Deputat: "Bu gün Azərbaycan dünya reallığına uyğunlaşmağı bacaran azsaylı ölkələrdən biridir"


  • 14 Yanvar 2022 11:10

Dünyanın fərqli yerlərindən müxtəlif təsir və güc imkanlarına malik olan supergüclər və ya kiçik dövlətlər beynəlxalq təşkilatlarda öz maraqlarını qorumaq üçün qlobal arenalarda nüfuzunu, təsir imkanlarını artırmaq üçün çalışırlar. Ölkəmiz də xarici siyasətində müxtəlif beynəlxalq qurumlar və dövlətlərlə qarşılıqlı əməkdaşlığa çox önəm verir. Amma başlıca olaraq, milli maraqlarımızı hər zaman ön planda saxlanılır.

E-huquq.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Milli Məclisin deputatı bildirib ki, Cənubi Qafqazın ən güclü ölkəsi kimi milli maraqlarımıza uyğun strateji hədəflərimizə çatmaq, qarşımıza çıxan maneələri aşmaq, qloballaşan dünyada yeni çağırışlara cavab verə bilmək üçün beynəlxalq arenada tərəfdaşlarımızın sayını artırmalıyıq. Eyni zamanda, yeni dostlar qazanaraq əlaqələrimizi daha da gücləndirməliyik: “Regionumuzda sülhü qorumaq və milli maraqlarımız əleyhinə ola biləcək hər hansı fəaliyyətin qarşısını almaq üçün, xüsusilə erməni lobbisinin əksinə olaraq, dünyanın aparıcı və regional təşkilatları ilə qarşılıqlı əməkdaşlığı artırmalıyıq. Azərbaycan bəzi təşkilatlarla nəinki əməkdaşlıq edir, hətta qurum adından qərarların qəbul olunmasında, əsas strategiyasının hazırlanmasında birbaşa vasitəçilik də edir. Məsələn, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat üzvləri adından irəli sürülən "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin BMT üzv dövlətləri tərəfindən qəbul olunmasını qeyd edə bilərik. Bu kimi ədalətli və humanist dəyərlərə söykənən qlobal səylərlə çıxış etmək geniş düşünməyi bacaran böyük və güclü dövlətlərə xas bir xüsusiyyətdir”.

“Günümüzün həqiqəti, təəssüf ki, soyuq müharibə dövründən dünyamıza mirası qalan güc mərkəzləri arasında siyasi qütbləşmənin heç zaman olmadığı qədər kəskinləşməsidir. Bu siyasi qütbləşmə xüsusilə hərbi sənayedə rəqabətin böyüməsinə, silahlanmanın artmasına gətirib çıxarıb. Nəticədə dünyamızda beynəlxalq hüququn heçə sayılması və münaqişələrin diplomatik yolla yox, artıq güc yollu ilə həll edilməsi reallığı yaranıb. Bu gün Azərbaycan dünya reallığına uyğunlaşmağı bacaran azsaylı ölkələrdən biridir. Belə mürəkkəb siyasi konyutorda Azərbaycan fərqli siyasi qütblərə yaxın təşkilatlarla, regional güc mərkəzləri ilə öz maraqlarına uyğun siyasi və hərbi sahədə əməkdaşlıq edə bilən, regionda söz sahibi bir dövlətə çevrilib. Reallıq odur ki, Rusiya Azərbaycanı strateji tərəfdaş adlandırır və ölkəmiz MDB-ə üzv olan dövlət kimi Əfqanıstandakı NATO missiyasında uğurla iştirak edərək, Kabil hava limanının qorunmasında və evakuasiya işlərində sona qədər dəstək verdi. Həmçinin NATO-nun Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevə bunun üçün təşəkkür etdi və ölkəmizi dəyərli tərəfdaş adlandırdı. Hazırki reallıq odur ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində, enerji xəritəsinin formalaşmasında, mənbələrinin diversifikasiya edilməsində önəmli rol oynayır. Eyni zamanda, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında da aktiv iştirak edir. Azərbaycan yeni geosiyasi reallıq fonunda yeri gələndə dövlət maraqlarımıza uyğun olmayan fəaliyyətləri tənqid edir və ya ona qarşı çıxaraq beynəlxalq prinsiplərlə etirazını bildirir”, - deyə deputat vurğulayıb.

Oxşar xəbərlər