BDU-nun Hüquq fakültəsində 27 Sentyabr Anım Gününə həsr edilmiş tədbir keçirildi - FOTO


  • 26 Sentyabr 2022 17:28

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 Sentyabr Anım Gününə həsr edilmiş tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Soltan MəmmədovBəhruz Məhərrəmov, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan Hüquq fakültənin dekanı Zaur Əliyev bildirib ki, ilk gündən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində işğal altında olan ərazilər, eləcə də strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Vurğulanıb ki, Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunları Vətən müharibəsində könüllü iştirak etmiş, 1 nəfər məzunumuz isə Şalıyev Ceyhun Nüsrət oğlu qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Z.Əliyev deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar. Heydər Əliyev Fondunun bu istiqamətdə genişmiqyaslı tədbirlər və layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı tarix yazan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımızın mərd oğullarından bəhs edib. O, üzünü auditoriyaya tutaraq bugünkü gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü, Vətənin inkişafı üçün hər birimizin öz sahəsində uğur qazanmağının, inkişafının vacibliyini vurğulamış, gənclərə dövlət qayğısından bəhs edib. Soltan Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən, xüsusilə də sosial sahədə həyata keçirilən layihələrdən bəhs etmiş, gənclərin bəhrələnməsi və inkişafı üçün hər zaman Fondun dəstək olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov tələbələrə əldə olunmuş nailiyyətin təkcə hərb meydanında deyil, eyni zamanda uğurlu bir siyasətin nəticəsi olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanınmasına imkan yaratdığını xüsusilə vurğulayıb.

Tədbir İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyevin çıxışı ilə davam edib. Ə. Əliyev Fransada keçirilən Azərbaycanın tarixi, mədəni abidələrinə qarşı erməni terroru ilə bağlı hesabat xarakterli tədbirin iştirakçısı və təqdimatçısı kimi erməni vandalizmindən bəhs edib, bu yaxınlarda Fransada Azərbaycan səfirliyinə olan basqını pisləmiş, beynəlxalq hüququn prinsip və normalarını yenə Ermənistan tərəfindən məhəl qoyulmadan pozulduğunu bildirib.

Əmir Əliyev vurğulayıb ki, bunlara baxmayaraq dövlətimiz elmi və hüquqi dəlillərə əsaslanan sivil formada mübarizəni davam etdirir və dünyaya Azərbaycan həqiqətlərini çatdırır.

Tədbirdə çıxış edən Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Səkinəxanım Rzayeva hər bir azərbaycanlı kimi onun üçün də bugünün çox böyük əhəmiyyət daşıdığını bildirib.

Oxşar xəbərlər