- 8 May 21:45
Ali Məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, müraciətdə Ali Məhkəmənin Mülki Kollegiyanın hakimləri Abiddin Hüseynov, Əhməd Nurməmmədov və Zaur Əliyev Mülki Məcəllənin 399.3, 421.3, 423.2, 424.3, 447-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş ediblər.
Həmin müraciəti təqdim edirik:
"Azərbaycan Respublikası Ali Məhkəməsi (bundan sonra Ali Məhkəmə) Mülki kollegiyasının icraatında "Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) XXXXXX XXXXX XXXX oğluna qarşı (bundan sonra - cavabdeh) pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır.
İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, bankla cavabdeh arasında bağlanmış 13.09.2011-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehǝ 36 ay müddətinə illik 25% ödəmək şərtilə 14.000 manat məbləğində kredit verilmişdir. Eyni tarixdə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Banka XXXXXX XXXXX XXXX oğlu arasında sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 46-cı korpusda yerləşən 1 otaqlı 3 saylı mənzil (bundan sonra ipoteka predmeti) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə görə Bank kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetine tutmanın yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(XXX)-XXXX/2013 nömrəli iş üzrə 19 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırkı iş üzrə cavabdeh həmin işdə üçüncü şəxs kimi cəlb edilmişdir.
Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında keçirilmiş hərraclarda ipoteka predmeti satılmadığından 19125 manata Banka təklif edilmiş ve Bank təklifi qəbul etmişdir. 16 oktyabr 2014-cü il tarixdə hərracın yekunları barədə protokol va alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. 20.12.2014-cü il tarixdə ipoteka predmetinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində bankın adına qeydə alınmışdır.
İcraatda olan iş üzrə bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında kreditin qaytarılma müddətinin başa çatdığı 13.09.2014-cü tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 25% dərəcəsi-ilə hesablanmış və ödənilməmiş 4298,14 manat məbləğində adi faizlər üzrə borc. 13.09.2014-cü il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 26.12.2014-cü il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 170,74 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 26.12.2014-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 2714,77 manat məbləğində, cəmi 7183,65 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı öz tələbini tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəalarına, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlla) 399.3. 399.4, 445 va 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra - Konstitusiya Məhkəməsi) 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Oxşar mübahisələr üzrə işlərə baxılarkən Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3-cü maddələrinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı yarandığına görə Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən Konstitusiya Məhkəməsinə həmin normaların şərh edilməsi ilə bağlı müraciət olunması qərara alınmışdır.
Belə ki, Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (madda 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2)
Məcəllənin 424.3-cü maddəsi isə müəyyən edir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
Mülki Məcəllənin 423.2 va 424.3-cü maddələrinin məzmununun bu şəkildə ifadə edilməsi təcrübədə belə bir fikrin yaranması ilə nəticələnmişdir ki, əgər tərəflər arasında müqavilənin ləğv olunması barədə razılıq yoxdursa, müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilər. Halbuki mülki qanunvericilik qanunda (Mülki Məcəllənin 411.2, 529.8, 618.2, 622.2, 685, 686, 691, 692, 704, 719.3 və digər maddələri) və ya müqavilədə nəzərdə tutulmuş hallarda müqavilə tərəflərindən birinin müqavilədən birtərəfli imtina etməsini və bununla da müqavilənin lağv olunmasını mümkün hesab edir
Mülki Məcəllənin 742-744-ü maddələri ilə məhz borc müqaviləsi üzrə borc verənin və ya borcalanın borc müqaviləsini ləğv etmək hüququnu və bunun əsaslarını tənzimləyir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
Eyni zamanda əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan avval pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743).
Mülki Məcəlləni 744-cü maddəsi isə borc alanın müqaviləni ləğv etməyə xüsusi hüququ olduğu halları tənzimləyir və hətta müəyyən edir ki, borc alanın bu maddəyə uyğun ləğvetmə hüquqları müqavilə ilə məhdudlaşdırıla və ya mürəkkəbləşdirilə bilməz (744.4). Mülki Məcəllənin 421.3-ci maddəsinə müvafiq olaraq müqavilənin tamamilə və ya hissə hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məlum olduğu kimi, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə və müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Bu imkan həm də Mülki Məcəllənin 441.2 ve 447-ci maddələrində nəzərdə tutulmuşdur.
Mülki Məcəllənin 447-ci maddəsi müqavilədən imtinanın yolverilməzliyi ilə bağlı halları da müəyyən etməklə yanaşı, belə bir qayda müəyyən edir ki, müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər (447.4). Eyni zamanda qanunun tələbinə əsasən müqavilədən çıxarkan kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir (447.7).
Qeyd olunmalıdır ki hüquq ədəbiyyatında da müqavilənin məhkəmədən kənar ləğvi mümkün hesab edilir və əslində Mülki Məcəllənin 423.2-ci maddəsinin bütün ləğv etmə hallarına deyil, məhz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbilə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilmasi hallarına aid olduğu hesab edilir (S. Süleymanlı, Mülki hüququn əsasları, Bakı 2019, s.335-344).
Təcrübədə bir çox banklar tərəfindən fiziki və hüquqi şəxslərə təklif olunan müqavilələrdə bir qayda olaraq öhdəliyin müəyyən müddətə gecikdirildiyi halda bankın bütün kreditin həmin günə yaranmış faizləri ilə birlikdə borcalandan tələb etmək hüququ nəzərdə tutulur. Banklar tərəfindən həmin müqavilə şərti Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilədən birtərəfli qaydada imtina etmək hüququ kimi qəbul edilir.
Öhdəliyi müqavilədə müəyyən edilmiş müddət ərzində gecikdirən borclulara qarşı məhkəmələrdə qaldırılan bəzi iddialarda müqavilənin ləğv olunması və pulun tutulması tələb olunsa da, əksər banklar müqavilənin ləğvi barədə ayrıca iddia tələbi irəli sürmədən bütün əsas borcun və iddia verilən günə və ya qətnamə qəbul olunan günə yaranmış faiz və cərimə öhdəliyinin borcalandan tutulmasını tələb edirlər.
Məhkəmə təcrübəsində əsasən qəbul olunmuş yanaşmaya və artıq formalaşmış təcrübəyə görə bankın öhdəliyin pozulmasına görə kredit müqaviləsi üzrə bütün borcu cavabdehdən tələb etməsi bankın müqaviləyə əsasən ondan birtərəfli imtinası kimi qəbul edilir və müqavilənin ləğv olunması barədə ayrıca tələbin irəli sürülməsi zəruri hesab edilmir. Bununla yanaşı, banklar tərəfindən pulun tutulması ilə yanaşı, müqavilənin ləğvi tələbi də irəli sürüldüyü halda sonuncu tələbə də mahiyyəti üzrə qiymət verilərək, müqavilə ləğv olunmaqla kredit borcunun tutulması barədə qətnamə qəbul edilir.
Lakin məhkəmə təcrübəsində qeyd olunan halda müqavilənin hansı andan ləğv edildiyi barədə vahid yanaşma yoxdur. Bir qrup hakimlər hesab edirlər ki, bankın bütün əsas borcun və həmin günə yaranmış faizlərin tələb olunması barədə borcluya bildiriş göndərməsi ilə tərəflər arasında müqavilə ləğv edilmiş olur. Bu mövqeyin tərəfdarları Mülki Məcəllənin 390.2, 427.1, 423 və 742.2-ci maddələrinə istinadla hesab edirlər ki, kredit müqavilələrində pulun qaytarılmalı olduğu son müddət dəqiq müəyyən edildiyi halda müqavilənin ləğvi barədə borcluya bildiriş göndərilmədən, yaxud müqavilənin ləğvi tələbi barədə məhkəmə iddia qaldırılmadan həmin müddət başa çatanadək bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb edə bilməz. Belə tələbin təmin olunması yalnız müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğvi yolu ilə mümkündür.
Digər qrup hakimlər hesab edirlər ki, müqavilənin ləğvi barədə ayrıca göstərişin olub olmamasından asılı olmayaraq borcun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi və ya qanuni qüvvəyə minməsi ilə tərəflər arasındakı müqavilə ləğv edilmiş olur. Bəzi qrup hakimlər isə hesab edirlər ki, əgər məhkəmə aktında müqavilənin ləğv olunması barədə ayrıca göstəriş yoxdursa, məhkəmə qətnaməsinin qəbulundan sonra da tərəflər arasında müqavilənin bütün şərtləri qüvvədə olur və onlar biri-birilərindən həmin müqavilədə müəyyən edilmiş şərtlərin (müqavilə faizlərinin) icrasını tələb etmək hüququnu saxlayırlar.
Kredit müqavilələri üzrə pulun qaytarılma vaxtı çatmadan va bankın kredit müqaviləsinin ləğvi barədə ayrıca tələb irəli sürmədən bütün qalıq əsas borcu və tələb olunan tarixə yaranmış müqavilə faizlərini borcalandan tələb etdiyi halda müqavilənin hansı andan ləğv edildiyi hazırkı icraatda baxılan işlə oxşar işlərin həlli üçün vacib əhəmiyyətə malikdir.
Çünki artıq borcalana bildiriş verilməsi və ya məhkəmə qətnaməsinin (o cümlədən birbaşa borcalana qarşı iddia talebi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidirsə, onda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faizləri və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borclunun öhdəliyin icrasının gecikdirməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətdən irəli gələn vəsaiti tələb edə bilər.
Nəzərə alınmalıdır ki, müqavilənin ləğv edilməsi heç də tərəfləri məhz həmin müqaviləyə istinad edərək bu müqavilənin ləğv olunmasınadək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququndan məhrum etmir.
Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il qərarında da ifadə edildiyi kimi "məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur".
Lakin sual doğuran məsələ ondan ibarətdir ki, məhkəmə qərarının qəbul olunmasından sonra kreditor qismində Bankın borclu qismində borcalana qarşı tələbləri qətnamənin qəbul olunmasından sonrakı dövr üçün də müqavilə öhdəliklərinin icrası (yəni müqavilədə müəyyən edilmiş faiz və dəbbə pulunun tələb edilməsi) şəklində, yoxsa həmin dövr üçün artıq yalnız zərər (o cümlədən əldən çıxmış fayda) şəklində irəli sürülə bilər.
Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Mülki Məcəllənin 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.
Həmçinin diqqətəlayiqdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında kredit müqaviləsi üzrə müddətlər anlayışına aydınlıq gətirilmiş, kredit müqaviləsinin qüvvədə olma müddəti və kredit müddəti (pul vəsaitinin qaytarılmalı olduğu müddət) fərqləndirilmişdir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə görə "kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair 24 dekabr 2014-cü il qərarında Konstitusiya Məhkəməsi kreditor (borc verən) va borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayıldığı barədə hüquqi mövqe ifadə etməklə yanaşı, qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habele kreditor diger esaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödenilməsini tələb etmək hüququna malikdir.
Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və aldan çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Beləliklə, Mülki Məcəllənin qeyd edilən normalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə imkan verir ki, müqavilənin ləğv edilməsi üçün əsasları öhdəliyə xitam verilməsi üçün əsaslardan fərqləndirmək lazımdır.
Belə ki, müqavilənin bir tərəfinin əqddən irəli gələn öhdəliklərini icra etmədiyi halda digər tərəfin müqavilədən imtina və düşdüyü zərəri tələb etmək imkanı Məcəllənin yuxarıda sadalanan normalarında nəzərdə tutulmaqla məhkəmə qərarından asılı edilməmişdir. Bununla belə, kreditor müqavilənin pozulmasına istinad edərək məcburi icranı və ya müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində düşdüyü zərərin əvəzini tələb etdikdə (mübahisə halında) məhkəmə, müqavilənin bu əsasla ləğv olunmasını yoxlayır, əgər tərəfin müqaviləni ləğv etməkdə haqlı olduğunu müəyyən edirsə, həmin müqavilənin pozulmasından irəli gələn öhdəliklərin məcburi icrasına (məsələn, əşyanın verilməsinə, əsas borcun, faizlərin və ya cərimənin tutulmasına) dair qərar çıxarır.
Müqavilə ləğv edildikdən (hətta bu barədə məhkəmə qərarı çıxarıldıqdan) sonra tərəflər arasında müqavilə münasibətləri deyil, həmin müqavilənin pozulmasından irəli gələn öhdəlik münasibətləri mövcud olur. Bu münasibətlər isə həmin öhdəliklər xitam edilənədək davam edir. Öhdəliklərə xitam verilməsinin əsasları isə Mülki Məcəllənin 527-559-cu maddələrində nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin istinad olunan hüquqi mövqelərindən göründüyü kimi icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, yaxud öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitdikdən sonrakı dövr ərzində kreditor borcludan müqavilə öhdəliklərinin icrasını deyil, məhz öhdəliklərin icrasının pozulması nəticəsində qanundan irəli gələn zərəri tələb edə bilər.
Məhkəmə təcrübəsində fikir ayrılığı yaradan iddialardan bir qismi də ondan ibarətdir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə pulun tutulmasına dair məhkəmə qətnaməsi «İcra haqqında» Qanunda müəyyən edilmiş müddətdə icra edildikdən sonra, tələbkar müqaviləyə əsasən pulun vaxtında ödənilməməsinə əsaslanaraq, MM-nin 445.7-ci maddəsinə istinadla, qətnaməyə əsasən ödənilmiş məbləğin 5% miqdarında zərərin ödənilməsini xahiş edir.
Bir qrup hakimlər belə iddiaları əsassız hesab edərək mövqelərini belə əsaslandırırlar ki, müqavilə öhdəliklərinin pozulub-pozulmamasına və həmin öhdəliyə əsasən pulun tutulmasına artıq bir dəfə qiymət verilmiş, bu zaman iddiaçı əlavə olaraq MM-nin 445.7-ci maddəsinə əsasən 5% miqdarında zərərin ödənilməməsini tələb etməmiş, qətnamə ilə müqaviləyə əsasən əsas borcdan əlavə, öhdəliyin vaxtında icra olunmamasına görə dəbbə pulu da tutulmuşdur. Həmin qətnamə borclu tərəfindən icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icra edilmişdir. Tərəflərin mübahisəli hüquq münasibətlərinə qüvvədə olan qətnamə ilə artıq qiymət verildiyindən, həmin qətnamənin icrasından sonra qaldırılan zərərin tutulması tələbinin təmin edilməsi üçün MM-nin 445.7-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Həmin iddialar üzrə başqa mövqe ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə borclunun müqavilə öhdəliklərinin icrasını təqsirli şəkildə gecikdirdiyi müəyyən edilmişdir. Həmin qətnamə ilə kreditorun xeyrinə dəbbə pulunun tutulması MM-nin 465.2 və 445.7-ci maddələrinə əsasən öhdəliyin icrasının gecikdirilmesi sebebinden deymiş zerere göre faizlerin tutulmasını istisna etmir.
Məhkəmə təcrübəsində fikir ayrılığına səbəb olan digər məsələ ipoteka predmetinə tutma yönəldilməsi tələbləri təmin edilmiş mülki işlərdə qətnamə qəbul edildikdən sonra borcalanın Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyən edilmiş məsuliyyətinin yaranması ilə bağlıdır.
Belə ki, Mülki Məcəllənin 449-cu maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin 09.07.2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov amlaka yönəldilməsindan sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən irəli sürülən tələblərə də oxşar yanaşmanın tətbiqi üzrə təcrübədə vahid yanaşma yoxdur. Çünki bəzi hakimlər Konstitusiya Məhkəməsinin istinad olunan hüquqi mövqelərinin bu münasibətlərə də tətbiqini mümkün sayır və hesab edirlər ki, borcun tutulması ilə yanaşı, yaxud borcludan pul tələb edilmədən öhdəliyin ipoteka predmetinə yönəldilməsi barədə tələblərin təmin olunması barədə qətnamə qəbul edildikdən sonra borclunun qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını gözlǝyǝrǝk ipoteka predmeti açıq hərracda satılanadək kredit müqaviləsi üzrə pul öhdəliyini icra etməməsi halında öhdəliyin pozuntusu ondan asılı olmayan hallardan irəli gəlir.
Digər mövqe isə ondan ibarətdir ki, kredit müqaviləsinə əsasən borclu pulu qaytarmaq öhdəliyi daşıdığı üçün ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamənin qəbul olunmasından asılı olmayaraq borclu tərəfindən öhdəliyin pozulması ondan asılı olan hallardan irəli gəlir və o, pul məbləğinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən məsuliyyət daşıyır. Hesab edirik ki, hazırkı müraciətdə qeyd olunan qeyri-müəyyənliklər son nəticədə mülki qanunvericiliyin ayrı-ayrı hakimlər tərəfindən fərqli qaydada tətbiq edilməsinə, tərəflərin müxtəlif mülki işlərdə fərqli hüquq və vəzifələrə malik olmasına və onlar üçün qeyri-bərabər şəraitin yaradılmasına səbəb ola bilər. Bu hal isə eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edilməsi, hüquqi müəyyənlik prinsipi, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik və 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulmas: ilə nəticələnə bilər.
Yuxarıda göstərilənlərə əsasən və Konstitusiyanın 130-cu maddəsinin VI hissəsini, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini və Məcəllənin 13.6-cı maddəsini rəhbər tutaraq xahiş edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 421.3, 423.2, 424.3, 447-ci maddələri əlaqəli şəkildə şərh olunsun".