Nə üçün məhkəməyə yox, mediasiyaya müraciət etməliyik?


  • 8 Sentyabr 2021 14:52

Müsahibimiz Mediasiya Şurasının üzvü, Mediator Orxan Cəfərbəylidir

- Orxan bəy, sizinlə mediasiya haqqında danışacağıq. Əvvəlcə bizə mediasiya haqqında qısa məlumat verməyinizi xahiş edirəm. Mediasiya nədir?

Sualınıza görə təşəkür edirəm. Əvvəlcə onu qeyd edim ki, mediator sözünün hərfi mənası vasitəçi deməkdir. Mediasiya isə mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Mediasiya haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunan prosesdir. Yəni, qısaca olaraq tərəflər arasında yaranmış müəyyən kateqoriyaya aid mübahisələrin məhkəmədənkənar həll edilməsi üçün bir alternativdir.

- Kimlər Mediator ola bilər?

25 yaşı tamam olan, ali təhsilli və ən azı 3 illik iş stajına malik olan şəxslər mediator olmaq üçün aidiyyatı üzrə müraciət edə bilər. Xeyr, mediatorun hüquqşünas olması barədə tələb yoxdur. Müvafiq tələbləri ödəyən şəxslər müraciət edərək mediatorların hazırlıq proqramı üzrə təlim uğurla başa vurmalıdır. Bunu təsdiqləyən sertifikatı aldıqdan sonra peşəkar mediatorların reyestrinə daxil edilir.

- Bəs kimlər mediator ola bilməz?

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər

- Mediasiya prosesi tərəflərə nə kimi üstünlüklər vəd edir? Sizcə vətəndaş niyə məhkəməyə yox məhz mediasiyaya müraciət etsə daha uğurlu nəticə əldə edəcək?

Qeyd etməliyəm ki, mediasiya məhkəmədən bir çox xüsusiyyətləri ilə fərqlənir. İnsanlar məhkəmə prosesində fikirlərini daha aydın ifadə etməyə çəkinirlər. Həm də təcrübəli mediator elə şərait yaradır ki, tərəflər özlərini ifadə etməkdən çəkinməsinlər. Məsələn, mediator tərəflərlə fərdi, eyni zamanda birgə müzakirələr aparır. Ayrıca mediasiya prosesində konfliktlərin həlli tək qanunlarla deyil, eyni zamanda tərəflərin iradəsi əsasında tənzimlənir. Müzakirələr açıq aydın olmalıdır. Azad fikrə dəyər verilməlidir. Tərəfləri başa düşə bilmək üçün lazımı suallar verilməli və heç nə cavabsız qalmamalıdır. Bütün tərəflərin fikrinə hörmətlə yanaşılmalıdır. Ən önəmli hissə odurki burda tərəflər özləri qərar verirlər və işin mediasiya ilə həlli tərəflərin vaxtlarına və resurslarına qənaət edir.Məhkəmədən fərqli olaraq mediasiyada tərəflərin üzərinə tərəflər istəmədiyi hər hansı bir öhdəlik qoyulmur.

- Mediator proses zamanı hansı prinsiplərə əməl etməlidir?

Hər bir qanun layihəsi və ya hər hansı bir hüquqi akt tərtib olunarkən onun məqsəd və prinsipləri olur. Çünki həmin qanunun mahiyyətini anlamaq üçün onun məqsəd və prinsiplərini bilmək vacibdir. Belə ki, mediator da öz növbəsində mediasiya haqqında qanunun prinsipləri əsasında öz fəaliyyətini tənzimləməlidir. Buprinsiplərə könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq aiddir.

- Mediasiya prosesində tərəflərin hüquq və vəzifələri nələrdir?

Mediasiya könüllü (Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər.

Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir.Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, Mediasiya Haqqında Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər.Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar.Tərəflərin mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək, mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək,mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq hüquqları vardır.

Vəzifələri isə bunlardır:

1)barışıq sazişinin icrasını təmin etmək;
2)mediasiya prosesinin konfidensiallığını qorumaq;
3)Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

- Mediatorun hüquq və vəzifələri nələrdir?

Mediatorun öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək, tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq, mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək, konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq, nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq və qanunla müəyyən edilmiş digər hüquqları vardır.

Mediatorun vəzifələri Qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək,

mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək,mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək, mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;

- Məhkəmə proseslərində tərəflər hakimin qərəssizliyinə şübhə ilə yanaşdıqda etiraz etmək hüququna malikdir. Eyni zamanda hakimin də öz-özünə etiraz etməsi qanunla müəyyən olunmuş hallarda mümkündür. Bəs mediasiya prosesində bu necə tənzimlənir?

Mediasiya zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər. Mediator bu Qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə,qərəzlı yanaşmanı hiss etdikdə,maraqlar toqquşması olduqdal medator özü-özünə etiraz etmədikdə mediatora etiraz edə bilər vəya prosesin xitamını tələb edə bilər. Mediator mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina edə və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam verə bilər.

- Mediator hansı hallarda qərəzli sayıla bilər?

Mediasiya haqqında qanunda qeyd edildiyi kimi, mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir. Yuxarıda qeyd edilənlərin əksi olduqda yəni, mediator mediasiya prosesi aparılan zaman hər hansı bir fiziki şəxsin və ya təşkilatın müdaxiləsinə mane olmursa, tərəflərdən birinin maraqlarını digərinə nisbətdə daha üstün tutursa, fəaliyyəti zamanı qərəzsizliyinə mane olan hallar olduqda mediasiya aparmaqdan imtina etmirsə o, qərəzli sayıla bilər. Müəyyən hallar var ki, ilk baxışda qarşı tərəfdə şübhə yaradır ki, bu qərəzli yanaşmadır. Lakin həmin hallar qərəzli sayılmamalı, əksinə bu zaman həmin hərəkətlər mediator tərəfindən həyata keçirilməzsə mediasiya uğursuz nəticələnə hətta daha böyük problərin baş verməsinə gətirib çıxara bilər.

- Qeyd etdiyiniz məsələ ilə bağlı nümunə verə bilərsinizmi?

Məsələn, ailə mediasiyası zamanı uşağın kimin yanında qalması məsələsi ortaya çıxır. Bu zaman mediator uşağın mənafeyinə üstünlük verməlidir. Belə ki, gələcəkdə uşağın ananın (atanın) yanında qalması barədə razılığa gəlinməsi mərhələsində ananın (atanın) narkomaniyadan əziyyət çəkməsi, cinayət törətməyə meyilli olması, psixi pozuntuları olması barədə mediatorda əsaslı şübhələr yaranarsa dərhal qəyyumluq və himayədarlıq orqanına müraciət etməlidir. Digər tərəfdən mediator qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq barışıq sazişi əldə olunacağı qənaətinə gəlirsə mediasiya prosesini aparmaqdan imtina etməkdə haqlıdır.Eyni zamanda qanunvericilik tələb edir ki ağır, və ya xüsusilə ağır cinayət barəsində mediatorlar məlumat alarsa bu barədə aidiyyatı qrumlara məlumat verməyə borcludur. Bu kimi hallar qərəzli sayılmır.

- Mediator tərəflərdən hansı sənədləri tələb edə bilər?

Tərəflərə dair rəsmi məlumatları, rekvizitləri, mübahisə predmetinə aid olan sənədləri, şəxslərin mediasiyaya dair xüsusi halları təsdiq edən sənədləri və sair.

Oxşar xəbərlər