"Elektron məhkəmə" informasiya sistemi məhkəməyə göndərilən sənədlərə niyə limit tətbiq edir? - AÇIQLAMA


  • 13 May 2022 14:24

"“Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə vəkil və ya digər şəxs tərəfindən məhkəməyə "yeni ərizə" göndərilərkən sistemin sənədlərə münasibətdə 10MB limit tətbiq etməsi məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasıdır".

E-huquq.az xəbər verir ki, bunu vəkil Emin Rəhmanov bildirib.

Vəkil qeyd edib ki, bu limit aradan qaldırılmalıdır: "Çünki işin həcmi böyük ola bilər. Onsuz da çətin işimizi bu sistem bir az da çətinləşdirməsin".

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ilə əlaqə saxladıq.

A. Səmədzadə e-huquq.az-a açıqlamasında bildirdi ki, limitin aradan qaldırılması mümkün deyil. Onun sözlərinə görə, vəkillər texniki işi düzgün görsələr, heç bir problem yaranmaz: "Çünki burada məhz texniki məqamlar var. Təəssüflər olsun ki, vəkillər bəzən sənədi çox böyük həcmdə skan edirlər. Nəticədə bunlar sistemin yüklənməsinə, fasilələrin yaranmasına səbəb ola bilir. Yəni, biz kifayət qədər böyük limit təyin etmişik. Hazırkı limit ən irihəcmli məhkəmə işinin düzgün skan edilərək sistemə yerləşdirilməsinə imkan verir. Təbii ki, gələcəkdə bu limitin artırılmasına zərurət yaranarsa, bu məsələyə də baxıla bilər".

İdarə rəisi əlavə edib ki, hər hansı çətinliklə qarşılaşan vəkillər 880 nömrəsi ilə əlaqə saxlayaraq yaranmış problemin aradan qaldırılması üçün dəstək ala bilərlər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər