Vaşinqton görüşü: “Birgə Bəyannamə”nin hüquqi aspektdən təhlili


  • 9 Avqust 15:34

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış sənəd — hərçənd ki, “Birgə Bəyannamə” adlanır — hüquqi baxımdan siyasi öhdəlik xarakteri daşıyır. O, dövlətlərarası müqavilə statusu daşımır, lakin burada razılaşdırılmış məqamlar sonradan bağlanacaq “Sülh sazişi və ya Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş” üçün hüquqi çərçivə yaradır. Bu, beynəlxalq hüquqda “pre-agreement” və ya “çərçivə sənədi” kimi qiymətləndirilə bilər.

- Bəyannamədə ATƏT-in Minsk Qrupunun və onun əlaqədar strukturlarının bağlanması barədə birgə müraciət bir sıra mühüm hüquqi nəticələr doğurur:

1) Bu addım, münaqişənin həlli mandatını rəsmi olaraq bitirir. Bu barədə diplomatik presedent formalaşdırır.

2) Azərbaycan da, Ermənistan da qəbul edir ki, Qarabağ münaqişəsi artıq hüquqi-siyasi olaraq bitmişdir.

3) Bəyannamə faktiki olaraq ATƏT-in qərar mexanizminə müraciətdir, çünki təşkilat daxilində yekdillik tələb olunur.

- Bəyannamədə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqə məsələsi, “dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası”na hörmət prinsipi ilə birgə qeyd olunub.

1) Bu, Helsinki Yekun Aktı (1975) və BMT Nizamnaməsi prinsiplərinə uyğundur.

2) Hüquqi baxımdan, Zəngəzur dəhlizi anlayışı burada birbaşa çəkilməsə də, faktiki olaraq həmin əlaqə bəndinə uyğun gəlir.

3) “Maneəsiz” ifadəsi, tranzit hüquqlarının məhdudiyyətsiz həyata keçirilməsi deməkdir, amma bu, suverenlik çərçivəsində icra olunacaq.

- “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) — Ermənistan ərazisindən keçəcək və ABŞ-ın, eləcə də digər tərəflərin iştirakı ilə həyata keçiriləcək bir beynəlxalq nəqliyyat və kommunikasiya layihəsidir. Bu, beynəlxalq infrastruktur layihələrinin hüquqi tənzimlənməsində İnfrastruktur İnvestisiyaları üzrə İkili Sazişlər və Tranzit Sazişləri presedentlərinə uyğun gəlir.

Layihənin ABŞ və digər “razılaşdırılmış üçüncü tərəflər”in iştirakı ilə həyata keçirilməsi, onun beynəlxalq zəmanət mexanizminə daxil ola biləcəyini göstərir.

- Bəyannamədə “intiqam cəhdlərinin rədd edilməsi” və “ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi” vurğusu birbaşa olaraq BMT Nizamnaməsinin 2(4)-cü maddəsi, 1991 Alma-Ata Bəyannaməsi, Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) presedent qərarları ilə uyğun gəlir.

Bu, gələcəkdə hər iki tərəfin qarşılıqlı olaraq hərbi əməliyyatlara və zor tətbiqinə əsaslanmış hər hansı iddiasını hüquqi zəminlə bloklayır.

- Bəyannamədə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və qonaqpərvərliyi xüsusi vurğulanır. Bu, ABŞ-ın danışıqlar prosesində rəsmi zəmanətçi statusu olmasa belə, siyasi təminatçı rolunu qəbul etdiyini göstərir. Diplomatik praktika baxımından bu, siyasi zəmanət formasıdır.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər