"Şagirdlərlə müəllimlər arasında baş verən xoşagəlməz hallara görə bütün günahı bir tərəfin üzərinə yıxmaq doğru deyil" - Deputat


  • 24 Yanvar 2023 16:31

"Son zamanlar sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində məktəb şagirdləri ilə müəllimlər arasında baş verən xoşagəlməz konfiliktlərin şahidi olmaq təəssüfləndirici haldır".

Bunu e-huquq.az-a açıqlamasına deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva bir neçə gün əvvəl 59 nömrəli məktəbdə müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirərkən deyib.

O bildirib ki, belə hallarda günahı bütövlükdə tərəflərdən birinin üzərinə yıxmaq düzgün deyil.

"Burada müəllimin də, şagirdlərin də, valideynlərin də, o cümlədən məktəb rəhbərliyinin də çox böyük günahı var. Sözügedən hadisə 6-cı sinifdə baş verib. 6-cı sinif şagirdləri hələ uşaqdırlar, yeniyetmə deyillər. Onların bu yaşda sinifdə özlərini belə aparmasının günahı ilk növbədə valideynlərindədir. Çünki valideyn övladına ele tərbiyə verməlidir ki, o, məktəbdə özünü necə aparmalı olduğunu bilsin. Hər bir valideyn öz övladına müəllimin adını uca tutmağı, ona hömət etməyi, sözünə qulaq asmağı öyrətməlidir", - deyə deputat qeyd edib.

K.Əliyeva müəllimlərin də şagirdlərə qayğı ilə yanaşmalı, öz fənnini sevdirməli olduğunu deyib: "Xatırlayıram ki, biz məktəbdə oxuyarkən bizim üçün müəllim ideal bir insan idi. Müəllim bizə fənnini o qədər çox sevdirirdi ki, hətta müəllimə görə gələcəkdə biz də bu peşəyə yiyələnmək, həmin fənni tədris etmək istəyirdik. Ona görə də düşünürəm ki, müəllim yaxşı, savadlı pedoqoq olmaqla yanaşı, eyni zamanda şagirdlərlə düzgün ünsiyyət qurmağı da bacarmalıdır. Öz fənnini şagirdlərə sevdirməyi bacarmalıdır ki, şagirdlərdə ona qarşı məhəbbət yaransın. Müəllim şagirdlərə ana qayğısı göstərməlidir. Zor tətbiq etmək, əlbəttə ki, xoşagəlməz haldır və bu, uşaqlarda müəllimə, onun fənninə qarşı nifrət yaradır".

Deputat, həmçinin onu da deyib ki, müəllimlərlə şagirdlər arasında xoşagəlməz halların baş verməməsi üçün məktəb rəhbərliyi də müvafiq işlər görməlidir: "Müəllim-şagird münasibətlərinin tənzimlənməsində məktəb rəhbərliyinin üzərinə böyük iş düşür. Məktəblərdə həm müəllimlər, həm şagirdlər, həm də valideynlərlə mütəmadi söhbətlər aparılmalı, maarifləndirici tədbirlər həyata keçirilməlidir".

Xəyalə Bünyatova

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu