- 12 May 17:26
Əməlin ictimai-təhlükəliliyini aradan qaldıran hallar elə hallardır ki, bu halların mövcud olması ilə zahirən cinayətə bənzəyən əməllər qanunauyğun davranışa çevrilmiş olur. Cinayət hüquq nəzəriyyəsində qeyd edilən halların təbiətinə müxtəlif cür – əməlin ictimai-təhlükəliliyini, bəzən əməlin cinayət və cəzalanmalı olmasını, bəzən də qeyri-hüquqiliyini aradan qaldıran hal kimi qiymət verilmişdir.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində beş hal – «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında xüsusi fəsildə müəyyən edilmişdir. Belə hallara zəruri müdafiə (maddə 36), cinayət törətmiş şəxsin tutulması (maddə 37), son zərurət (maddə 38), əsaslı risk (maddə 39), əmrin və ya sərəncamın yerinə yetirilməsi (maddə 40) kimi hallar daxildir.
Bu məqalədə əməlin cinayət olmasını aradan qaldıran hallardan biri olan “zəruri müdafiə”dən ətraflı bəhs ediləcəkdir. Öncə cinayət qanunvericiliyimizdə bu məsələnin necə tənzimləndiyinə nəzər salaq:
- Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. (maddə 36.1)
- Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. (maddə 36.2)
- Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. (maddə 36.3)
Qanun ictimai-təhlükəli qəsdə məruz qalan şəxsin həmin qəsddən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyəti orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma məruz qalan şəxs ona qarşı yönələn qəsdi başqa vasitələrlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə (zəruri müdafiə həddini aşmamışsa) mövcud qəsdi aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir.
Əgər qanunvericiliyimizdə belə bir müddəa öz əksini tapmışdırsa, düşünürəm ki, oxuyucularımızın da bunun səbəbini və hüquqi-fəlsəfi mahiyyətini bilməsi məqsədəuyğun olar. Ümumiyyətlə özünümüdafiə bütün cəmiyyətlərdə və bütün zamanlarda hüquqauyğun sayılan bir hal olmuşdur.
Zəruri müdafiənin hüquqi təməli ilə bağlı bir sıra hüquqi-fəlsəfi fikirlər mövcuddur:
“Təbii hüquq” ideyasına görə, özünümüdafiə təbii hüquqdur və bu hüquq özünüqoruma instinktinin nəticəsi olaraq meydana gəlir. İnsanlar bəzən bu hüquqlarından cəmiyyətin xeyrinə imtina etsələr də, cəmiyyətin onları qoruya bilmədiyi anlarda onlar bu hüquqlarından istifadə edirlər. İnsanın özünü müdafiə etməsini hüququ normaları ilə qadağan etmək mümkün deyildir.
“Legitimlik” ideyasına görə, özünü müdafiə etmək məcburiyyətində qalan şəxs yalnız özünü müdafiə etmək məqsədi ilə hərəkət edər. Bu isə hüquqauyğun bir məqsəddir. Bu səbəbdən də, həmin şəxsə cəza verilməsi doğru deyildir.
“Hüquqların toqquşması” ideyasına görə iki hüquq qarşı-qarşıya gəldikdə dövlət daha üstün olan hüququ qorumaq məcburiyyətindədir. Zəruri müdafiədə üstün olan hüquq qəsdə (hücuma) məruz qalan tərəfin hüququdur və bu səbəbdən də, hücuma məruz qaldığı üçün zəruri müdafiə hüququndan istifadə edən tərəf cəzalandırılmaz.
“Cəmiyyətin mənafeyi” ideyasına görə isə zəruri müdafiə halında edilən hərəkət cəmiyyətin mənafeyinə zidd deyildir və hücuma məruz qalanın hüququ hücum edənin hüququndan daha üstündür.
Mövcud mənəvi normalar ictimai təhlükəli qəsdin qarşısını alan belə hərəkətlərə haqq qazandırır, ictimai və şəxsi mənafeyin pozulmasına qarşı, ədalətsizliyə qarşı barışmazlığı, ictimai borcun dərk edilməsini yüksək prinsip kimi elan edir. Zəruri müdafiə vəziyyətində yol verilən müdafiə hərəkəti ictimai faydalı olduğundan, hüquq qaydalarının möhkəmlənməsinə xidmət edir. Qeyri-hüquqi sayılmadığından belə hərəkətlərdə cinayət tərkibi olmur.
Cinayət hüququ zəruri müdafiə vəziyyətində icra edilən müdafiə hərəkətlərinə haqq qazandırmaqla yanaşı, bu hərəkətlərin hüquqi hesab edilməsi üçün müəyyən şərtlər nəzərdə tutur. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir:
Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtlərinə aşağıdakılar aiddir:
Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtlərinə aşağıdakılar aiddir:
Zəruri müdafiə həddini aşma ictimai təhlükəlidir və buna görə də cinayət məsuliyyəti yaranır. Zəruri müdafiə həddini aşmanın tərifinə görə müdafiə ilə qəsd arasında açıqdan-açığa uyğunsuzluq olmalıdır. Müdafiənin və qəsdin açıqdan-açığa uyğun olmaması, bunların zahiri tərəflərinin də uyğun olmamasını nəzərdə tutur. Belə uyğunsuzluq, ilk növbədə, müdafiə hərəkətlərinə yol verən şəxsə bütün aydınlığı ilə bəlli olur. Məsələn, bağından meyvə oğurlandığını görən bağ sahibinin oğurluq edən şəxsi odlu silahdan atəş açaraq öldürməsi. Bu nümunədə müdafiə hərəkəti açıqdan-açığa qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olmadığından, edilən “müdafiə” hərəkətləri qeyri-hüquqidir.
Zəruri müdafiə ilə “Əməlin cinayət olmasını aradan qaldıran hallar”dan biri olan son zərurət arasında müəyyən oxşarlıqlar olduğundan, bəzən bu iki hal bir-biri ilə qarışdırılır. Bu səbəbdən də, hesab edirəm ki, zəruri müdafiə ilə son zərurət halları arasında olan mühüm fərqlər də diqqətə çatdırılmalıdır. Zəruri müdafiə və son zərurəti bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır:
Son olaraq, xarici ölkələrin nümunəsində zəruri müdafiə vəziyyətinin tənzimlənməsinə nəzər salaq. Amerikada mövcud olan “Qala doktrinası” şəxsə onun əmlakını, şəxsiyyətini və ictimaiyyəti təhdid edən hər şeydən onlara qarşı cinayət məsuliyyətindən qorxmadan müdafiə etməyə imkan verir. “Qala doktrinası” termininin özü 1604-cü ildə İngiltərənin Baş prokuroru ser Edvard Koka aid edilir və o, Semaynenin işində (1604) bildirir ki, “hər kəsin evi onun üçün qaladır, müdafiəsi, rahatlığı üçündür." Bəzi dövlətlər qala doktrinasını şəxsin iş yerinə və avtomobilinə qədər genişləndirir.
Sonda isə bildirmək istəyirəm ki, zəruri müdafiə yalnız yazılı qanun deyil, doğuşdan bəri var olan qanundur. Biz bunu yaratmırıq, təbiətin özündən həqiqət kimi qəbul edirik.
İbrahim Hüseynov
"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili