Məhkəmələrin 2025-ci ildə fəaliyyəti: inkişaf, çətinliklər və gözləntilər - RƏYLƏR


  • 7 Yanvar 14:41

Hər il olduğu kimi, ötən il də məhkəmə sisteminin fəaliyyəti hüquq ictimaiyyətində geniş müzakirə mövzusu olub. İl ərzində məhkəmələrin işi, qəbul olunan qərarlar, prosessual yanaşmalar və praktiki çətinliklər bu müzakirələrdə yer alıb.

Maraqlıdır, vəkillər 2025-ci ildə məhkəmələrin fəaliyyətini necə qiymətləndirirlər? Məhkəmələrin fəaliyyətinə dair fikirləri necədir və 2026-cı il üçün gözləntiləri nədən ibarətdir?

E-huquq.az mövzu ilə bağlı onların fikirlərini öyrənib.

Şulan Nağıyev deyib ki, son illərdə məhkəmə-hüquq sistemində aparılan islahatların davamı olaraq, 2025-ci il institusional təkmilləşmə və yüksək rəqəmsallaşma dövrü kimi yadda qalıb: "Xüsusilə, "Elektron məhkəmə" sisteminin funksionallığının artırılması, vahid məhkəmə təcrübəsinin müntəzəm yenilənməsi və prosessual müddətlərə ciddi riayət edilməsi vəkillərin peşə fəaliyyətini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Məhkəmələrdə bərabərlik prinsiplərinə söykənən vahid yanaşmanın tətbiqi və işlərə obyektiv baxılması vətəndaşların hüquq sisteminə inamını daha da möhkəmlənib. Bir vəkil olaraq deyə bilərəm ki, bu inkişaf həm ədalət mühakiməsinin keyfiyyətini yüksəldir, həm də hüququn aliliyi prinsipini daha da möhkəmləndirir. 2026-cı il üçün əsas gözləntim videokonfrans vasitəsilə məhkəmə iclaslarının daha geniş və praktik şəkildə tətbiq olunmasıdır. Hazırda paytaxtda fəaliyyət göstərən vəkillərin uzaq regionlarda yerləşən məhkəmələrdə iştirakı həm ciddi vaxt itkisinə, həm də əlavə maddi xərclərə səbəb olur. Həmçinin regionlarımızda yaşayan vəkillərin digər ərazilərdə iclaslarda iştirak etməsi üçün tez-tez səfər etməsi işlərinin səmərəliliyinə mənfi təsir göstərə bilir. Bu hal bəzən də vətəndaşların ixtisaslı vəkil seçimi imkanlarını məhdudlaşdırır. Videokonfrans mexanizminin normativ və texniki baxımdan təkmilləşdirilməsi və genişləndirilməsi məhkəmə baxışlarının operativliyini artıracaq, vəkillərin bir neçə prosesi eyni anda idarə etməsinə imkan yaradacaq və vətəndaşların hüquqi yardıma çıxışını asanlaşdıracaq. Eyni zamanda, vahid məhkəmə yanaşmalarının daha da genişləndirilməsi və formal səbəblərlə müraciətlərdən imtina hallarının azalması məhkəmə sisteminə inamı daha da yüksəldəcək və Azərbaycan Respublikasının məhkəmə sisteminin müasir dünya standartlarına uyğunlaşmasını sürətləndirəcək".

Emin Kiçikbəyovun sözlərinə görə, 2025-ci il məhkəmələrin fəaliyyəti baxımından ümumilikdə inkişaf ili kimi yadda qalıb: "Hakimlərin sayı artırıldı, hakimlərə və işçilərə təlimlər keçirildi. Bu da Ali Məhkəmənin sədri və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun tapşırıqları əsasında həyata keçirilib. Bu baxımdan da bütün vəkillərin adından İnam müəllimə şəffaflığı təmin etdiyi üçün və məhkəmə sistemini gücləndirdiyi üçün təşəkkürümüzü bildiririk. Həmçinin 2025-ci ildə məhkəmə sistemində texnoloji yeniliklər daha çox tətbiq olundu, elektron xidmətlər genişləndi və vətəndaşların məhkəməyə müraciəti əvvəlki illərlə müqayisədə daha əlçatan oldu. Bir çox proseslərdə sənəd dövriyyəsi sürətləndi, məhkəmə iclaslarının təşkili daha sistemli aparıldı. Eyni zamanda, hakimlərin bir hissəsinin qərarları daha əsaslandırılmış yazması, hüquqi arqumentlərə diqqətin artması müsbət hal kimi qiymətləndirilə bilər. Bu, məhkəmə sisteminin tədricən daha şəffaf və peşəkar istiqamətdə inkişaf etdiyini göstərir. 2026-cı il üçün gözləntilər isə daha da ümidvericidir. Hüquq sahəsində çalışanlar və vətəndaşlar məhkəmələrdən artıq daha sabit, ardıcıl və keyfiyyətli fəaliyyət gözləyir. Əsas məqsəd məhkəmə qərarlarının aydın, anlaşılır və vahid yanaşma əsasında verilməsidir. Proseslərin daha qısa müddətdə yekunlaşması və tərəflərin hüquqlarının bərabər qorunması xüsusi önəm daşıyır. 2026-cı ildə gözləntimiz məhkəmə proseslərinin daha operativ aparılması, qərarların sadə və əsaslandırılmış dildə yazılması, hakimlərin ixtisaslaşmasının artırılması, vəkillərin və tərəflərin mövqeyinə daha çox diqqət yetirilməsi,məhkəməyə inamın daha da güclənməsidir. 2025-ci il möhkəm təməl ili oldu. 2026-cı ilin isə bu təməl üzərində daha güclü, daha ədalətli və vətəndaş mərkəzli məhkəmə sistemi formalaşdıracağına ümidim var. Çalışmalıyıq ki, bir xalq olaraq hüquq sistemini birlikdə gücləndirək və inkişaf etdirək".

Hikmət Əmiraslanov isə sualımıza cavabında belə deyib: "Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanından sonra bu sahədə islahatlara başlanıldı. Məhkəmələrin işində müəyyən dəyişikliklər olsa da, bu islahatların nəticəsi bir qədər gecikdi. Bunun əsas səbəblərindən biri hakimlərin seçilməsi prosedurunun çətinliyi və məhkəmələrdəki iş yükünün çox olması idi. Nəticədə, məhkəmələr bəzən vaxtında başlamır, hakimlər çox işlə üzləşir və bu da müxtəlif problemlərə səbəb olurdu. Lakin sonrakı mərhələlərdə Məhkəmə-Hüquq Şurası hakimlərin sayını artırmaq üçün addımlar atmağa başladı. Bu artım öz təsirini göstərdi. Amma bu gün də məhkəmələrin hakim korpusunun ştat sayı 800 olsa da, faktiki olaraq yalnız 678 hakim fəaliyyət göstərir. Bu, hələ də kifayət etmir. Fikrimcə, bölgələr üzrə rayon məhkəmələrində iş yükü çox olsa da, orada fəaliyyət daha səmərəli olub. Məsələn, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyası daha operativ şəkildə fəaliyyət göstərir və məhkəmələr vaxtında başlanır, qərarlar daha tez qəbul edilir. Bu da vətəndaşların məhkəməyə olan münasibətinə müsbət şəkildə təsir edir. Təcrübə formalaşır, işlər daha sürətli və peşəkar şəkildə görülür. Məlum olduğu kimi, ötən ilin sonunda Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə yeni hakimlər təyin edilib. Bu, iş yükünün bir qədər azalmasına səbəb olacaq. Yeni hakimlər daha müasir yanaşmalarla gəlir və bu, işin operativliyinə müsbət təsir göstərir. Gənc hakimlərin təcrübəsi yetərli olmasa da, onlar iş üzrə daha geniş araşdırmalar aparır. Gənc hakimlərin işə yanaşmalarını müsbət qiymətləndirirəm. Vəkillər olaraq, bizim gözləntimiz tam obyektivlik və şəffaflığın artmasıdır. Düşünürəm ki, inkişaf hələ də davam etməlidir. Yeni dövr texnologiyanın inkişafını tələb edir və elektron sistemlər artıq yaradılıb. Bu sistemlər işlərin daha rahat həllinə imkan verir, baxmayaraq ki, bəzi problemlər mövcud olsa da, onlar artıq həll olunmaqdadır".

Mirdamət Qədirli ötən il müşahidə etdiyi müsbət və mənfi hallardan bəhs edib: "Mənim üçün 2025-ci ildə məhkəmələrin fəaliyyəti əksər hakimlərin ittiham hökmlərini təsdiq etməsi və bəzi hakimlərin isə işləri dərindən araşdırması ilə yadda qaldı. Bəzi hakimlərin işi həqiqətən də dərindən araşdırması və düzgün hüquqi qiymət verməsi məni valeh etdi. Lakin mənim üçün 2025-ci ildə məhkəmə tarixində qara ləkə kimi qalan iş isə kassasiya instansiyası məhkəməsində eyni qəbildən olan iki işdə fərqli qərarlar qəbul edilməsi olub. Bununla bağlı tərəfimdən müxtəlif yerlərə müraciətlər olundu. Hansı tərkibin doğru, hansı tərkibin yanlış qərar qəbul etdiyi barədə soruşdum, amma heç bir cavab almadım. Bu, o deməkdir ki, bəzi hakimlər hələ də vahid məhkəmə təcrübəsi əsasında yox, öz istədikləri kimi fəaliyyət göstərirlər. Ümumilikdə, 2025-ci ildə məhkəmələrin fəaliyyətini orta səviyyədə, yəni nə tam qənaətbəxş, nə də tam uğursuz dəyərləndirirəm".

Nərmin Əliyeva da 2025-ci il üçün məhkəmələrin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirib: "Lakin bəzi hakimlərə münasibətdə ciddi xüsusi təlimlərin təşkili vacibdir. Əks halda, bu neqativ məsələlər aparılan müsbət islahatlara yalnız kölgə salacaq. Mənim gözləntilərimdən biri işə baxılma müddətləri ilə bağlı xüsusi nəzarət mexanizminin formalaşdırılmasıdır. Çünki adi iddialara münasibətdə işlərə bəzən aylarla baxılır. İnzibati işlərdə müddət məsələsi çox önəmlidir və bu cür süründürməçiliklər ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsir göstərən amildir. Məni narahat edən məsələlərdən biri də Abşeron Rayon Məhkəməsində iş yükünün çox, hakim sayının isə az olmasıdır. Ümid edirəm ki, burada köklü islahatlar həyata keçirilər. Bundan əlavə hesab edirəm ki, ümumiləşmiş məhkəmə təcrübəsi bəzən hakimləri "robotlaşdırır", işin fərdi halları ilə maraqlanmadan sadəcə "Ali Məhkəmənin mövqeyi budur" deyərək işlərini asanlaşdırırlar. Vahid məhkəmə təcrübəsi ilə bağlı təkmilləşdirmə işlərinin aparılması zəruridir. "Elektron məhkəmə" sistemi ilə bağlı köklü islahatların aparılması daha faydalı olardı. Sistemin imkanlarını genişləndirmək zəruridir, çünki bəzi sübutların təqdim edilməsi mümkün olmur, sistem bu funksiyanı dəstəkləmir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər