Aliment tələbi hansı hallarda borclunun əmlakına yönəldilə bilər?


  • 19 Oktyabr 2022 12:38

Vətəndaşların qarşılaşdığı aktual hüquqi problemlərdən biri də aliment borcları ilə bağlıdır.

E-huquq.az-ın məlumatına görə, alimentin təyin edilməsi, şəxsin aliment ödəməkdən azad edilməsi və aliment borcunun şəxsin əmlakına yönləndirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Məcəllədə qeyd edilir ki, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər.

Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və ya başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

Bəs aliment tələbi hansı hallarda borclunun əmlakına yönəldilə bilər?

Qanunvericiliyə əsasən, aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və ya digər gəlirlərindən tutulur. Qazanc və ya digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

Şəxsin aliment ödəməkdən azad edilməsi hallarına gəlincə isə, alimentin ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Eyni zamanda məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Rəşid Qarayev

Oxşar xəbərlər