"İlk vaxtlar insanlar elə başa düşürdülər ki, mediasiya məhkəməyə getmək üçün arayış almaq mərhələsidir"


  • 4 İyul 2022 11:21

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Gülnar Qulizadənin e-huquq.az-a müsahibəsi

Artıq bir ildir ki, mediasiya institutu fəaliyyətə başlayıb. Ötən müddət ərzində mediasiya sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

- 29 Mart 2019-cu il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. “Mediasiya haqqında” qanunun qəbulu Azərbaycanda davam edən məhkəmə-hüquq islahatlarının tərkib hissəsidir. 1 iyul 2021-ci il tarixindən etibarən isə iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburi oldu. Fəaliyyətə başladığı qısa zaman ərzində müəyyən problemləri olsa da, Mediasiya Şurasının bir sıra uğurlara imza atdığını söyləmək olar. Bütün yeni yaranmış qurumlarda müəyyən çətinliklər olur. Çünki əhalinin bir çox hissəsi prosesin mahiyyətini və faydasını, üstünlüklərini tam anlamır və ona formal proses kimi yanaşırdılar. Mediasiya mübahisə edən tərəflərə, məhz öz aralarında danışıqları inkişaf etdirməklə yeni imkanlarr açır və hər bir tərəf öz mənafeyinə uyğun gələn maraqlar daxilində uzunmüddətli barışığa gedir. Məhz buna görə də mediasiya sosial baxımından faydalı, zəruri və dəyərli bir institutdur. İlkin yarandığı dövrdə bütün iş yükü Mediasiya Şurasının üzərinə düşmüşdü. Sonradan artıq təşkilatlar yaranmağa başladı və mediatorlar ölkə üzrə fəaliyyət göstərən təşkilatlarda xidmət etməyə davam etdilər. Son bir il ərzində 20-yə yaxın mediasiya təşkilatı yaranıb və fəaliyyət göstərir. Bundan əlavə, medatorlar müxtəlif təlimlərə cəlb olunublar. Bir çox dövlət orqanları və qurumları ilə Mediasiya Şurası arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Onlardan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşmanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə Mediasiya Şurası arasında əməkdaşlığa dair memorandumu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə imzalanmış əməkdaşlıq haqqında memorandumu və sair misal göstərmək olar.

Mediasiya institununun yaradılmasında məqsədlərdən biri də məhkəmələrin iş yükünün azaldılmasından ibarət idi. Sizcə, buna nə dərəcə nail olunub?

- Mediasiya proseslərinin tətbiqi nəticəsində gözlənilən ən böyük nəticələrdən biri məhkəmələrdə iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasıdır. Məhkəmələrdə iş yükünün azalması həm də məhkəmə proseslərinin keyfiyyətini artırır. Digər qeyd edilməli məsələ isə mediasiya proseslərinin məhkəmə prosesləri ilə müqayisədə qısamüddətli olmasıdır. Belə ki, icraatımda olan olan və barışıqla bitən işlərin bir çoxu məhkəmədən kənar öz həllini tapıb. Bunlardan ailə mübahisəsinə daxil olan alimentin artırılması, valideynin uşaqla ünsiyyəti, uşağın valideynlərdən birinin razılığı olmadan ölkə xaricinə çıxarılması, əmlak bölgüsünü misal göstərmək olar. Bunları nəzərə alaraq ürəklə deyə bilirəm ki, icra olunan mediasiyanı uğurlu sayıram və fikrimcə, yeni mexanizm məhkəmələrin iş yükünün azalmasına təsir edib.

Gülnar xanım, sizcə, cəmiyyətdə mediasiyaya inamın formalaşması üçün hansı addımlar atılmalıdır?

- Fəaliyyətə başladığımız ilk günlər təcrübə çətin oldu, amma uğurlarımız da var. İlk vaxtlar insanlar elə başa düşürdülər ki, mediasiya məhkəməyə getmək üçün bir arayış almaq mərhələsidir. Onlar bəzən işi məhkəməyə aparmaq üçün arayış tələb edirdilər. Lakin sonrdan tərəflər mediasiya gəldikdə onların üstünlüklərini bildikdən sonra fərqli düşündüklərinin şahidi oldum. Mediasiya inamın formalaşması üçün müəyyən zaman lazımdır. Bəzi qanunvericilik aktlarımız insanlarda inamın formalaşmasına mənfi təsir edir. Belə ki, qanunvericiliyin tələbinə əsasən nikah qeydiyyat evində və məhkəmə qaydasında pozulmalıdır. Tərəflər ailə mübahisəninin (nikahın ləğvi üçün) mediasiya prosessinə gəlir, ilkin və tam mediasiya prosessi keçirilir, hər iki tərəf nikahın pozulmasına razı olduqlarını bəyan edir, uşaqların hansı valideynin yanıda qalması, aliment tələbi, hətta uşaqla ünsiyyət belə saziş ilə öz həllini tapır. Tərəflər işin qısa zaman ərzində, əlavə xərclər olmadan həll olunmasına sevinsələr də, sonda nikahın yalnız məhkəmə qaydasında pozulmasını bildirdikdə çox məyus olurlar. Bu cur hallara bir neçə başqa misallar da göstərmək olar. Hesab edirəm ki, gələcəkdə qanunvericiliyə dəyişiklik olarsa və mediasiya prosessində bağlanmış saziş hüquqi nəticə üçün əsas olarsa, o zaman cəmiyyətdə bu instituta inam daha çox formalaşar.

Maraqlıdır, siz mediator olaraq tərəfləri necə razılığa gətirirsiniz?

- Mediasiyanın məqsədi ondan ibarətdir ki, tərəflər arasındakı münaqişə azaldılsın və mübahisə onları razı salacaq şəkildə həll edilsin. Təbii ki, bu məqsədə nail olmaq üçün bir sıra prinsiplər vardır ki, mediasiyanın onlara əməl edilmədən həyata keçirilməsini təsəvvür etmək olmaz. Bu prinsiplər könüllülük, tərəflərin hüquqi bərabərliyi və əməkdaşlığı, mediatorun qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yol verilməzliyi və konfidensiallıqdır. Mediasiya prosessinin səmərəli olması üçün ilk öncə tərəflərə mediasiyanı sevdirmək, mahiyyətini tam izah etmək lazımdır. Əgər tərəflər işin mahiyyətini və üstünlüklərini başa düşməzsə, mediasiya prosessi üçün əlverişli mühit yaranmır. Prosesə başlamazdan əvvəl mediator olaraq mediasiya üsulunu seçirəm. Öncə neytral mövqe tuturam və sadəcə olaraq tərəflər arasında danışıqların normal gedişini təmin etməyə, münaqişə və gərginliyin yaranamamısına çalışıram. Şəxsi təcrübədən çıxış edərək bildirmək istəyirəm ki, tərəflər üçün səmimi ortam yaratmaq lazımdır. Bunun üçün onlarla bəzən zarafat edir, həyat təcrübəmdən misallar çəkirəm. Çünki təcrübə onu göstərir ki, səmimi olmayan, gərgin mühitdə tərəflər öz problemlərini gizlədir, bu barədə danışmaq istəmir, əksinə qısa zaman ərzində mediasiya prosessini yekunlaşmasını arzulayırlar. Mediasiyada qərarları tərəflər qəbul edir, mediator isə sadəcə bütün proses boyu neytralllığını və qərəzsizliyini qorumaqla əməkdaşlıq əsasında saziş əldə etməkdə tərəflərə kömək edir. Mediasiya prosesslərində uğurlu nəticə əldə etməyin sirrlərindən biri də mediatorun səbrli olmasıdır. İşə səbrlə yanaşmaq xüsusiyyətim mediasiya prosesslərində mənə çox kömək edir. Belə ki, insanlar müxtəlif olduğu üçün, problemlər də müxtəlifdir. İlkin baza təlimləri zamanı bizə öyrədilmişdi ki, ilkin mediasiya prosessinə təxminən 15-20 dəqiqə vaxt ayırmaq lazımdır. Mən isə təcrübədə heç vaxt bu vaxtı güdməmişəm. Təkcə ilkin mediasiya prosessində işə 1-2 saat, bəzən isə başqa günə təxirə salmaqla prosesi keçirirəm.

Bəs təcrübədə mediasiya ilə bağlı hansı problemlərlə qarşılaşırsınız?

- Yuxarıda da qeyd etdiyim kimi, təcrübədə rastlaşdığım problemlər ondan ibarətdir ki, mediasiyada bağlanmış saziş sonrdan bəzi digər dövlət orqanlarında icra olunan zaman problemlər yaranır. Bu da vətəndaşın haqlı razılığına səbəb olur. Ona görə də hesab edirəm ki, qanunvericilik aktlarımız “Mediasiya haqqında” qanuna uyğun olaraq dəyişdirilməlidir. Əgər bu dəyişikliklər olarsa, mediasiya institutunun daha gözəl nəticələr verəcəyinə əminəm.

Xəyalə Bünyatova

Oxşar xəbərlər