Bakı Apellyasiya Məhkəməsi Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirildi


  • 17 Avqust 2022 19:31

Bakı Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair 2022-ci il avqustun 12-də məhkəmənin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilmişdir.

E-huquq.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Cinayət Kollegiyasının hakimi İlkin Rəcəbov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimləri və məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak etmişlər.

Məhkəmənin sədri Mübariz Əkbərov iclası giriş sözü ilə açaraq bilavasitə tədbirə başlamazdan öncə bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində Böyük Qələbə qazanan ölkəmiz özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş ərazilərimiz nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. 2022-ci il “Şuşa İli” elan olunaraq 270 illiyini qeyd etdiyimiz Qarabağın tacı, mədəniyyət paytaxtımızda “Xarıbülbül” Beynəlxalq Festivalı və digər mötəbər tədbirlər təşkil olunur. “Şuşa İli” çərçivəsində cari ilin iyul ayının 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa konfransı keçirilmişdir. Bu qürur hissini bizə yaşatdıqlarına görə və uzun illərdən sonra belə möhtəşəm tədbirləri tariximizin beşiyi Şuşa şəhərində keçirmək imkanını yaratdıqlarına görə Milli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza dərin təşəkkürümüzü bildirmiş, şəhidlərimizin ruhunu bir daha ehtiramla yad etmiş və qazilərmizə Allahdan şəfa diləmişdir.

Daha sonra məhkəmə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurla həyata keçirilən mütərəqqi islahatlar, o cümlədən məhkəmə-hüquq və ədliyyə islahatları, ədliyyə orqanlarının inkişafı üzrə görülən tədbirlər və bu sahədə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir. O, məhkəmə-hüquq islahatları sahəsində daha yüksək nəticələrə nail olmaq məqsədilə icrası uğurla davam etdirilən, ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi” hesab olunan Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın mühüm əhəmiyyətə malik olduğunu, Fərmanın icrası ilə bağlı işlərin davam etdirildiyini xüsusilə vurğulamışdır.

Mübariz Əkbərov iclasın gündəliyində duran məsələləri və 2022-ci ilin birinci yarımilliyində Bakı Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatı diqqətə çatdırmış, ötən müddət ərzində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, dinamikası və onlara baxılması nəticələri barədə statistik göstəricilərin qısa təhlilini aparmışdır.

Sədr qanunvericiliyin tələblərinə dürüst və dönmədən əməl edilməsini təmin etmək məqsədilə işlərə baxılarkən bu tələblərin kobud pozuntularına yol vermiş birinci instansiya məhkəmələrinin hakimlərinin barələrində xüsusi qərarlar qəbul edilərək baxılması üçün Məhkəmə Hüquq Şurasına, irad məktublarının isə müzakirə olunması üçün aidiyyəti üzrə göndərildiyini xüsusilə qeyd etmişdir. O, həmçinin cinayət işləri üzrə əməliyyat və istintaq orqanlarının ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən yol verilmiş kobud prosessual pozuntulara dair xüsusi qərarlar qəbul edilərək tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərildiyini diqqətə çatdırmışdır. Həmçinin bildirmişdir ki, 2022-ci ilin iş planına uyğun olaraq qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə Bakı şəhəri Səbail və Binəqədi rayon məhkəmələrinin sədrlərinin dinləmələri keçirilmiş, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilmişdir. Məhkəməyə ictimai etimadın gücləndirilməsi məqsədilə vətəndaşların qəbulu məsələlərinə həssaslıqla yanaşıldığını, eləcə də onların “çağrı mərkəzi” və məhkəmənin sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərinin təxirə salınmadan araşdırıldığını, haqlı narazılıq doğuran hallarla bağlı müvafiq tədbirlərin görüldüyünü qeyd etmişdir.

Müşavirədə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimov, Mülki Kollegiyasının sədri Məmməd Məmmədov, İnzibati Kollegiyasının sədri vəzifəsini icra edən Mirzə Tağızadə və Kommersiya Kollegiyasının hakimi Vüsalə Baxışova müşavirə iştirakçılarına 2022-ci ilin birinci yarımilliyində baxılmış işlərin müqayisəli şəkildə statistik göstəricilərinə dair məlumat verərək, birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi əsaslarını, eləcə də yol verilmiş maddi və prosessual hüquq normalarının xarakterik pozuntularını, habelə işlərə baxılan zaman məhkəmə təcrübəsində rast gəlinən fikir ayrılıqlarını qeyd etmişlər. Həmçinin bildirmişlər ki, ləğv olunmuş işlər üzrə kassasiya məhkəməsinin tövsiyələri və göstərişləri mütəmadi təhlil olunur, zəruri hallarda kassasiya məhkəməsinin hakimləri ilə müvafiq məsləhətləşmələr aparılır və nəticəyə uyğun qərarlar qəbul edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev mülki icraat üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarına kassasiya qaydasında baxılması nəticələrinə dair statistik göstəricilər barədə məlumat verərək apellyasiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının kassasiya qaydasında ləğv edilməsi faizində kifayət qədər azalmanın müşahidə olunduğunu, xüsusən Bakı Apellyasiya Məhkəməsinə münasibətdə bu azalmanın daha da nəzərə çarpan olduğunu, açıq-aydın qanuna zidd qərarların qəbul edilməsinə yol verilmədiyini və bu halın Ali Məhkəmə ilə Bakı Apellyasiya Məhkəməsinin hakimləri, eləcə də digər regional apellyasiya məhkəmələrinin hakimləri arasında hüququn tətbiqi ilə bağlı aparılan dialoqların fayda verdiyini düşünməyə əsas verdiyini bildirmişdir. Bununla belə, o, hakimlərin diqqətini bəzi məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmamasına, Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin tətbiqinə daha diqqətlə yanaşmağa, iddia ərizələrinin və apellyasiya şikayətlərinin əsassız olaraq geri qaytarılması hallarına və məhkəmə təcrübəsində rast gəlinən digər xarakterik pozuntulara yönəltmiş, kassasiya qaydasında ləğv olunmuş işlərə təkrar apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin mövqeyi daha diqqətlə öyrənilməklə baxılmasını tövsiyə etmişdir.

İclasda çıxış edən Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlkin Rəcəbov kassasiya qaydasında baxılmış işlər üzrə müəyyən olunan xarakterik pozuntular, məhkəmə aktlarının kassasiya qaydasında ləğv edilməsinin əsasları barədə danışaraq, bəzi işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsini diqqətə çatdırmış, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinə işin hallarının tam və hərtərəfli araşdırılması, maddi və prosessual normalara dürüst əməl olunmasını tövsiyə etmişdir.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi” olduğunu və ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən görülmüş işlər, eləcə də bu sahədə qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Anar Cəfərov daha sonra məhkəmələrin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinin statistikasını və üstünlük təşkil edən müraciətlərin məzmunu barədə məlumat verməklə xüsusilə məhkəmələrdə qeyri-prosessual münasibətlərin yolverilməz olduğunu və nazirlik tərəfindən bu istiqamətdə mütəmadi monitorinqlərin aparıldığını iştirakçıların diqqətinə çatdırmışdır. O, monitorinqlər nəticəsində aşkar olunmuş, birbaşa hakimlərin faəliyyətinə aid olan pozuntuların onların qiymətləndirilməsi zamanı nəzərə alındığını bildirmişdir.

Daha sonra tədbir hakimlərin qarşılıqlı maraq doğuran hüquqi məsələlərə dair faydalı fikir mübadiləsi ilə davam etdirilmişdir.

Oxşar xəbərlər