- 16 May 21:38
Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, məhkəmə müraciətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə müqayisəli şəkildə şərh edilməsini xahiş edib.
Həmin müraciəti təqdim edirik:
"İddiaçı "XXX" MMC cavabdeh "XXX" MMC-yə qarşı "icars haqqının, dəbbə pulunun və kommunal xərclərin ödənilməsi barədə" ilk iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib və iddia ərizəsi icraata qəbul edilib. Bundan sonra cavabdeh MMC iddiaçı MMC-yə qarşı "müqavilə öhdəliklərinin icrası barədə" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Lakin Bakı Kommersiya Məhkəməsinin 03.08.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınıb. Məhkəmənin istinad etdiyi hallardan biri ondan ibarətdir ki, "Mediasiya haqqında" Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd qarşılıqlı iddia ərzəsinə əlavə edilməyib. MMC bu qərardaddan şikayət verib.
Müraciətin səbəbi:
Məhkəmə təcrübəsinə görə məhkəməyə qədər nizamlama (pretenziya, mediasiya prosesində iştirak və s.) barədə qaydalar qarşılıqlı iddia ərizəsinə də şamil olunur. Yəni qanunla və ya müqavilə ilə məhkəməyə qədər nizamlama (pretenziya, mediasiya prosesində iştirak və s.) tələb olunubsa, qarşılıqlı iddia həmin qaydalara riayət edildikdən sonra məhkəməyə verilə bilər. Əgər bu qaydalara əməl edilməyibsə, məhkəmələr qarşılıqlı iddia ərizəsini MPM-in 152.1.6 va 152.1.6-1-ci maddələrinin göstərişlərinə istinad etməklə geri qaytarırlar. Hakimlər arasında bu məsələ ilə bağlı fikir ayrılığı var. Hakimlərin bir hissəsi hesab edir ki, həmin qaydalar qarşılıqlı iddia ərizəsinə tətbiq edilməlidir, çünki MPM-də qarşılıqlı iddiaya münasibətdə istisna müəyyən edən norma yoxdur. Hakimlərin digər hissəsi isə hesab edir ki, həmin qaydalar qarşılıqlı iddia ərizəsinə tətbiq edilməli deyil. Müraciətə səbəb həmin hakimlərin mövqeyidir. Onlar öz mövqelərini aşağıdakı kimi əsaslandırırlar.
Müraciətin əsaslandırılması:
İddianı verən şəxsin prosessual-hüquqi statusuna və tələbin xüsusiyyətinə görə mülki prosesdə 3 növ iddia ərizəsi var:
1) adi iddia ərizəsi (iddiaçı verir);
2) qarşılıqlı iddia ərizəsi (cavabdeh verir); 3) mübahisə predmeti barədə müstəqil tələbi nəzərdə tutan iddia ərizəsi (üçüncü şəxs verir).
Məhkəməyə qədər nizamlama (pretenziya, mediasiya prosesində iştirak və s.) barədə qaydalar 1-ci növ iddia ərizəsinə tətbiq olunur, çünki ümumi qaydadır. Həmin qaydalar 3-cü növ iddia ərizəsinə tətbiq edilmir, çünki qanunda istisna müəyyən edilib. Belə ki, MPM-in 55.2-ci maddəsinə görə 3-cü növ iddia ərizəsini verən şəxslər bu Məcəllənin 4.3-4.6-cı maddələrində müəyyən edilmiş qaydalara (yəni məhkəməyə qədər nizamlama barədə qaydalara) əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.
3-cü növ iddia ərizəsi üçün müəyyən edilmiş istisna analogiya üzrə 2-ci növ iddia ərizəsinə da tətbiq edilməlidir, yəni qarşılıqlı iddia verən şəxsin də məhkəməyə qədər nizamlama (pretenziya, mediasiya prosesində iştirak və s.) barədə qaydalara əməl etmək vəzifəsi yoxdur. Bunun üç səbəbi var:
Birinci: məqsəd
Məhkəməyə qədər nizamlamanın məqsədi ondan ibarətdir ki, mübahisə tərəflərinin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət olunsun, məhkəmə işi yaranmasın, yalnız o mübahisələr məhkəməyə gəlib çıxsın ki, tərəflər özləri onu həll edə bilmirlər. Belə məqsəd qarşılıqlı iddiaya münasibətdə öz əhəmiyyətini itirir, çünki məhkəmənin icraatında artıq iş ilk iddia üzrə iş mövcuddur. 3-cü növ iddia ərizəsi kimi 2-ci növ iddia ərizəsinin əsas özəlliyi ondan ibarətdir ki, onların hər ikisi artıq başlanmış məhkəmə işi üzrə verilir.
İkinci: müdafiə vasitəsi.
Qarşılıqlı iddianın əsas xüsusiyyətlərindən biri onun ilk iddiadan müdafiə vasitəsi olmasıdır: o, ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlir, onun təmin edilməsi ilk tələbin tam və ya qismən təmin edilməsini aradan qaldırır və s. Qarşılıqlı iddia vermək hüququ ilk iddia üzrə məhkəmə icraatı başlandıqdan sonra yaranır. Əgər qarşılıqlı iddiaya münasibətdə məhkəməyə qədər nizamlama barədə qaydalara əməl edilməli olsa, cavabdeh həmin müdafiə vasitəsindən istifadə edə bilməyəcək. Belə ki, məhkəməyə qədər nizamlama müəyyən qədər vaxt aparır, bu müddətdə ilk iddia üzrə məhkəmə icraatı isə davam edir. Qarşılıqlı iddia üzrə məhkəməyə qədər nizamlamaya sərf edilən müddətdə ya ilk iddiaya mahiyyəti üzrə baxılması yekunlaşacaq, yaxud da qarşılıqlı iddianın verilməsi üçün MPM-in 154.1-ci maddəsində müəyyən edilmiş müddət bitəcək. Odur ki, "qarşılıqlı iddia vermək hüququ” ilə "məhkəməyə qədər nizamlama vəzifəsi" toqquşduqda hüquqa üstünlük verilməlidir. Vəzifəyə üstünlük verilsə sonradan hüququn həyata keçirilməsi (qarşılıqlı iddia verilməsi) mümkün olmayacaq, hüquqa üstünlük verilsə məhkəməyə qədər nizamlanmalı olan məsələləri mülki prosesin gedişində aradan qaldırmaq mümkün olacaq: qarşılıqlı iddia üzrə barışıq sazişi ilə, qarşılıqlı iddiadan imtina ilə və s. Mübahisələrin məhkəməyə qədər nizamlanması qaydasına əməl edilmədən məhkəməyə verilməsi mümkün olan iddialar (2-ci və 3-cü növ iddialar) üzrə barışdırıcı təbirlərdən məhkəmə prosesinin daxilində istifadə edilməsinə diqqət artırılmalıdır.
Üçüncü: mübahisələrin bir icraatın daxilində tam həlli
İki mübahisənin, yəni ilk və qarşılıqlı iddia üzrə mübahisələrin arasında qarşılıqlı əlaqə olur. Odur ki, mübahisələrin bir icraat daxilində tam həlli üçün onlara birlikdə baxılmalıdır. Əgər qarşılıqlı iddia üzrə məhkəməyə qədər nizamlama barədə qaydalara əməl edilməli olsa, yuxarıda qeyd olunan səbəbdən cavabdeh qarşılıqlı iddia verə bilməyəcək, nəticədə isə mübahisələrin bir icraatın daxilində tam həlli mümkün olmayacaq. Məhkəməyə qədər nizamlamadan sonra həmin iddia artıq qarşılıqlı iddia kimi deyil, adi iddia kimi veriləcək, yeni - ikinci məhkəmə işi yaranacaq və məhkəmələrin icraatında olan işlərin sayı artacaq. Bundan başqa, belə vəziyyətdə bir iş həll edilənə kimi digər iş üzrə icraatın dayandırılması və ya işlərin bir icraatda birləşdirilməsi kimi məsələlər yaranacaq, işlər müxtəlif məhkəmə instansiyalarında oluduqda isə bu məsələlərin həllində əlavə çətinliklər yaranacaq.
Müqayisə üçün qeyd edək ki, RF-da bununla bağlı izah verilib. RF Ali Məhkəməsi Plenumunun "Mülki və arbitraj məhkəməsi icraatı qaydasında baxılan mübahisələrin məhkəməyə qədər həllinin bəzi məsələləri barədə" 22.06.2021-ci il tarixli 18 nömrəli qərarının 24-cü bəndinə görə, qarşılıqlı iddianın verildiyi zaman mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl edilməsi tələb olunmur. Qərarda bu izah belə əsaslandırılıb ki, nə qədər ki, qarşılıqlı iddia iş üzrə icraatın başlanmasından sonra verilir, həmin qaydaya əməl edilməsi məhkəməyə qədər tənzimləmənin məqsədinə çatmağa imkan vermir.
RF Ali Məhkəməsinin Plenumu həmin qərarda qeyd edib ki, mediasiya - mübahisələrin məhkəməyə qədər nizamlama qaydalarından biridir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə də mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasından və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Yəni AR qanunvericiliyi də mediasiyanı mübahisələrin məhkəməyə qədər nizamlama qaydalarından bir kimi tanıyır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 6-cı hissəsini rəhbər tutaraq xahiş edirik:
Məhkəməyə qədər nizamlama (pretenziya, mediasiya prosesində iştirak və s.) barədə qaydaların qarşılıqlı iddia ərizəsinə tətbiqi məsələsinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsi həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə müqayisəli şəkildə şərh edilsin".