- 17 Sentyabr 18:53
Üç gün əvvəl Azərbaycanda yeni tədris ilinə start verildi. Hər il olduğu kimi, bu il də minlərlə şagird elm və bilik qazanmaq üçün məktəblərə üz tutdu. Lakin yeni dərs ili ilə yanaşı, təhsil sahəsində bəzi problemlər də gündəmə gəldi. Onlardan biri də ölkədə birinci sinifə gedən şagirdlərin sayının xeyli azalmasıdır.
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 2025–2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan 130 mindən çoxu birinci sinif şagirdidir. Müqayisə üçün qeyd edək ki, cəmi yeddi il əvvəl - 2018-ci ildə bu rəqəm 165 min nəfər olub.
Bu kəskin azalma nədən qaynaqlanır? Əgər bu tendensiya davam edərsə, gələcəkdə təhsil sistemi və əmək bazarına necə təsir edə bilər?
Mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandıran təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda doğulan uşaqların sayında ümumi azalma müşahidə edilir.
“Artan boşanma halları uşaqların sayının azalmasına səbəb olur. Azərbaycan boşanma sayına görə dünyada altıncı yerdədir. Ailə planlaması da mühüm amildir. İndi qurulan ailələrdə bir, bəzən iki uşaq dünyaya gəlir. Hətta kənd yerlərində belə bu hal müşahidə olunur. Əhalinin sayı uzun illərdir ki, 11 milyona çatmır. Bu baxımdan birinci sinif şagirdlərinin sayının azalması daha çox ailə planlaması ilə bağlıdır”, - deyə o qeyd edib.
Ekspert əlavə edib ki, bu tendensiya son 4-5 ildə daha da güclənib. Onun sözlərinə görə, 2014-2018-ci illərdə baş verən qlobal iqtisadi böhran da bu prosesə təsir edib: “Hazırda birinci sinifə gedən uşaqlar 6 il əvvəl doğulanlardır. Deməli, həmin dövrdəki iqtisadi çətinliklər doğum səviyyəsinə mənfi təsir göstərib. Əhalinin ən sürətli artımı 2005-2015-ci illərdə qeydə alınmışdı. 2018-ci ildən sonra iqtisadi sabitlik bərpa olunsa da, onun mənfi nəticələri hələ də hiss olunur”
E.Qafarov qeyd edib ki, şagird sayının azalması xüsusilə ucqar bölgələrdə yerləşən məktəblərə mənfi təsir göstərir: “Şəhərlərdə urbanizasiya bu problemi qismən kompensasiya edir. Amma kənd məktəblərində azalma səbəbindən ibtidai siniflərin komplektləşdirilməsi çətinləşir, bəzi məktəblər isə bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Azalma daha çox dövlət məktəblərində hiss olunur. Əksinə, özəl məktəblərə maraq artır. Hazırda ölkədə 34 özəl ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu sahəyə tələbat ilbəil artır. Düzdür, qanunvericiliyin tələblərinə uyğun olaraq məktəb açmaq asan deyil. Eyni zamanda, plansız urbanizasiya səbəbindən məktəblərin fəaliyyət göstərəcəyi binalar və infrastruktur kifayət qədər deyil. Əgər bu imkanlar yaradılsa, özəl məktəblərin sayı qısa müddətdə 100-ü keçə bilər. Bakı və Abşeron ərazisində özəl məktəblərə böyük maraq var”.
Ekspertin sözlərinə görə, birinci sinif şagirdlərinin sayındakı azalma yaxın müddətdə əmək bazarına ciddi təsir göstərməyəcək: “Məsələn, Avropa ölkələrində əhalinin yaşlanması problemi var. Amma Azərbaycanda bu hələ aktual deyil. Yaxın 10-15 ildə də gözlənilmir. Lakin əgər bu tendensiya davam edərsə, 15-20 ildən sonra müəyyən təsirlər hiss oluna bilər.”
Problemin həlli üçün ilk növbədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan ekspert bildirib ki, dövlət bu istiqamətdə müəyyən addımlar atır: “Aqrar sahəyə üstünlük verilməli, kənddən şəhərə miqrasiya dayandırılmalıdır. Kənd yerlərində yaşayanlara güzəştli kreditlər verilməli, yeni iş yerləri yaradılmalıdır. Həmçinin, şəhərdən kəndə köç təşviq olunmalıdır. Bu baxımdan Türkiyə modelindən nümunə götürə bilərik. 1980-ci illərdə bu prosesə başlayan Türkiyə artıq bu sahədə böyük irəliləyiş əldə edib. Bu kimi modelləri Azərbaycanda da tətbiq etmək mümkündür. Əgər insanlar kəndlərə geri qayıtsa, əhali artımı da sürətlənə bilər. Statistik olaraq çoxuşaqlı ailələr əsasən kənd yerlərində formalaşır. 50–70 il əvvəl də şəhərlərdə çoxuşaqlı ailələrə nadir hallarda rast gəlinirdi. Hazırda ailə qurmaqda əsas maneələrdən biri şəhərlərdə mənzil sahibi olmaqdır. Bu səbəbdən müxtəlif dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olar”.
E.Qafarov Qarabağ bölgəsində həyata keçirilən “Böyük Qayıdış” layihəsinin də əhalinin artımına müsbət təsir göstərə biləcəyini deyib: “Qarabağda tikinti və quruculuq işləri gedir, köç edən ailələrə evlər təqdim olunur. Yaxın gələcəkdə bu bölgədə əhali sayının digər rayonlarla müqayisədə daha sürətli artacağı ehtimal olunur. Çünki bu ərazilərdə sosial problemlər dövlət tərəfindən qarşılanır”.
Şəbnəm Mehdizadə