Politoloq Bayden-Putin görüşünü şərh etdi


  • 17 İyun 2021 18:20

“Bayden-Putin görüşündə kiçik məsələlərdə olsa belə, müəyyən razılaşmaların əldə edildiyini söyləmək mümkündür”

Bunu e-huquq.az-a açıqlamasında sözləri politoloq Yusif Bağırzadə Cenevrədə keçirilən Bayden-Putin görüşünü şərh edərkən deyib.

“Təbii ki, bağlı qapı arasında keçən görüşün tam detalları haqda məlumatımızın olması mümkün deyil. Odur ki, bu görüşü şərh edərkən əsasən xarici siyasət idarələrinin və dövlət başçılarının mətbuat üçün açıqlamalarındakı fikirləri əsas götürmək məcburiyyətindəyik. Açıqlamalardan isə məlum olan odur ki, dünən Cenevrədə dünyanın diqqətlə izlədiyi Rusiya-ABŞ sammiti bu iki böyük dövlət arasında kəskin ziddiyyətlərin aradan qaldırılması ilə nəticələnməyib. Amma buna baxmayaraq tərəflərin bəzi məsələlərdə müəyyən anlaşma əldə etdiklərini söyləmək mümkündür”, - deyə politoloq bildirib.

Y.Bağırzadə ilk növbədə razılaşma əldə olunan məsələlərə toxunub: “Beləliklə, ABŞ və Rusiya iki ölkə arasında olan gərgin münasibətlərin indikindən daha da artıq gərginləşdirilməməsi ilə bağlı ümumi razılıq əldə ediblər. Bunu görüşün yekunu olaraq qəbul edilmiş birgə bəyanatdan da görmək mümkündür. Bəyanatda deyilir: "Biz, Birləşmiş Ştatların prezidenti Cosef R. Bayden və Rusiya Federasiyasının prezidenti Valdimir Putin qeyd edirik: BirləşmişŞtatlar və Rusiya nümayiş etdirdilər ki, hətta gərginlik zamanlarında da strateji sferada proqnozlaşdırmanın təmin edilməsi, silahlı münaqişələrin və nüvə müharibəsi hədəsinin qarşısının alınması kimi ortaq məqsədlərdə tərəqqiyə nail ola bilirlər.” Verilən açıqlamalardan məlum olur ki, tərəflər nüvə silahlarının azaldılması müqaviləsinin yenilənməsinə dair danışıqların aparılması barədə də razılığa gəliblər və iki ölkənin xarici işlər nazirlikləri bu istiqamətdə danışıqlar aparacaqlar. Görüşdə həmçinin Rusiya və ABŞ-ın yanvar ayında uzadılan Strateji Silahların Azaldılması Müqaviləsinin (NEW START) 2026-cı ilə qədər qüvvədə olması və danışıqlarla müqavilənin müddətinin uzaldıla biləcəyi də razılaşdırılıb. Razılaşdırılmış daha bir məsələ isə ölkələrin “persona non grata” elan etdikləri səfir və diplomatların geri qayıtmasına şərait yaradılması ilə bağlıdır. Verilən açıqlamalara görə diplomatlar qısa müddət ərzində öz vəzifələrinə dönə biləcəklər”.

Görüşdə tərəflərin razılığa gələ bilmədikləri məsələlər gəldikdə isə politoloq bildirib ki, onların sayının kifayət qədər çox olduğu görünür: “Daha çox maraq doğuran məsələlər isə Rusiyada insan hüquqlarının vəziyyəti, Navalnı məsələsi, kibertəhlükəsizlik, Azadlıq Radiosunun Rusiyadakı işinin əngəllənməsi, jurnalistlərin təqib olunması və təbii ki, Ukrayna məsələləridir. ABŞ prezidenti xüsusi olaraq vurğuladı ki, onun ölkəsində demokratik legitimlik hökumətdən yox, xalqdan qaynaqlanır və buna görə də Amerika insan haqları məsələsini qaldırmaqda daim davam edəcəkdir. Lakin Navalni məsələsində tərəflərin hər hansı bir razılığa gələ bilmədikləri tam olaraq ortadadır. Bunu Putinin açıqlamalarından da görmək mümkündür. Mətbuat konfransında Putin, Navalinin azadlığa buraxılmayacağını bildirərək, bu məsələdə ABŞ prezidenti ilə ortaq məxrəcə gələ bilmədiklərini faktiki olaraq etiraf etdi. Putinin fikrincə, Navalni Rusiya qanunlarına qəsdən məhəl qoymadığı üçün cəzalandırıb, və belə də olmalıdır”.

Y.Bağırzadənin sözlərinə görə, görüşdə kibertəhlükəsizlik məsələsi ilə bağlı müzakirələr gərgin keçib: “Baydenin jurnalistlərin Putinlə bu görüşdə kibertəhlükəsizlik məsələsini qaldırıb-qaldırmaması, Rusiyadan ABŞ-ın həyati infrastrukturuna hücum olarsa, administrasiyanın necə cavab verəcəyi barədə sualına cabab verərkən dedikləri də bunu sübut edir. O bildirib ki: “Mən ona başa saldım ki, bizim əhəmiyyətli kiberqabiliyyətimniz var və o bunu bilir. Mən dedim ki, onlar əgər təməl normaları pozsalar biz cavab verəcəyik”. Bayden bildirib ki, o Rusiya prezidentinə həyati ifrastrukturun 16 həssas vahidinin siyahısını verib və bunların istər kiber, istərsə də başqa hücumlardan istisna olunmalı olduğunu deyib. Azadlıq radiosu iə bağlı məsələ də demək olar ki, açıq qalıb. Belə ki, Putinin açıqlamalarından məlum olur ki, o, Rusiyada “xarici agent” elan edilmiş Amerika mediasının Rusiya qanunvericiliyinə tam əməl etmədiyi qənaətindədir. Rusiya prezidenti vurğulayıb ki, Rusiyada bu medialar “xarici agent” siyahısına ABŞ-da Rusiyanın RT telekanalı “xarici agent” elan edildikdən sonra salınıb. Amma onu da əlavə edib ki, Azadlıq Radiosunun Rusiyadakı işi ilə bağlı danışıqların davam etdirilməsi mümkündür. Başqa sözlə Rusiya prezidenti Baydenə “Siz RT telekanalı ilə bağlı qadağanı götürün ki, mən də Azadlıq Radiosunun fəaliyyətinə imkan yaradım” müsajını verib”.

Politoloq qeyd edib ki, xüsusi maraq doğuran digər bir məsələ yuxarıda qeyd edildiyi kimi, Ukrayna ilə bağlıdır: “Putin Moskvanın Ukrayna ilə münasibətləri Minsk qrupu prinsipləri çərçivəsində həll etməyə çalışdığını, lakin Kiyevin bu məsələdə konstruktiv mövqe tutmadığını bildirib. Onun iddiasına görə, Ukrayna Minks qrupunun tələblərini yerinə yetirməkdən yayınmaq üçün müxtəlif bəhanələr və ön şərtlər irəli sürür. Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden də görüşdən sonra keçirdiyi mətbuat konfransında Ukrayna məsələsinin Minks qrupunun tələbləri çərçivəsində həllini dəstəklədiyi bəyan edib. Amma mən bunu ABŞ prezidentinin Ukraynanı Moskvaya qurban verməsi kimi qiymətləndirmirəm. Çünki Putinin nə deməsindən asılı olmayaraq Minsk qrupu anlaşması təkcə rəsmi Kiyev tərəfindən deyil həm də rəsmi Moskva tərəfindən pozulur. Bu isə ABŞ üçün Rusiyaya əlavə təzyiq imkanları verir. Xüsusilə də indiki halda yəni NATO Samitindən sonra üzv ölkələrin Ukrayna üçün öz qapılarını açmağa hazır olduqları məqamda ABŞ-ın Ukraynanı qurban verəcəyi inandırıcı görünmür”.

“Ümumilikdə isə onu demək olar ki, Cenevrədə keçirilən üç saatlıq görüşdən sonra Bayden müzakirələrin bəzi hallarda son dərəcə gərgin keçdiyini vurğulayaraq Putinin hərəkətlərinin onun ölkəsinin dünya səhnəsindəki mövqeyini sarsıtdığını bildirib. ABŞ prezidenti deyib ki, Rusiya nəyin bahasına olursa olsun böyük dünya gücü olaraq qalmağa çalışır. Putin isə görüşü “konstruktiv və təcrübəli partnyorla praqmatik danışıqlar” kimi qiymətləndirib və bildirib ki, iki lider arasında "düşmən münasibət" yoxdur və görüşdə hər iki tərəf bir-birini anlamağa çalışıb”, - deyə Y.Bağırzadə əlavə edib.

Sevgül Qasımzadə

Oxşar xəbərlər