Mediasiya ilə bağlı təcrübədə rast gəlinən problemlər və onları həlli qaydası


  • 22 İyun 2022 13:42

Təcrübəyə nəzər yetirdikdə müəyyən olunur ki, bəzi hallarda tərəfin mediasiya təşkilatına (mediatora) müraciət etməsindən sonra mediasiya prosesinin davam etdirilməsi istiqamətində bir sıra çətinliklər meydana çıxır.

Bu çətinliklər biri də tərəfin mediasiya prosesinin davam etdirilməsində maraqlı olmamasıdır. Maraqlı olmama dedikdə, tərəfin (müraciət edən şəxsin) mediasiya prosesinin davam etdirilməsini müəyyən səbəbdən istəməməsi başa düşülür. Burada səbəb müxtəlif ola bilər, məsələn, ər-arvad arasında nikahın ləğvi ilə bağlı mübahisənin davam etməməsi və sair. Bəzən bu səbəblərə adi hərəkət də aid edilir; məsələn, tərəf (müraciət edən şəxs) eyni zamanda iki mediasiya təşkilatına (mediatora) müraciət edir və bir mediatordan mediasiya prosesinin yekununa dair sənədi əldə edir, yəni mediasiya prosesinə xitam verilir. Bu halda ikinci mediator hansı hərəkətləri etməlidir, yaxud müraciətlə bağlı hansı nəticəvi hərəkəti rəsmiləşdirməlidir?

Yaranmış vəziyyətlə bağlı konkret olaraq “Mediasiya haqqında” Qanunda hər hansı bir müddəa nəzərdə tutulmayıb. Lakin Qanunda müəyyən edilən normalara uyğun olaraq qeyd etməyi zəruri hesab edirik ki, yaranmış mübahisə aşağıdakı qaydada həll olunmalıdır:

1. Əgər tərəfin (müraciət edən şəxsin) müraciəti “Mediasiya haqqında” Qanunun tələblərinə cavab vermirsə (məsələn, müraciət aidiyyət qaydalarına əməl olunmadan edilmişsə s.) o zaman müraciət “Mediasiya haqqında” Qanunun 28.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlı tərəfə geri qaytarılmalıdır. Geri qaytarılma ilə bağlı Qanunda hər hansı bir müddəa nəzərdə tutulmadığından bu vəziyyətdə hüququn və qanununun analogiyasından istifadə edilməsi mümkündür. Bu halda geri qaytarılma müvafiq qərarla (qanunvericilikdə mediatorun qərar qəbul etmək səlahiyyətinin olmamasını nəzərə alaraq) deyil, sadəcə məktubla həyata keçirilməli və tərəfə geri qaytarılma əsası göstərilməklə, yenidən müraciət hüququ izah edilməlidir. Geri qaytarılma məktubu bütün hallarda mediator tərəfindən imzalanmalı və göndərilməlidir.

Mediasiya təşkilatına gəlincə, təşkilatın müraciəti araşdırmaq, müraciətin “Mediasiya haqqında” Qanuna uyğun olaraq edilməsini müəyyən etmək səlahiyyəti yoxdur, nə qədər ki, müraciət mediator tərəfindən baxılır o zaman təşkilatın belə bir hüququnun olması anlaşılmazdır. Təşkilat bütün hallarda ona daxil olan müraciəti baxılması üçün mediatora yönəltməli, müraciətin artıq icraata qəbul edilib-edilməməsi məsələsini mediator həll etməlidir, o cümlədən geri qaytarılma məsələsini də.

2. “Mediasiya haqqında” Qanunun 21.5-ci maddəsinə uyğun olaraq mediasiya prosesi Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

Qanunun 28-ci və 29-cu maddəsində də nəzərdə tutulduğu halda prosesə başlama 21.6-cı maddəsində nəzərdə tutulan təklifin göndərilməsindən sonra həyata keçirilir. Anlaşılan odur ki, yuxarıda qeyd etdiyimiz çətinlik vəziyyətində şəxsin təkrar müraciəti üzrə mediasiya prosesi onun qarşı tərəfə təklif göndərdiyi andan başlamış və birinci mediator tərəfindən xitam edilməsi ilə yekunlaşmışdır. Eyni halda baxılmış və bitmiş mediasiya işinə yenidən baxılması mümkün deyildir, bu halda tərəfin müraciətinə baxılmasında artıq bir dəfə xitam verilməsi nəzərdən qaçmamalıdır. Lakin müraciət düzgün edildiyi üçün, yəni Qanunda nəzərdə tutulan formaya riayət olunduğu üçün onun geri qaytarılması düzgün deyildir. O zaman mediator hüququn və qanunun analogiyasından istifadə edərək müraciət üzrə müvafiq olaraq hərəkət (mediasiya prosesi ilə bağlı tərəflərə bildiriş göndərmək) etməmişsə mediasiya prosesindən imtina edilməsi ilə bağlı müvafiq protokol tərtib edir. Əgər müvafiq hərəkət (mediasiya prosesi ilə bağlı tərəflərə bildiriş göndərmək) edilmişsə, o zaman mediator xitam barədə (məsələn, 32.1.3-cü maddəyə uyğun olaraq və s.) protokol tərtib etməlidir.

Yekun olaraq, “Mediasiya haqqında” Qanunda yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı konkret müddəaların nəzərdə tutulmamasına qədər hüququn və qanunun analogiyasından istifadə edilərək oxşar qanunların (məsələn Mülki Prosesual Məcəllə və s.) müddəalarından istifadə edilməsi mümkündür.

Paşa Səfərov

Bakı 3 saylı Mediasiya Təşkilatının direktoru

Oxşar xəbərlər