandığını təsdiq edir. Belə bir nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğundur. Unutmayaq ki, müqavilənin yazılı formada bağlanması qanunda tələb edilməyibsə, həmin müqavilə şifahi qayda da bağlana bilər.

Həm də unutmayaq ki, Mülki Məcəllənin 987.1-ci maddəsi də hər hansı bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün yazılı formada müqavilənin bağlanmasını deyil, sadəcə olaraq müqavilənin bağlanmasını (mövcud olmasını) tələb edib. Ona gör də hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşı arasında Mülki Məcəllənin 987.1-ci maddəsində tələb edilən müqavilə münasibəti mövcuddur.

2. Beynəlxalq nəzəriyyələr də diqqətə alınaraq dövlət özəlləşdirmə çeklərinin Azərbaycan Respublikası qanunvericiliyində hər hansı bir sənədin qiymətli kağız hesab olunması üçün tələb edilən məcburi şərtlərə cavab verib vermədiyinin təhlili.

Qiymətli kağızların bütün dünyada qəbul edilən hüquqi fəlsəfəsində deyilir ki, hər hansı bir sənədin qiymətli kağız hesab oluna bilməsi üçün əsas iki məcburi şərt tələb olunur. Bunlardan birincisi qiymətli kağızın qanunla müəyyən edilmiş formada tərtib olunması, ikincisi isə qiymətli kağızın iqtisadi dəyərə malik, özgəninkiləşdirilə bilən bir hüququ (məsələn tələb hüququnu, mülkiyyət hüququnu, pay hüququnu və sairəni) təsdiqləməsidir.

Bununla birlikdə hər hansı bir sənədin qiymətli kağız hesab edilməsi üçün emitent ilə onun mülkiyyətçisi arasında müqavilə münasibətinin mövcudluğunun şərt olub olmadığı məsələsi mübahisəlidir.

Belə ki, qiymətli kağızlar ilə bağlı qəbul edilən beynəlxalq nəzəriyyələrdən biri olan “kreasyon” nəzəriyyəsində deyilir ki, hər hansı bir sənədin qiymətli kağız hesab oluna bilməsi üçün emitent ilə mülkiyyətçi arasında müqavilənin bağlanması məcburi olmayıb, əsas mühüm olan həmin sənədin iqtisadi dəyərə malik olan bir hüququ təsdiqləməsi və qanunun tələb etdiyi formada tərtib olunmasıdır.

Amma “müqavilə nəzəriyyəsində” isə deyilir ki, hər hansı bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün həmin sənədin qanunla müəyyən edilmiş formada tərtib olunması və iqtisadi dəyərə malik, özgəninkiləşdirilə bilən bir hüququ təsdiqləməsi yetərli olmayıb, həm də həmin sənədin tərəfləri arasında bağlanmış etibarlı müqavilə münasibəti olmalı və sənəd həmin müqavilə əsasında qarşı tərəfə verilməlidir.

Bu məsələ ilə bağlı qəbul edilən üçüncü beynəlxalq nəzəriyyə isə “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə” nəzəriyyəsidir. Həmin nəzəriyyədə deyilir ki, qanunla müəyyən edilmiş formada tərtib olunmuş və iqtisadi dəyərə malik, özgəninkiləşdirilə bilən bir hüququ təsdiqləyən sənəd qiymətli kağız olduğu, mülkiyyətçisinin həmin sənədi emitentdən aralarındakı müqavilə əsasında əldə etdiyi qəbul olunmalı və vicdanlı üçüncü şəxslər hüquqları mühafizə olunmalıdır.

Daha çox tərəfdarı olan bu üçüncü nəzəriyyə görə, ilk iki şərtə əməl edilərək tərtib olunmuş sənəd, yəni qanunla müəyyən edilmiş formaya uyğun və iqtisadi dəyərə malik, özgəninkiləşdirilə bilən bir hüququ təsdiqləyən sənəd qiymətli kağız olub, emitent, onla sənədin mülkiyyətçisi arasında müqavilə münasibətinin olmadığını sübut edənə qədər etibarlı hesab edilməlidir.

Ayrıca bu nəzəriyyə görə, emitent ilə qiymətli kağızın ilk mülkiyyətçi arasında etibarlı müqavilə münasibətinin olmadığı sübut edilsə belə, ödəniş qiymətli kağızlarını (məsələn vekselləri) onun ilk mülkiyyətçisindən “görünüşə etimad” edərək əldə edən sonrakı vicdanlı mülkiyyətçilərin hüquqları da qorunur. Bu qayda dövlət özələşdirmə çeklərinin də aid olduğu səhmlər, istiqrazlar kimi investisiya qiymətli kağızlarına şamil olunmur. Bu isə ödəniş qiymətli kağızlarının mücərrəd, investisiya qiymətli kağızlarının isə qeyr-mücərrəd olması ilə bağlı bir məsələdir.

Respublikamızda qiymətli kağızlar ilə bağlı qəbul edilmiş bütün qanunvericilik aktları təhlil edildiyi zaman bu qənaətə gələ bilərik ki, respublikamızda “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə” nəzəriyyəsi mənimsənilib olunub.

Belə ki, respublikamızın qanunvericiliyində qiymətli kağız anlayışının ilk dəfə tənzimləndiyi “Qiymətli kağızlar və fond birjaları” haqqında Azərbaycan Respublikasının 24 noyabr 1992-ci il tarixli 383 saylı Qanunun 1-ci maddəsində deyilirdi ki, “qiymətli kağızlar qiymətli kağız sahibinin emitent barəsində əmlak hüquqlarını və ya borc münasibətlərini təsdiqləyən pul sənədidir”.

Məlum olduğu kimi, 1992-ci ildə bu Qanun hər hansı bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün yuxarıda qeyd edilən iki şərti, yəni həmin sənədin qanunla müəyyən edilmiş formada tərtib olunmasını və iqtisadi dəyərə malik bir hüququ təsdiqləməsini tələb etdiyi kimi, həm də bunu yetərli hesab edib.

Bununla birlikdə emitent, onunla sənədin mülkiyyətçisi arasında müqavilə münasibəti olmadığını iddia edə bilər, lakin bunu sübut etməklə mükəlləfdir. Yəni emitent onunla sənədin mülkiyyətçisi arasında müqavilə münasibətinin olmadığını sübut etməlidir. Unutmayaq ki, qanun emitentə icazə vermir ki, onunla sənədin mülkiyyətçisi arasında “yazılı müqavilə” münasibətinin olmadığını sübut etsin. Qanun deyir ki, ümumiyyətlə müqavilənin olmadığını sübut edin. Müqavilə isə şifahi formada da bağlana bilər.

Dolayısı ilə halhazırda emitent ilə mülkiyyətçi arasında yazılı müqavilə olmadığı əsası ilə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olmadığını irəli sürmək absurd və elmi əsası olmayan yanaşmadır.

Çünki, dövlət özəlləşdirmə çekləri ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-ci il tarixli Qanunu ilə təsdiqlənmiş “I Dövlət Proqramı” ilə çıxarılıb.

Yəni dövlət özəlləşdirmə çeklərinin çıxarıldığı 29 sentyabr 1995-ci il tarixində hal hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə deyildi və qiymətli kağızlar “Qiymətli kağızlar və fond birjaları” haqqında Azərbaycan Respublikasının 24 noyabr 1992-ci il tarixli 383 saylı Qanun ilə tənzimlənirdi.

Dolayısı ilə hal hazırda qüvvədə olan Mülki Məcəllənin 987.1-ci maddəsinin hər hansı bir sənədin qiymətli kağız hesab olunması üçün emitent ilə onun mülkiyyətçisi arasında müqavilə münasibəti mövcud olmalıdır tələbi, 29 sentyabr 1995-ci il tarixində qüvvədə olub bu məsələni tənzimləyən qanunvericilik aktları ilə təzad təşkil edərsə, həmin tələbi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir” imperativ norması qarşısında geriyə şamil etmək mümkün olmayacaqdır.

Bununla birlikdə hesab edirik ki, hal hazırda qüvvədə olan Mülki Məcəllənin 987-ci maddəsi ilə “Qiymətli kağızlar və fond birjaları” haqqında Azərbaycan Respublikasının 24 noyabr 1992-ci il tarixli Qanunu ilə ziddiyyət təşkil etmir. Çünki hər iki qanunvericilik aktı emitent ilə sənədin mülkiyyətçisi arasında şifahi müqavilə münasibətin mövcud olmasını yetərli hesab edib.

Qeyd edək ki, eyni tənzimləmə Mülki Məcəllənin 15 may 2015-ci il tarixinə qədər qüvvədə olan 987.1-ci maddəsində eyni formada ifadə olunub. Belə ki, həmin normada deyilirdi ki, “Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir”.

Bu normadan isə məlum olur ki, hər hansı bir sənədin qiymətli kağız hesab oluna bilməsi üçün emitent ilə mülkiyyətçi arasında müqavilə münasibətinin varlığı Mülki Məcəllə 15 may 2015-ci il tarixinə qədər birbaşa tələb edilməyib. Yəni Mülki Məcəllə 15 may 2015-ci il tarixinə qədər də “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə” nəzəriyyəsi əsasında qiymətli kağızın anlayışını tənzimləyib və hər hansı bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün əsas iki şərtin varlığını tələb edib. Bunlardan birincisi qiymətli kağızın qanunla müəyyən edilmiş formada tərtib olunması, digəri isə, qiymətli kağızın iqtisadi dəyərə malik bir hüququ (məsələn tələb hüququnu, mülkiyyət hüququnu, pay hüququnu və sairəni) təsdiqləməsidir. Bu iki şərtin varlığı halında üçüncü şərt olan emitent ilə mülkiyyətçi arasında müqavilə münasibətin mövcud olduğunu isə qanun əksi sübut edilənə qədər qəbul edib. Bu qaydanın əksini iddia edən emitent, mülkiyyətçi ilə onun arasında etibarlı müqavilə münasibətinin olmadığını sübut etməlidir.

Məlum olduğu kimi, dövlət özəlləşdirmə çekləri emitenti olan Azərbaycan Respublikası dövləti tərəfindən qanunla müəyyənləşdirilmiş formaya riayət olunmaqla tərtib olunmuşdur. Bundan başqa bu çeklər iqtisadi dəyərə malik olan, vətəndaşlara dövlət əmlakından verilmiş əmlak payını (hüququnu) təsdiqləyir.

Yəni dövlət özəlləşdirmə çekləri həm Qiymətli kağızlar və fond birjaları haqqında Azərbaycan Respublikasının 24 noyabr 1992-ci il tarixli 383 saylı Qanunun, həm də Mülki Məcəllənin 987.1-ci maddəsinin qiymətli kağızlar üçün tələb etdiyi məcburi şərtlərə cavab verir.

Bu səbəblə dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikası vətəndaşı arasında “yazılı müqavilə” münasibəti yoxdur deyərək, həmin çeklərin qiymətli kağız olmadığını irəli sürmək qəbul edilməzdir.

Qeyd edilənlər əsasında xülasə kimi deyə bilərik ki, qiymətli kağızın emitenti ilə mülkiyyətçisi arasında yazılı müqavilənin olmaması, ümumiyyətlə müqavilə münasibətin qurulmadığı mənasına gələ bilməz. Çünki həmin müqavilə şifahi razılaşma ilə də bağlana bilər. Məhz dövlət özəlləşdirmə çekləri buna örnəkdir. Əsas məsələ dövlət özəlləşdirmə çeklərinin çıxarıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyi ilə qiymətli kağızlar üçün tələb edilən məcburi şərtlərə cavab verməsidir.

3. Mülki Məcəllənin 987.2-ci maddəsinin “hər hansı bir sənədin qiymətli kağızı olduğu Mülki Məcəllədə və Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununda birbaşa tənzimlənməlidir” qaydasının dövlət özəlləşdirmə çeklərinin hüquqi mahiyyətinə təsiri.

Qiymətli kağızlar ilə bağlı qəbul edilmiş beynəlxalq nəzəriyyələrdən biri də hər bir dövlət tərəfindən hansı sənədin öz ölkəsində qiymətli kağız olduğunun qanunla birbaşa tənzimlənməsinin zəruriliyidir. Bu nəzəriyyəyə görə, hər bir dövlət öz ölkəsində hansı sənədlərin qiymətli kağız olduğunu qanunla birbaşa tənzimləməlidir. Qiymətli kağız olduğu qanunla birbaşa tənzimlənməyən sənədlər qiymətli kağızlara bənzəsə də analogiya yolu ilə qiymətli kağız hesab edilə bilməz. Yəni bir sənədin qiymətli kağız sayıla bilməsi üçün tələb edilən üçüncü məcburi şərt həmin sənədin qanunda qiymətli kağız olduğunun açıq aydın ifadə olunmasıdır.

Məlum olduğu kimi, 29 sentyabr 1995-cil tarixli Azərbaycan Respublikası Qanunu ilə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu açıq aydın, birbaşa tənzimlənib.

Bununla birlikdə, Mülki Məcəllənin 987.2-ci maddəsinin halhazırda qüvvədə olan tələbində deyilir ki, “Qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu MəcəlləQiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Mülki Məcəllənin 987.2-ci maddəsinin tələbini də diqqətə alaraq deyə bilərik ki, hal hazırda mövcud qanunvericilik hər hansı bir sənədin qiymətli kağız ola bilməsi üçün 3 məcburi şərti tələb edir. Bunlardan birincisi həmin sənədin iqtisadi dəyərə malik bir hüquqi təsdiqləməsi, ikincisi müəyyənləşdirilmiş formaya uyğun tərtib olunması, üçüncüsü isə, Mülki MəcəlləQiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu ilə qiymətli kağız olduğu tənzimlənməsidir.

Bu üçüncü şərt məhz Mülki Məcəllənin 987.2-ci maddəsində öz əksin tapır. Orada deyilir ki, bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün həmin sənəd Mülki Məcəllə və Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətli kağızların növlərindən biri olmalıdır. Əks təqdirdə həmin sənəd qiymətli kağız deyildir.

Yəni qiymətli kağız növləri Mülki Məcəllə və Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununda məhdud formada sayılmış və bu sayılan növlərdən olmayan sənəd qiymətli kağız hesab olunmur.

Məlum məsələdir ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu Mülki Məcəllə və Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununda ifadə olunmur. Çünki dövlət özəlləşdirmə çekləri çıxardılırkən hələ Mülki Məcəllə və Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu mövcud deyildi.

Bu da məlum məsələdir ki, dövlət özəlləşdirmə çekləri ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş “I Dövlət Proqramı” ilə tənzimlənib. Qanunla təsdiqləndiyi üçün qanun qüvvəsində olan həmin Proqramın “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü abzasında deyilir ki, “Dövlət özəlləşdirmə payı - adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklə verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).

Bu normadan da məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunun ona verdiyi səlahiyyət əsasında “dövlət özəlləşdirmə payını” ilk dəfə qiymətli kağız olan çekə bağladı və bərabərliyin təmin oluna bilməsi üçün həmin çeklərin hamısının verildiyi an eyni (nominal) dəyərə malik olduğunu ifadə etdi.

Təbii ki, Mülki Məcəllənin 01.09.2000-ci ildə, Qiymətli kağızlar bazarı haqqında Qanunun da daha sonrakı tarixdə qüvvəyə mindiyini xatırlasaq dövlət özəlləşdirmə çeklərinin, həmin qanunvericilik aktlarında qiymətli kağız olduğu ifadə edilməsə belə 29 sentyabr 1995-cil tarixindən bəri qiymətli kağız olduğunu qəbul etməli oluruq.

Çünki Mülki Məcəllənin 987.2-ci maddəsindəki “qiymətli kağızların növləri ... Mülki Məcəllə və Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir” tələbi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir” imperativ norması və digər normaları qarşısında geriyə şamil oluna bilməz.

Bundan başqa 23 dekabr 2003-cü il tarixli № 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məclləyə əlavə edilmiş 1078-4.2-ci maddəsində deyilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızların növləri, emissiyası, tədavülü qaydaları və sair məsələlər bu Məcəllə və digər normativ hüquqi, o cümlədən normativ xarakterli aktlarla müəyyən edilir”.

Buradan məlum olduğu kimi, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 10.4-ci maddəsinin “eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir” imperativ qaydası qarşısında Mülki Məcəllənin 978.2-ci maddəsinin tələbinin Mülki Məcəllənin 1078-4.2-ci maddəsinə zidd olan hissəsi dövlət özəlləşdirmə çeklərinə tətbiq oluna bilməz.

Lakin Mülki Məcəllənin 1078-4.2-ci maddəsində 4 mart 2016-cı ilə taruxli 135-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmş dəyişkilikə dövlət əmlakının özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızların növlərinin, emissiyasının, tədavülü qaydalarınınsair məsələlərin normativ xarakterli aktlarla da müəyyən edilə biləcəyini ifadə olunması praktikada problemlərə səbəb ola biləcək mahiyyətdə olduğunu hesab edirik.

Bundan başqa yuxarıda qeyd edilən beynəlxalq nəzəriyyədə deyilir ki, hər hansı bir sənədin qiymətli kağızı olduğu qanunla tənzimlənir. Yəni beynəlxalq nəzəriyyələr belə qiymətli kağızın növünün qanun qüvvəsində olmayan normativ hüquqi aktlara həvalə etməkdən çəkinir.

Məlum olduğu kimi, 29 sentyabr 1995-cil tarixli Azərbaycan Respublikası Qanunu ilə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu açıq aydın, birbaşa tənzimlənib.

Nəticə: Məqalədə qoyulan suallar ilə bağlı hüquqi təhlilin cavabları əsasən əlaqədar bölmələrdə ifadə olunub. Bununla birlikdə xülasə kimi aşağıdakıların qeyd edilməsinin faydalı olacağını hesab edirik

Dövlət özəlləşdirmə çeklərin qiymətli kağızdır, onların çıxarılmasının hüquqi əsası da 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu ilə tənzimlənmiş “dövlət özəlləşdirmə paydır”.

Həmin Qanunun 18-cı maddəsində “Özəlləşdirmə payı” anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”.

Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair qəbul edilmiş ilk Dövlət Proqramı olan 29 sentyabr 1995-cil tarix I Dövlət Proqramı ilə Ulu Öndər Heydər Əliyevin sosialist rejimindən çıxaraq müstəqilliyini elan etmiş Respublikamızın dövlət əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası xalqına (vətəndaşlarına) əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərmişdir.

Həmin 29 sentyabr 1995-cil tarixli Azərbaycan Respublikası Qanunu ilə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu açıq aydın, birbaşa tənzimlənib.

Xülasə:

Qiymətli kağızlar ilə bağlı dünyada qəbul edilən hüquqi fəlsəfə, bu sahədəki beynəlxalq nəzəriyyələr, Azərbaycan Respublikası qanunvericiliyi diqqətə alınaraq deyə bilərik hər hansı bir sənədin qiymətli kağız sayıla bilməsi 3 əsas şərtin varlığına bağlıdır. Birincisi qiymətli kağızın qanunla müəyyən edilmiş formada tərtib olunması, ikincisi qiymətli kağızın iqtisadi dəyərə malik, özgəninkiləşdirilə bilən bir hüququ (məsələn tələb hüququnu, mülkiyyət hüququnu, pay hüququnu və sairəni) təsdiqləməsi, üçüncüsü isə, həmin sənədin qanunla qiymətli kağız olduğunun birbaşa tənzimlənmiş olmasıdır.

Məlum olduğu kimi, dövlət özəlləşdirmə çekləri emitenti olan Azərbaycan Respublikası tərəfindən qanunla müəyyən edilmiş formada tərtib olunub (1-ci şərt ödənilib), vətəndaşlara dövlət əmlakından verilmiş iqtisadi dəyərə malik dövlət özəlləşdirmə payı üzərindəki hüququ təsdiq edib (2-ci şərt ödənilib), 29 sentyabr 1995-cil tarixli Azərbaycan Respublikası Qanunu ilə qiymətli kağız olduğu açıq aydın, birbaşa tənzimlənib (3-cü şərt ödənilib). Bu səbəblə deyə bilərik ki, dövlət özəlləşdirmə çekləri 29 sentyabr 1995-cil tarixində bəri qiymətli kağızıdır.

Dövlət özəlləşdirmə çeklərinin emitenti ilə onun mülkiyyətçi arasında yazılı müqavilənin olmaması belə həmin sənədlərin mahiyyətinə təsir göstərə bilməz. Belə ki, qiymətli kağızlar ilə bağlı qəbul edilən üç beynəlxalq nəzəriyyə (“kreasyon” nəzəriyyəsi, “müqavilə” nəzəriyyəsi və “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə” nəzəriyyəsi) heç biri hər hansı bir sənədin qiymətli kağız sayıla bilməsi üçün emitent ilə sənədin mülkiyyətçi arasında yazılı müqavilənin mütləq qaydada bağlanmasını tələb etmir. Belə ki, həmin nəzəriyyələrdən biri ((“kreasyon” nəzəriyyəsi) ümumiyyətlə müqavilənin varlığını tələb etmədiyi halda, digər iksi isə, yazılı müqaviləni deyil, ümumiyyətlə müqavilə münasibətin var olmasını tələb edir. Məlum məsələdir ki, qiymətli kağızın emitenti ilə mülkiyyətçisi arasında yazılı müqavilənin olmaması, ümumiyyətlə müqavilə münasibətin qurulmadığı mənasına gələ bilməz. Çünki həmin müqavilə şifahi razılaşma yolu ilə də bağlana bilər. Məhz dövlət özəlləşdirmə çekləri buna örnəkdir. Yəni dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşı arasında şifahi müqavilə münasibəti mövcuddur. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payının (əmlak payının) qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə yenə dövlət tərəfindən çıxardılaraq təqdim olunmuşdur. Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətləri qurulub. Yəni dövlət çeki tərtib edib vətəndaşa verib və vətəndaş da həmin çeki qəbul edib. Bu durum tərəflər arasında razılaşmanın olduğunu, başqa bir ifadə ilə müqavilənin bağlandığını təsdiq edir.

Mübariz Yolçiyev - Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, vəkil

Sərvər Süleymanlı - Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti

Oxşar xəbərlər