Ailə və mülki qanunvercilik kontekstində rəqəmsal aktivlərin bölünməsi və rəqəmsal irsin vərəsəlik problemləri


  • 09:27

Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Mülki Məcəlləsi ər-arvadın əmlakının bölünməsi zamanı əsasən ənənəvi bölünmə və vərəsəlik qaydalarını(vərəsəlik üzrə növbəlilik, vəsiyyət, məcburi pay və.s) əhatə etsə də, rəqəmsal aktivlər kimi müasir dövrün gətirdiyi yeni məsələləri özündə tam şəkildə ehtiva etrmir.

Yaxın gələcəkdə ər-arvadın əmlakının bölünməsi zamanı və ya ölənin fiziki əmlakı kimi onun rəqəmsal aktivlərinin taleyinin necə həll olunmalıdır sualının yaranması qaçınılmaz olacaqdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.)

2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Həmin Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Həmçinin, Qanunvericilik Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylarının bərabər hesab edildiyini təsbit etmişdir.

Əvvəllər boşanma zamanı yalnız ev, maşın və bank hesabları müzakirə olunurdusa, gələcəkdə kriptovalyutalar, NFT-lər və gəlir gətirən sosial media hesabları ön plana çəxacaqdır.

Azərbaycan Mülki Məcəlləsi vərəsəlik əmlakını(mirası) əşyalar, hüquqlar və vəzifələr kimi təsnif etmişdir. Lakin, rəqəmsal dünyanın və süni intellektin sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin geniş şəkildə istifadə edildiyi hazırkı dövrümüzdə artıq rəqəmsal aktivlər formalaşmaqdadır. Lakin, həmin rəqəmsal aktivlərin gələcəkdə miras əmlak kimi necə təsnifatlaşdırlacağı mülki qanunvericilik qaydasında tənzimlənməmişdir.

Göründüyü kimi, rəqəmsal aktivlərin istər birgə nikah dövründə əldə edilməsi, istərsə də, həmin aktivlərin sahibinin vəfatından sonrakı hüquqi müqəddəratı qeyri müəyyəndir.

Bəs rəqəmsal aktivlər dedidkə nələri nəzərdə tuturuq?

Beynəlxalq hüquq praktikası (xüsusilə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri) rəqəmsal aktivləri iki əsas qrupa ayırır:
- Maddi dəyəri olan aktivlər: Kriptovalyutalar (Bitcoin, Ethereum və.s), NFT-lər, onlayn investisiya portfelləri, oyun daxili virtual əşyalar, onlayn pul kisələri;

- Qeyri-maddi və ya gəlir potensiallı aktivlər: Sosial media hesabları (Instagram, TikTok, YouTube), rəqəmsal fotolar, domen adları və elektron kitabxanalar.

İlk növbədə qeyd edək ki, “Elektron ticarət haqqında” Qanununda informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulmuş, həmin qanunda eyni zamanda elektron pul kisəsi termininə aydınlıq gətirilərək,elektron pul kisəsinin fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı olduğu vurğulanmışdır.
Azərbaycan Qanunvericiliyində kriptovalyutanın hüquqi satutusu (əmlak, pul, və ya maliyyə aləti) hələ tam müəyyən edilməmişdir. Lakin, gələcəkdə kriptovalyutanın geniş şəkildə istifadə olunacağı və qanunvericilik qaydasında tənzimlənəcəyi istisna edilmir.

Həmçinin, bir məqamı da qeyd etmək lazımdır ki, sosial şəbəkə hesabları bugünki gündə təkcə ünsiyyət vasitəsi kimi deyil, eyni zamanda gəlir əldə edilməsi məqsədilə, bir növ sahibkarlıq sahəsi kimi də istifadə olunmaqdadır. Milyonlarla izləyicisi olan sosial şəbəkələrdə edilən paylaşımlar və həmin paylaşımlar üzərindən baxış sayına görə qazanılan məbləğlər gələcəkdə həmin hesabların sahibləri boşandıqda və ya vəfat etdikdə hesabın bölünüb-böülnməməsi, miras şəklində vərəsələrə verilib-verilməməsi və bu konteksdə yaranacaq məsələlərin də tənzimlənməsinə ehtiyac yaranacaqdır.
Hərçənd ki, sosial şəbəkə hesabları, bulud yaddaşındakı sənədlər bir sözlə virtul əmlakların bir çoxu şəxsin mülkiyyətində deyil, yalnızca istifadəsindədir və istifadədə olan hesabın nikaha xitam verildikdə bölünməsi və ya vərəsəlik qaydasında ötürülüməsi təcrübədə böyük çətinliklər yaradacaqdır.

Lakin qeyd edilən istiqamətdə dünyanın fərqli ölkələrində məhkəmələr tərəfindən maraqlı qərarlar qəbul edilmişdir. Misal üçün 2018-ci ildə Almaniyanın Federal Ədalət Məhkəməsi (Bundesgerichtshof) tarixi bir qərar vermişdi. Məhkəmə, Facebook hesablarının adi əmlak kimi vərəsəlik predmeti ola biləcəyinə qərar verdi. Belə ki, vəfat etmiş bir qızın valideynləri qızlarının Facebook hesabına daxil olmaq istəyirdilər ki, onun ölüm səbəbini (intihar olub-olmadığını) araşdıra bilsinlər. Facebook əvvəlcə rədd etsə də, məhkəmə hesabın məzmununu (mesajlar, fotoşəkillər və s.) fiziki məktublar və gündəliklər kimi qəbul etdi və vərəsəlik hüququnun tətbiqini təsdiqlədi.

Böyük Britaniyada rəqəmsal aktivlər (məsələn, kriptovalyutalar, NFT-lər) vəfat edənin əmlakı kimi qəbul olunur, lakin onlara giriş əldə etmək tez-tez çətinliklər yaradır. Bəzi hakimlər rəqəmsal aktivləri fiziki əmlakla eyniləşdirir, digərləri isə istifadə şərtləri müqavilələrini nəzərə alaraq girişi məhdudlaşdıra bilirlər. Rəqəmsal vəsiyyətnamə və ya etibarnamə olmadan, ailə üzvlərinin sosial media, e-poçt və ya maliyyə hesablarına giriş əldə etməsi çətin və uzun bir prosesə çevrilə bilər.

Azərbaycan Mülki Məcəlləsinin 1115-ci maddəsində mirasa daxil olmayan əmlakların anlayışı verilmiş və həmin maddədə qeyd edilmişdir ki, ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.

Vəfat etmiş şəxsə məxsus olmuş, sosial media profilləri(sahibkarlıq üçün istifadə olunanlar istisna olmaqla), bulud yaddaşındakı şəkillər həmin maddə çərçivəsində gələcəkdə rəqəmsal irs kimi qəbul edilə bilər.

Son dövrlərdə Azərbaycan Qanunvericiliyində ər-arvadın əmlakının bölünməsi qaydası və vərəsəlik inistitutunun mahiyyəti dəyişir, köhnəlmiş normaların yerinə vərəsəliyin məqsəd və mahiyyətinə uyğun olan yeni mütərəqqi dəyişikliklər edilməkdədir. Məhz bu istiqamətdə beynəlxalq təcrübə də öyrənilməklə, rəqəmsal əmlakın bölünməsi və vərəsəlik üzrə küçməsi baxımından Qanunvericiliyə dəyişikliklər edilməsi, hüquq normalarının müasir çağırışlara cavab verməsi fonunda dəyərləndirilə bilər.

Qeyd edilən dəyərləndirmələr çərçivəsində rəqəmsal aktivlərin hansıların maddi hansıların qeyri-maddi dəyəri olan aktivlər olduğu, hansı hallarda ər-arvadın birgə mülkiyyəti sayılıdığı, və yaxud hər birinin ayrıca mülkiyyəti olduğu, vərəsəlik qaydasında vərəsələrə verilə biləcəyi və yaxud bilməyəcəyi, əgər həmin hesablar mülkiyyətdə deyil, istifadədə olmuşsa kənar idarəçi təyin edilməklə gəlir gətirən aktivlərin idarə edilməsi və kənar idarəçiyə ödənişlərin verilməsi, onun məsuliyyəti mexanizmləri, həmin aktivlər hesabına kreditorların tələblərinin ödənilməsi imkanları və.s məsələlər tam əhatəli şəkildə tənzimlənməlidir.

Aslan Heydarov

Naxçıvan Şəhər Məhkəməsinin hakimi

Oxşar xəbərlər