“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklərin TƏHLİLİ


  • 12:24

Azərbaycan Respublikasının vəkillik institutu müstəqil hüquqi təsisat kimi vətəndaşların hüquqlarının müdafiəsi və hüquqi xidmətlərin təmin olunması sahəsində mühüm rol oynayır. 1999-cu ildən qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, bir tərəfdən vəkilliyin hüquqi çərçivəsini, digər tərəfdən isə vəkillərin hüquq və vəzifələrini müəyyən edir.

Günümüzdə müzakirə olunan, Qanuna təklif edilən dəyişikliklər, əsasən vəkillik fəaliyyətinin əsas prinsiplərinin modernləşdirilməsinə, terminologiyanın dəqiqləşdirilməsinə və vəkilliyin institusional prinsiplərinin gücləndirilməsinə yönəldilmişdir. Bu dəyişikliklər hüquqi yardımın əlçatanlığını, vəkilliyin peşəkar statusunu və insan hüquqlarına hörməti ön plana çıxarır.

Əvvəlki mətndə Qanunun preambulası vəkilliyin hüquq-müdafiə fəaliyyətini fiziki və hüquqi şəxslərə yönəlmiş fəaliyyət kimi təqdim edirdi. Yeni mətndə isə preambuladan “fiziki və hüquqi şəxslər” ifadəsi çıxarılıb. Bu dəyişiklik preambulanı daha geniş və abstrakt bir prinsip üzərində qurur. Artıq vəkillik fəaliyyəti konkret subyektlərə bağlı deyil, hüquqi yardımın ümumi prinsiplərinə (şəffaflıq, insan hüquqlarına hörmət) əsaslanır. Vəkilliyin funksiyası yalnız müəyyən subyektlərlə məhdudlaşmır, geniş ictimai maraq və hüquqi müdafiə perspektivi ön plana çıxır. Qanunun preambulasında insan hüquqlarına və şəffaflığa vurğu, beynəlxalq standartlara uyğunluğu artırır.

Qanunun 1-ci maddəsinin başlığı “Vəkillik fəaliyyətinin əsasları və prinsipləri” kimi verilir, II hissədə “aşkarlıq” yerinə “şəffaflıq, insan hüquqlarına hörmət” ifadələri əlavə olunur.Bu dəyişiklik maddəni daha müasir və peşəkar üsluba uyğunlaşdırıb. “Fəaliyyətin əsasları və prinsipləri” ifadəsi, vəkilliyin həm normativ, həm etik, həm də institutional əsaslarını əhatə edir.Prinsiplərin modernləşdirilməsi və “şəffaflıq” ilə “insan hüquqlarına hörmət”in əlavə olunması vəkillik fəaliyyətini yalnız hüquqi norma çərçivəsində deyil, həm də insan hüquqlarına hörmət və ictimai marağa əsaslanan bir institusional standart kimi göstərir. “İnsan hüquqlarına hörmət” prinsipinin qanunda açıq şəkildə göstərilməsi, beynəlxalq standartlara uyğunluğu təmin edir və vəkillərin etik məsuliyyətini vurğulayır.

1-ci maddəyə təklif olunan dəyişikliklərlə terminoloji dəqiqlik təmin edilir, III hissəsinin 2-ci abzasında “qanunlarına” sözü “normativ hüquqi aktlarına” ifadəsi ilə əvəz olunub. ”Normativ hüquqi aktlar” ifadəsi qanunların, fərmanların, qərarların və digər normativ sənədlərin hamısını əhatə edir. Bu, qanunvericiliyin tətbiqində dəqiqlik və harmonizasiya təmin edir. 3-cü abzasda, hüquqi müdafiəyə aid subyektlər siyahısı genişləndirilib: “və digər dövlət orqanları (qurumları), habelə fiziki, vəzifəli və hüquqi şəxslər”. Müdafiə subyektlərinin genişləndirilməsi vəkilliyin daha geniş spektrdə hüquqi yardım göstərməsinə imkan verir. Nəticə etibarilə, Vəkillik institutunun həm dövlət orqanlarına, həm də fiziki/vəzifəli/hüquqi şəxslərə hüquqi xidmət göstərmək imkanı qanunla tanınır.
Terminoloji dəqiqlik hüquqi mübahisələrin qarşısını alır və praktik tətbiqi asanlaşdırır.

Qanun beynəlxalq standartlara uyğun olaraq vəkilliyin müstəqilliyini qoruyur, eyni zamanda vətəndaşların hüquqlarının müdafiəsini gücləndirir. Qanunun 2-ci maddəsinin Il hissasina "məcəllələri" sözündan sonra "və digər qanunları" sözləri əlavə edilmiş, 3-cü maddənin mətninə "səxslərin" sözündan sonra", habelə dövlət orqanlarının (qurumlarının)" sözləri alavə edilmişdir. Qeyd olunan dəyişiklik qanunvericiliyin mənbələrinin dəqiqləşdirilməsinə xidmət edir. “Və digər qanunları” ifadəsinin əlavə olunması ilə vəkillərin fəaliyyətinə aid olan hüquqi baza daha geniş əhatəli göstərilir; hüquqi müstəvidə vəkillərin və vətəndaşların hüquqlarının qorunması daha aydın təsbit edilir. Maddə 3-dəki dəyişiklik isə vəkillik fəaliyyətinin əhatəsini genişləndirir, bu əhatəyə həm fiziki və hüquqi şəxslərin, həm də dövlət qurumlarının hüquqlarının qorunması şamil edilir.

Qanunun 4-cü maddədinə təklif olunan dəyişikliklə vəkillik fəaliyytinin anlayışı yenilənir.Təklif olunan redaksiyada vəkillik fəaliyyəti yalnız fiziki və hüquqi şəxslərin deyil, həm də dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə həyata keçirilən müstəqil hüquqi fəaliyyət kimi təqdim olunur. Bu yanaşma vəkilliyin ictimai əhəmiyyətini daha geniş şəkildə ortaya qoyur; vəkil yalnız fərdi şəxslərin deyil, dövlət institutlarının da hüquqlarını qoruyan müstəqil hüquqi subyekt kimi mövqeləndirilir. Dövlət orqanlarının da hüquqi yardım alma imkanının vurğulanması vəkillərin fəaliyyətini daha sistemli və kompleks edir.

Qanunun 5-ci maddəsinə təklif olunan dəyişiklik vəkillə müqavilənin yazılı formada bağlanması ilə bağlıdır. Bu dəyişiklik vəkil–hüquqi yardım göstərilən şəxs münasibətlərində hüquqi aydınlığı və hüquqi müəyyənliyi gücləndirir. Yazılı müqavilə tərəflərin hüquq və vəzifələrini daha dəqiq təsbit edir, mübahisələrin qarşısını alır və hüquqi təminatı artırır. Həmin madənin 5-ci hissədəki digər dəyişikliklə vəkil fəaliyyət qaydalarının yalnız qanunla deyil, həm də Vəkillər Kollegiyasının ümumi yığıncağının qərarları ilə müəyyən edilməsi bu institutun özünüidarəçilik mexanizmlərini gücləndirir. Həmçinin həmin hissənin 2-ci abzasına dəyişiklik, vəkil qurumlarının kommersiya məqsədli fəaliyyət göstərmədiyini daha açıq şəkildə təsdiq edir. Bu, vəkilliyin əsas mahiyyəti – ictimai faydalı peşəkar hüquqi yardım xidməti prinsipi ilə tam uzlaşır. 5-ci maddənin VI hissəsindəki dəyişikliklə vəkil qurumlarının qeydiyyatdan keçmə mexanizminə Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmə əlavə olunmaqla vəkil qurumlarının yaradılmasında özünütənzimləyən yanaşma gücləndirilir. Bu dəyişiklik təşkilati-hüquqi formaların qanuniliyi və şəffaflığını artırır, vəkillik institutuna ictimai inamı möhkəmləndirir. Qanunun 6-cı maddəsinin III hissəsinin aşağıdakı redaksiyası təklif olunur: “III. Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər yalnız öz fəaliyyətinin təbiəti ilə bağlı vəkilliyin rəmzlərindən istifadə edə bilərlər”. Məlum olduğu kimi mövcud qanunda vəkilliyin rəmzləri (dövlət bayrağı, gerb və rəsmi emblem) təsbit olunmuş, həmçinin rəsmi emblem və geyim formasının təsviri Kollegiyanın ümumi yığıncağına həvalə edilmişdir.Təklif olunan dəyişiklik bu rəmzlərin istifadəsi ilə bağlı çərçivə qoyur – yəni vəkillər və ya vəkil qurumları bu rəmzlərdn yalnız öz fəaliyyətləri ilə əlaqədar hallarda istifadə edə biləcəklər. Bu, vəkilliyin rəmzlərinin kommersiya, şəxsi təşviqat və ya qanuna zidd məqsədlərlə istifadəsinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, vəkilliyin simvolikası qorunur, onun nüfuzu və rəsmi statusu möhkəmləndirilir.

Qanunun 7-ci maddəsinin I hissəsinin yeni redaksiyası (Hüquqi şəxslər və dövlət orqanları (qurumları) normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda öz peşə vəzifələrini yerinə yetirən vəkillərə yardım etməlidirlər) mövcud qanundakı “idarə, müəssisə və təşkilatlar” ifadəsini “hüquqi şəxslər və dövlət orqanları” terminləri ilə əvəz etməklə hüquqi texnika baxımından qanunda dəqiqlik və normativ uyğunluğu təmin edir. Ən əsası isə yardım öhdəliyi artıq qanunda təsbit olunur.Bu, həm vəkillərin səlahiyyətlərini aydınlaşdırır, həm də hüquqi təminatların qanunilik prinsipi əsasında həyata keçirilməsini təmin edir. Maddənin III hissəsinin 1-ci abzasının yeni redaksiyası (vəkilin vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan hallar barədə dindirilməsi qadağandır) vəkil sirrinin təminatı – vəkilin peşə fəaliyyəti ilə bağlı dindirilməsinin qadağan olunması, müdafiə hüququnun toxunulmazlığını möhkəmləndirir. Təklif olunan dəyişiklik həmin müddəanı qısa və daha konkret formada ifadə edir. Qanunun 8-ci maddəsinin I hissəsinə dəyişikliklə (Vəkil) vəkil olmaq üçün iş stajı tələbi 3 ildən 1 ilə endirilir, elmi müəssisələrdə və təhsil müəssisələrində hüquq sahəsində 1 ildən az olmayan fəaliyyət də kifayət hesab olunur, ixtisas imtahanı yazılı test və müsahibədən ibarət qalır, əvvəllər vəkil və ya hakim olmuş şəxslər yalnız bir dəfə imtahansız müsahibədə iştirak etmək hüququ qazanırlar; intizam qaydasında vəzifədən uzaqlaşdırılanlar və ya Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyətinə xitam verilənlər isə bu imtiyazdan məhrum edilirlər. Hüquq elmləri doktoru, fəxri ad sahibləri, Konstitusiya Məhkəməsi hakimləri və ali instansiya məhkəmələrinin sədrləri əvvəlki kimi imtahansız qəbul edilir. Bu dəyişikliklə peşəyə giriş şərtlərinin yumşaldılması (3 ildən 1 ilə endirilməsi) hüquqşünaslar üçün vəkilliyə çıxış imkanlarını asanlaşdırır və gənc hüquqşünasların hüquqi yardım sahəsinə daha tez daxil olmasını təmin edir. Əvvəllər vəkil və ya hakim olmuş şəxslər üçün imtiyazların məhdudlaşdırılması peşəyə qayıdış prosesində obyektivliyi və keyfiyyəti artırır. Akademik və fəxri statuslu şəxslərə verilən imtiyazların saxlanılması isə hüquqi elmin və təcrübənin vəkilliyə inteqrasiyasını təşviq edir.

Qanunun 8-ci maddəsinin IV hissəsinə təklif olunan dəyişiklik isə dövlət qulluğu ilə vəkillik münasibətlərini tənzimləyir. Dəyişikliyə görə mövcud redaksiyada olduğu kimi dövlət qulluğuna qəbul edilən vəkilin fəaliyyəti dayandırılır. Əgər həmin şəxs dövlət qulluğunda 2 ildən çox çalışıbsa, vəkilliyə qayıtmaq üçün icbari təlimi müvəffəqiyyətlə keçməlidir. Əgər dövlət qulluğunda 2 ildən az işləyibsə və ya hüquqşünaslıq üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçibsə, vəkilliyə qayıtmaq üçün təlim tələbi yoxdur.

Bu dəyişiklik dövlət qulluğu ilə vəkillik arasında peşəkar balansı qorumağa yönəlib. Uzun müddət dövlət orqanlarında çalışan şəxslərin vəkilliyə qayıdarkən yenidən hazırlıq keçməsi onların biliklərinin müasir tələblərə uyğunluğunu təmin edəcək. Qısa müddətli dövlət qulluqçuları və hüquqi vəzifələrdə çalışanlar üçün əlavə məhdudiyyətlərin olmaması isə peşəyə geri dönüşdə çevikliyi qoruyur.

8-ci maddənin V hissəsinə təklif edilən dəyişikliklə vəkil statusunu almamış şəxslərin “vəkil” adından istifadə etməsinə görə məsuliyyət nəzərdə tutulur. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin özünə və ya təşkilatının adına “vəkil” sözünü, onun digər dillərə tərcüməsini və törəmə ifadələrini işlətməsi qadağan edilir. Mövcud redaksiyada eyni məsuliyyət nəzərdə tutulsa da, yeni redaksiya daha geniş və əhatəli qadağa nəzərdə tutur. “Vəkil” sözünün müxtəlif dillərdə tərcüməsinin istifadəsinə də qadağa gətirməklə saxta hüquqi xidmətlərin qarşısı alınır. Bu, vəkillik institutunun ictimai etibarını və peşə nüfuzunu qoruyur. Qanunun 8-1- ci maddəsinin I hissəsinə əlavəylə Qanunun 8-ci maddəsinin II hissəsində qeyd edilən şəxslərin (məsələn, ikili vətəndaşlığı olan, fəaliyyət qabiliyyəti olmayan, müəyyən cinayətlərə görə məhkumluğu olan şəxslər və s.) vəkil köməkçisi ola bilməyəcəyi açıq şəkildə göstərilir. Vəkil köməkçisi statusuna kimlərin qəbul edilə bilməyəcəyi barədə hüquqi boşluq aradan qaldırılır. Bu, gələcəkdə peşəyə hazırlıq mərhələsində etibarlılığın qorunmasına xidmət edir.

Həmin maddənin II hissəsinin yeni redaksiyası vəkil köməkçisinin fəaliyyətini daha konkretləşdirir. Mövcud redaksiyada vəkil köməkçisi ilə bağlanan əmək müqaviləsinin forması və qaydası Kollegiyanın Rəyasət Heyətinin müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Yeni redaksiyada isə bu tələb aradan qaldırılır. Mövcud redaksiyada əmək müqaviləsi ilə bağll Kollegiyanın müəyyən etdiyi forma və qaydalar tələbi əlavə inzibati yük yaradırdı. Yeni dəyişiklik bu yükü azaldaraq, əmək münasibətlərini sadələşdirir və daha çevik edir. Həmin maddənin 3-cü hissəsinə “qanuni” sözünün əlavə olunması hüquqi dəqiqlik gətirir. Vəkilin köməkçisinin fəaliyyətinin yalnız qanuni tapşırıqlar əsasında həyata keçirilməli olduğu vurğulanır. “Qanuni” sözünün əlavə edilməsi vəkil köməkçisinin fəaliyyətinə dair hər hansı sui-istifadə riskini minimuma endirir və tapşırıqların yalnız qanuni əsaslarla icrasını təmin edir. Maddəyə yeni əlavə olunan 5-ci hissə vəkil köməkçiləri barədə məlumatların xüsusi reyestr bölməsinə daxil edilməsini nəzərdə tutur. Bu, şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsi deməkdir. Köməkçilərin ayrıca reyestrdə qeydiyyatı onların statusunu daha aydın müəyyənləşdirir, həm ictimaiyyət, həm də Kollegiya üçün hesabatlılıq və şəffaflıq imkanlarını artırır.

Qanunun 9-cu maddəsinin I hissəsinin mövcud redaksiyada sadəcə “Azərbaycan Respublikasında Vəkillər Kollegiyası fəaliyyət göstərir” ifadəsi var idi. Təklif olunan redaksiyada isə “vahid” sözü əlavə edilir. Bu, ölkə ərazisində yalnız bir mərkəzi vəkillik özünüidarə qurumunun mövcudluğunu hüquqi cəhətdən daha aydın təsbit edir, vəkilliyin mərkəzləşdirilmiş, monolit sistem şəklində fəaliyyətini təmin edir. Bu, vəkilliyin parçalanmasının və paralel qurumların yaranmasının qarşısını alır, həm də dövlətlə münasibətlərdə Kollegiyanın təmsilçiliyini gücləndirir. Maddənin II hissəsinə – “qeyri-kommersiya” sözlərinin əlavə olunması ilə Vəkillər Kollegiyasının hüquqi şəxs statusunun eyni zamanda “qeyri-kommersiya” xarakterli olduğu vurğulanır. Qeyri-kommersiya statusunun təsbiti Vəkillər Kollegiyasının mənfəət məqsədi daşımamasını, hüquqi yardımın ictimai və peşəkar xarakterini vurğulayır. Bu, həm də Kollegiyanın fəaliyyətinin şəffaflığını və onun kommersiya maraqlarından asılı olmamasını təmin edir.

IV hissə üzrə isə Kollegiyanın orqanlarının genişləndirilməsi nəzərdə tutulur. Mövcud redaksiyada yalnız Ümumi yığıncaq və Rəyasət Heyəti Kollegiyanın orqanı kimi göstərilirdi. Yeni redaksiyada isə İntizam Komissiyası və İxtisas Komissiyası da Kollegiyanın orqanı kimi rəsmiləşdirilir. Həmçinin qanunvericiliyə uyğun olaraq Kollegiyanın regional qurumlar, hüquqi yardım mərkəzləri və tədris mərkəzləri yarada biləcəyi təsbit edilir. İntizam və İxtisas komissiyalarının Kollegiyanın əsas orqanları kimi tanınması onların statusunu gücləndirir və qəbul etdikləri qərarların legitimliyini artırır. Bundan başqa, regional qurumların, hüquqi yardım və tədris mərkəzlərinin yaradılmasına hüquqi baza verilməsi vəkillik fəaliyyətinin regionlarda daha əlçatan olmasına, vəkillərin peşəkarlığının artırılmasına xidmət edir.

Maddənin V hissədinə – dövlət hesabına göstərilən hüquqi yardımın ödənişi ilə bağlı yeni abzas əlavə olunmaqla dövlət hesabına göstərilən hüquqi yardım üçün nəzərdə tutulan vəsaitlər birbaşa vəkil qurumlarının və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesabına köçürülməsi nəzərdə tutulur. Hüquqi yardım üzrə ödənişlərin birbaşa vəkillərin bank hesabına köçürülməsi mexanizmi şəffaflığı artırır, bürokratik ləngimələrin qarşısını alır və vəkillərin dövlət hesabına işlərdə maraqlı olmasını təmin edir.

Qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliklərlə (1-ci hissənin yeni redaksiyası) Vəkillər Kollegiyasının Ümumi yığıncağının (konfransın) səlahiyyətləri daha ətraflı və sistemli şəkildə sadalanır. Aşağıdakı səlahiyytlər əlavə edilir: Vəkillərin intizam və ixtisas komissiyalarının əsasnamələrinin təsdiqi, dəyişdirilməsi,regional qurumların, hüquqi yardım və tədris mərkəzlərinin fəaliyyətinə dair monitorinq qaydasının müəyyən edilməsi; vəkil orderinin və order markasının forması, hazırlanması və istifadə qaydası; icbari tədris tədbirlərinin minimal saat sayının müəyyən edilməsi; Kollegiyanın maliyyə-təsərrüfat hesabatının təsdiqi Ümumi yığıncağın institusional güclənməsi. Yeni səlahiyyətlərin əlavə edilməsi vəkil özünüidarəsinin ən ali orqanı kimi Ümumi yığıncağın rolunu gücləndirir. Bu, həm demokratik legitimliyi artırır, həm də Kollegiyanın fəaliyyətinə ictimai etimadı möhkəmləndirir. Kollegiyanın büdcəsi, maliyyə-təsərrüfat hesabatı, icbari tədris tədbirləri və order markası ilə bağlı qaydaların təsdiqini Ümumi yığıncağa həvalə etməklə, qərarların qapalı şəkildə deyil, geniş nümayəndəlik çərçivəsində qəbul olunmasına şərait yaradılır. İcbari tədris saatlarının təsdiqi və monitorinq qaydalarının müəyyən edilməsi vəkillərin peşəkar hazırlığının və fəaliyyət keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Maddəyə yeni I-1 hissə əlavə edilir, mövcud qanunda olan “500-dən çox üzv olarsa, səlahiyyətləri konfrans həyata keçirə bilər” müddəası ayrıca hissə kimi ayrılır. Bu, normanın dəqiqliyini və hüquqi texnika baxımından aydınlığını artırır. Maddənin III hissəsinin yeni redaksiyası ilə Ümumi yığıncağın çağırılması qaydası daha da dəqiqləşdirilir:

Müəyyən edilir ki, Ümumi Yığıncaq ən azı üç ildən bir çağırılmalıdır; Növbədənkənar Ümumi yığıncaq üzvlərin üçdə birinin tələbi və ya Rəyasət Heyətinin qərarı ilə çağırıla bilər; çağırıldıqda Rəyasət Heyəti bu yığıncağı iki ay ərzində təşkil etməlidir.

Əvvəlki redaksiyada zərurət olduqda çağırılma imkanı daha məhdud (iki ildən bir dəfədən çox olmamaq şərti ilə) qoyulmuşdu. Yeni variant bu məhdudiyyəti aradan qaldırır. Növbədənkənar yığıncağın çağırılması mexanizminin genişləndirilməsi və məhdudiyyətlərin aradan qaldırılması Kollegiya üzvlərinin iradəsinin daha çevik şəkildə nəzərə alınmasını təmin edir. Bu, kollektiv qərarvermədə şəffaflıq və demokratikliyə töhfə verir.

Qanunun 11-ci maddədinin mövcud redaksiyasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səlahiyyətləri və seçilmə qaydaları müəyyən edilib. Bu maddəyə təklif olunan dəyişikliklər həmin səlahiyyətlərin əhatə dairəsini genişləndirir və həmçinin qərarların qəbul edilməsi mexanizmlərini daha aydınlaşdırır. Əsas dəyişikliklərlə terminloji dəqiqləşmə edilərək, “Rəyasət” sözündən əvvəl “Vəkillər Kollegiyası” sözünün əlavə edilməsi hüquqi mətnin dəqiqliyini artırır, orqanın konkret aidiyyatını göstərir. “Yığıncağında” sözündən sonra “(konfransında)” sözünün əlavə olunması terminoloji vahidliyi təmin edir. Rəyasət Heytinin səlahiyyətlərinə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişlərin sənədləşdirilməsi və köçürülməsi qaydalarının müəyyən edilməsi, vəkil qurumlarının, regional, hüquqi yardım və tədris mərkəzlərinin yaradılması, onların büdcə və struktur təsdiqi, vəkillərin fəaliyyətinə mütəmadi (azı 3 ayda bir dəfə) monitorinq aparılması,vəkillərin üzvlük haqlarından azadolma və ya endirimlə bağlı qərar qəbul edilməsi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun icrası ilə bağlı tədbirlərin görülməsi, vəkilin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin müəyyən edilməsi əlavə edilir.

Seçki və qərarvermə prosedurlarında dəyişiklik edilərək Rəyasət Heyəti iclaslarında qərarların açıq səsvermə yolu ilə qəbul olunacağı qeyd edilir, səslər bərabər olduqda iclasa sədrlik edənin səsinin həlledici olması norması əlavə olunur. Bu dəyişikliklər bir neçə mühüm istiqamətdə əhəmiyyət daşıyır. Rəyasət Heyətinin səlahiyyətlərinin dəqiq sadalanması həm üzvlər, həm də ictimaiyyət üçün şəffaf idarəçiliyi təmin edir. Monitorinq mexanizmi və metodik tövsiyələrin hazırlanması vəkillərin peşəkarlığını artırmağa xidmət edir. Dövlət hesabına göstərilən hüquqi yardımın ödənişi, üzvlük haqlarına güzəştlər və maliyyə idarəçiliyi mexanizmləri daha sistemli şəkildə formalaşdırılır.

Vəkillərin fəaliyyətində “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı” tədbirlərin tətbiqi həm dövlətin milli təhlükəsizliyinə, həm də beynəlxalq öhdəliklərinin icrasına xidmət edir.

Açıq səsvermə və sədrin həlledici səs hüququ idarəçilikdə demokratik prinsiplərlə yanaşı, effektiv qərar qəbulunu da təmin edir. Nəticə etibarilə təklif olunan dəyişikliklər Vəkillər Kollegiyasının Rəyasət Heyətini daha səlahiyyətli, funksional və məsuliyyətli orqana çevirir. Bu, həm vəkillərin peşəkar inkişafı, həm hüquqi yardımın keyfiyyətinin artırılması, həm də cəmiyyətin dövlət hesabına hüquqi yardımdan daha ədalətli və şəffaf şəkildə faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

11-ci maddəyə təklif olunan dəyişiklikdən biri də maddənin II hissəsindəki “Heç kəs iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməz” cümləsinin çıxarılmasıdır. Bu dəyişiklik həm vəkillərin hüquq və seçim azadlığını artırır, həm də Rəyasət Heyətinin fəaliyyətində peşəkarlıq və davamlılıq prinsiplərini gücləndirir. Bu, təcrübəli və nüfuzlu şəxslərin Rəyasət Heyətində fəaliyyətini davam etdirməsinə imkan yaradır. Peşəkar sabitlik,yəni yüksək peşəkar səviyyəyə malik sədrlərin davamlı seçilməsi Kollegiyanın fəaliyyətinin dayanıqlığını və idarəetmənin keyfiyyətini artırır. Təkrar seçilmə məhdudiyyətinin ləğvi Rəyasət Heyətinin işində kontinuiteti təmin edir və uzunmüddətli strateji qərarların qəbulunu asanlaşdırır.

Qanunun 12-ci maddəsinin mövcud redaksiyasında Vəkillər Kollegiyası sədrinin əsas funksiyaları sadalanır. Lakin təklif olunan dəyişikliklərlə sədrin səlahiyyətləri daha da dəqiqləşdirilir və genişləndirilir: Sədr Kollegiyanı rəsmi olaraq təmsil edir, Rəyasət Heyətinin işini təşkil edir; Aparatın işinə rəhbərlik etmək və işçilərin işə qəbulunu, işdən azad edilməsini həyata keçirmək səlahiyyəti konkretləşdirilir. Əmək və icra intizamına riayət olunmasına nəzarət funksiyası sədrin məsuliyyətini artırır. Statistik hesabatların təhlilini təşkil etməsi, həm daxili fəaliyyətin, həm də ümumi hüquqi yardım sisteminin vəziyyətinə nəzarəti gücləndirir. Sədrin vətəndaşları qəbul etməsi, onların ərizə və şikayətlərinə baxılması ilə bağlı işlərin təşkili şəffaflıq və ictimaiyyətə açıqlıq baxımından mühüm rol oynayır.
Təsdiq olunmuş smeta çərçivəsində maliyyə vəsaitləri üzərində sərəncam vermək səlahiyyəti sədrin Kollegiyanın maliyyə idarəçiliyindəki əsas rolunu göstərir. Təklif olunan dəyişikliklər Rəyasət Heyəti sədrinin səlahiyyətlərini daha aydın, sistemli və funksional edir. Bu isə idarəetmədə çevikliyi, maliyyə intizamını, vətəndaşlara xidmətin keyfiyyətini artırmaqla yanaşı, Vəkillər Kollegiyasının nüfuzunu və institusional dayanıqlığını gücləndirir.

Qanunun 13-cü maddəsinə (Vəkillərin İxtisas Komissiyası) terminaloji dəqiqləşmələr (“normativ hüquqi aktlar”, “üzvlərinin ümumi yığıncağı (konfransı)”) hüquqi mətni daha aydın və peşəkar edir, tətbiq zamanı anlaşılmazlıqların qarşısını alır. İxtisas Komissiyasının üzvlərinin sayı 11 nəfərdən 13 nəfərə qaldırılır. Bununla yanaşı, Komissiyada vəkillərin sayı 5-dən 7-yə artırılır. Bu, vəkillərin öz peşə qurumlarının idarə olunmasında daha geniş təmsilçiliyini təmin edir. Komissiyanın səlahiyyət müddətinin 5 il olaraq müəyyənləşdirilməsi hüquqi sabitliyi artırır, üzvlərin fəaliyyəti üçün planlı və davamlı mühit yaradır. Maddənin VII hissəsində edilən dəyişikliklə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan şikayətin yalnız “qanunvericiliyə” deyil, həm də “normativ hüquqi aktların” düzgün tətbiqi baxımından məhkəməyə verilməsi nəzərdə tutulur. Bu, müdafiə imkanlarını daha da genişləndirir. Bu dəyişikliklər Vəkillərin İxtisas Komissiyasını daha təmsilçi, şəffaf və hüquqi cəhətdən dəqiq bir orqan halına gətirir. Nəticədə, həm vəkilliyə qəbul prosesində obyektivlik və şəffaflıq artır, həm də peşənin müstəqilliyi möhkəmlənir.

Qanunla ilk dəfə olaraq vəkilin xidməti vəsiqəsi ayrıca maddə kimi daxil edilib. Əsas müddəalar ondan ibarətdir ki, vəkil and içdikdən sonra xidməti vəsiqə alır; vəsiqə vəkilin Kollegiyaya üzvlüyünü təsdiq edən rəsmi sənəddir; vəsiqənin forması, verilməsi qaydası və etibarlılıq müddəti Rəyasət Heyəti tərəfindən müəyyən edilir; vəsiqə itirildikdə, məlumatları dəyişdikdə və ya etibarlılıq müddəti bitdikdə yenisi verilir.

Vəkilliyin dayandırılması və ya xitamı halında vəsiqə geri alınır və hüquqi qüvvəsini itirir. Bu dəyişiklik vəkilin statusunu rəsmi sənəd üzərindən daha aydın təsdiq edir və praktiki fəaliyyət zamanı (məhkəmə, istintaq orqanları, dövlət qurumları və s.) onun hüquqi tanınmasını asanlaşdırır.

Qanunun 15-ci maddəsindəki dəyişikliklərlə vəkillərin sənəd toplamaq, arayışlar və məlumatlar əldə etmək səlahiyyətləri daha aydın və geniş formada ifadə olunub. Buraya daşınmaz əmlak reyestrindən məlumat alma hüququ da açıq şəkildə əlavə olunub. Maddəyə vəkillərin kassasiya instansiyasında özünü təmsil etmə hüququ ayrıca abzas kimi göstərilib. Bu dəyişikliklər vəkilin səlahiyyətlərini həm müdafiə və təmsil dairəsi, həm də informasiya əldə etmək imkanları baxımından genişləndirir.

Qanuna “vəkil orderi”və “vəkil sorğusu”adlı yeni maddələr əlavə olunması təklif edilir. Vəkil orderi və vəkil sorğusu hüquqi yardımı rəsmiləşdirən və institusional çərçivəyə salan mühüm alətlərdir. Vəkil orderi ilə vəkil artıq təsadüfi nümayəndə kimi deyil, dövlət tərəfindən tanınmış peşəkar hüquqi yardım göstərən şəxs kimi çıxış edir. Bu, vəkilin səlahiyyətlərini hüquqi baxımdan təsdiqləyən vahid sənəd sistemi yaradır, sui-istifadə imkanlarını azaldır və şəffaflıq gətirir. Order vasitəsilə vəkilin səlahiyyətləri dəqiq müəyyənləşir və mübahisə doğurmur. Order markası və unikal seriya sistemi saxtalaşdırma və sui-istifadə hallarının qarşısını alır.

Sorğu vasitəsilə vəkil zəruri sənədləri vaxtında və qanuni əsaslarla əldə edə bilir ki, bu da işlərin operativ və keyfiyyətli aparılmasına xidmət edir. Sorğu mexanizmi ilə dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin məlumat verməsi öhdəliyi vəkilin müdafiə funksiyasını gücləndirir. Bu həm də vətəndaşların müdafiə hüququnun reallığını təmin edir. Vəkil sorğusuna cavab verilmə müddətinin 7 iş günü olaraq qanunda müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu norma hüquqi yardımın operativliyini təmin edir, vəkilin müdafiə funksiyasını vaxtında yerinə yetirməsinə imkan yaradır, dövlət orqanlarının və digər qurumların məsuliyyətini və hesabatlılığını artırır, məlumatların ləngimədən təqdim olunması ilə vətəndaşların ədalət mühakiməsinə çıxış hüququnu gücləndirir. Vəkil orderi və sorğusu institutları bir çox ölkələrdə mövcuddur. Azərbaycanda da bu mexanizmlərin tətbiqi vəkilliyin fəaliyyətini beynəlxalq təcrübəyə yaxınlaşdırır.

Qanunun 16 və 16-1 maddələrinə təklif edilən dəyişikliklər vəkillərin vəzifələri və peşə hazırlığı ilə bağlıdır və onların peşə fəaliyyətinin həm hüquqi, həm də etik çərçivəsini daha da möhkəmləndirir. Dəyişikliklər vəkilin öhdəliklərinin yalnız konkret peşə fəaliyyəti zamanı deyil, Kollegiyaya üzvlük müddəti ərzində davamlı xarakter daşımasını təmin edir. Yəni, vəkil daimi olaraq qanunun tələblərinə və etik normalara bağlı olur. Vəkilin qanuna yalnız əməl etməsi deyil, həm də davranışlarında qanunun rəhbər prinsip kimi əsas tutulması vurğulanır. Əlavə öhdəliklər (üzvlük haqqının ödənilməsi, dövlət hesabına hüquqi yardım, icbari tədris, Kollegiya qərarlarının icrası) vəkillərin həm maddi, həm sosial, həm də peşə məsuliyyətlərinin balanslı şəkildə bölüşdürülməsinə xidmət edir. Belə ki,dövlət hesabına hüquqi yardımın məcburiliyi sosial ədalət və hüquqi yardımın əlçatanlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

İcbari tədris peşəkar biliklərin daim yenilənməsini təmin edir. Kollegiya qərarlarının icrası peşə özünüidarəsinin effektivliyini gücləndirir. Maddənin III hissəsinin yeni redaksiyası-vəkilin hansı işlərdə nümayəndə və ya müdafiəçi kimi iştirak edə bilməyəcəyi ilə bağlı istisnaların yalnız prosessual qanunvericiliklə müəyyən edilməsi, hüquqi dəqiqliyi və normativ vahidliyi artırır. IV hissəyə ( Hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş fiziki və hüquqi şəxslərə məxsus və iddia obyekti olan əmlakın və hüquqların vəkil tərəfindən öz adına və ya başqa şəxslər üçün alınması və başqa yolla əldə edilməsi qadağandır) ”şəxslrə” sözündən sonra, habelə “ dövlət orqanlarına” ifadəsinin əlavə olunması hüquqi yardım zamanı vəkilin maraq toqquşması risklərinin qarşısını daha geniş dairədə almağa xidmət edir. Qısa desək, bu dəyişikliklər vəkilin yalnız hüquqi yardım göstərən şəxs deyil, həm də cəmiyyət qarşısında məsuliyyətli, daima peşəkarlığını artıran və sosial ədalətə xidmət edən hüquq institutunun üzvü olmasını təmin edir.

Maddə 16-1-in yeni redaksiyası (icbari qaydada tədris tədbirlərində iştirak) Vəkillərin davamlı təhsil mexanizmini gücləndirir, fərdi seçimdən çıxarıb peşə öhdəliyinə çevirir. İcbari tədris və daimi öhdəliklər vəkillərin biliklərinin daim yenilənməsini və hüquqi yardımın keyfiyyətinin yüksəlməsini təmin edir.

Qanunun 17-ci maddəsinin yeni redaksiyasında vəkil sirrini təşkil edən hallar daha konkret və geniş şəkildə sadalanır: vəkilin aldıqı məlumatlar, verdiyi məsləhətlər, hazırladığı sənədlər, rəylər və arayışlar, hüquqi yardıma müraciət faktı, müqavilənin mətni və bağlanılması faktı,imtina halları və imtinanın səbəbləri. Bu, həm vəkilin peşə fəaliyyətinin daha çox sahəsini sirr anlayışına daxil edir, həm də müştərinin məxfilik hüququnu gücləndirir. Yeni redaksiyada açıq şəkildə qeyd olunur ki, hüquqi yardım alan şəxs vəkildən imtina etsə belə, vəkil sirri qorunmalıdır. Mövcud redaksiyada bu vurğulanmırdı. Yeni redaksiyada təkcə vəkillərdən yox, həm də köməkçilərdən, vəkil qurumlarından, fəaliyyəti dayandırılmış və ya xitam verilmiş vəkillərdən belə sirrin tələb olunmasının yolverilməzliyi təsbit edilir. Mövcud redaksiyada vəkil sirrinin toxunulmazlığı bu qədər açıq və geniş formada ifadə olunmur. Bu dəyişikliklər vəkil sirrinin anlayışını genişləndirir, möhkəmləndirir və daimi xarakterli edir. Bununla həm vəkilliyin institusional nüfuzu artır, həm də vətəndaşların hüquqi yardıma müraciət etmək inamı daha da güclənir.

Qanunun 18-ci maddəsinə nəzərdə tutulan dəyişikliklərlə vəkilin etik öhdəlikləri yalnız faktiki fəaliyyət dövrü ilə məhdudlaşdırmır, üzvlüyü davam etdiyi müddət ərzində bütün halları əhatə edir. Yəni, vəkil iş aparmasa da, üzvlükdə olduğu müddətdə etik qaydalara əməl etməlidir. Etik məsuliyyətin genişləndirilməsi – vəkil yalnız peşə fəaliyyəti zamanı deyil, bütün üzvlük dövründə etik normalara tabe olur. Bu, vəkilliyin cəmiyyət qarşısında nüfuzunu qoruyur.

”Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş vəkillərin davranış qaydaları haqqında Əsasnamə” ifadəsi isə dəqiqləşdirilərək “Kollegiya üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul olunmuş vəkillərin etik davranış qaydaları” şəklində verilir. Burada həm hüquqi texnika dəqiqləşdirilir, həm də etik qaydaların hüquqi əsası daha dəqiq göstərilir. Bu dəyişikliklər etik davranış qaydalarının hüquqi qüvvəsini artırır və vəkilin etik məsuliyyətini daha geniş çərçivədə təmin edir.

Qanunun 19-cu maddəsinin(Hüquqi yardım haqqı) III hissəsində “Vəkilin xidmətlərini” ifadəsi “Hüquqi yardım haqqını” sözləri ilə əvəz olunur. Bu, terminoloji dəqiqlikdir: vəkilin fəaliyyəti hüquqi yardım kimi qanunda təsbit olunub, “xidmət” anlayışı isə kommersiya fəaliyyəti ilə assosiasiya oluna bilərdi.

Qanunun 20-ci maddəsinə təklif edilən dəyişikliklər dövlət hesabına hüquqi yardımın dairəsini genişləndirir, yəni bu hüquqi yardımın qanunda sonradan nəzərdə tutulacaq hallara da tətbiq olunmasını təmin edir. Bu, hüquqi yardımın çevik və gələcəkdə ehtiyaclara uyğunlaşdırıla bilən mexanizm olmasına imkan yaradır.

Qanunun 21-ci maddəsinə (Vəkillərin İntizam Komissiyası) nəzərdə tutulan dəyişikliklər, yeni III hissənin əlavə olunması – intizam icraatı zamanı vəkillərin hüquq və vəzifələrinin qorunması, yəni müdafiə hüququnun təmin edilməsi məqsədi daşıyır. ”Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş ildir” cümləsinin əlavə olunması – Komissiyanın fəaliyyətinin müddətli olması intizam nəzarətində sabitlik və yenilənmə təmin edir. Səlahiyyət müddətinin müəyyən edilməsi hüquqi sabitliklə yanaşı hesabatlılıq mexanizmini də gücləndirir.

Qanunu 22-ci maddəsinə təklif edilən dəyişikliklər vəkillərin intizam məsuliyyəti ilə bağlı müddəaları əhatə edir. Mövcud redaksiyada intizam məsuliyyətinin ümumi əsasları müəyyən olunsa da, təklif olunan dəyişikliklər bu sahədə daha aydın, sistemli və səmərəli mexanizmlər yaratmağı hədəfləyir. Təklifdə göstərilir ki, qanun və digər normativ hüquqi aktların, habelə “Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamə”nin tələbləri pozulduqda, eləcə də il ərzində minimal icbari tədris saatları toplanmadıqda vəkil intizam məsuliyyətinə cəlb olunur. Bu, peşəkarlığın artırılması və davamlı təhsilin təmin olunması baxımından mühüm yenilikdir.İntizam icraatının müddəti uzadılır və şəffaflaşdırılır.

Mövcud qaydalarda intizam icraatının müddətləri kifayət qədər konkret deyildi. Yeni dəyişikliklərlə İntizam Komissiyasına intizam araşdırması üçün 3 ay müddət verilir, zəruri hallarda əlavə 3 ay uzadılmasına imkan yaradılır. Bu, həm araşdırmanın obyektiv aparılmasına, həm də süründürməçiliyin qarşısının alınmasına xidmət edir. İntizam tənbehlərinin dairəsi genişləndirilir. Sadəcə xəbərdarlıq və töhmətlə kifayətlənməyərək, üzvlük haqqının 10 misli miqdarda cərimə, fəaliyyətin 3 aydan 1 ilə qədər dayandırılması, həmçinin Vəkillər Kollegiyasından xaric edilmə kimi sanksiyalar əlavə olunur. Bu, cəzaların diferensiasiyasını artırır və hüquq pozuntusunun ağırlığına uyğun tədbir seçilməsinə imkan yaradır. Etik davranış qaydalarının rolu gücləndirilir. Yeni VI-I hissədə vurğulanır ki, intizam icraatında yalnız Qanun deyil, həm də “Vəkillərin etik davranış qaydaları” və “İntizam Komissiyası haqqında Əsasnamə” rəhbər tutulmalıdır. Bu, etik prinsiplərin hüquqi qüvvəsini artırır, məhkəmə nəzarəti təmin edilir

Yeni əlavə edilən IX hissəyə əsasən, vəkil barəsində verilən intizam tənbehi qərarından 1 ay müddətində məhkəməyə şikayət vermək imkanı yaradılır.İntizam sanksiyalarına qarşı məhkəməyə müraciət imkanı vəkillərin hüquqlarına əlavə təminat verir. Bu, həm də, intizam icraatının ədalətliliyini və obyektivliyini təmin edən mühüm təminatdır. Ümumilikdə, bu dəyişikliklər vəkillik institutunun məsuliyyət, şəffaflıq və peşəkarlıq əsaslı idarə olunmasına xidmət edir və vəkil peşəsinin nüfuzunun qorunması baxımından olduqca əhəmiyyətlir.

Qanunun 23-cü, 24-cü və 25-ci maddələrinə aid olan dəyişikliklər əsasən vəkillərin fəaliyyətinə xitam verilməsi, Kollegiyanın maliyyə mənbələri və pensiya təminatı məsələlərini əhatə edir. 23-cü maddəyə əlavə olunan abzas vəkilin fəaliyyətinə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə də son qoyulmasını nəzərdə tutur. Bu, vəkillik institutunun yalnız ölkə vətəndaşları üçün nəzərdə tutulmasını hüquqi cəhətdən möhkəmləndirir. Məhkəməyə şikayət mexanizmi dəqiqləşdirilir: Rəyasət Heyətinin vəkilin fəaliyyətə xitam barədə qərarına qarşı 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ açıq şəkildə təsbit edilir. Bu, vəkilin müdafiə imkanlarını gücləndirir və intizam qərarlarının obyektivliyini artırır. Vəkillər Kollegiyasının vəsaitinin mənbələri dairəsi genişləndirilir: Mövcud redaksiyada yalnız üzvlük haqqı əsas mənbə kimi göstərilirdi. Təklif edilən dəyişikliklə order markasından gəlirlər, sığorta hesabından daxil olan vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr də vəsait mənbələri kimi tanınır. Bu, Kollegiyanın maliyyə dayanıqlığını artırır və fəaliyyətinin daha geniş imkanlarla həyata keçirilməsinə şərait yaradır.Mövcud redaksiyada vəkillərin pensiya təminatı ilə bağlı konkret mexanizm göstərilmirdi. Təklif edilən dəyişikliklə vəkillərin pensiya təminatının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.Bu, vəkillərin sosial müdafiəsini gücləndirir və onların dövlətin ümumi sosial təminat sisteminə inteqrasiyasını təmin edir.

Ümumiyyətlə, Qanuna təklif edilən dəyişikliklər peşənin şəffaflığını və effektivliyini artırır, vəkillərin fəaliyyətində məsuliyyət və öhdəliklərin aydın şəkildə müəyyən edilməsini təmin edir. Bu dəyişikliklər vətəndaşların hüquqlarının qorunmasını gücləndirir, vəkillərin peşə standartlarını yüksəldir və hüquqi müstəvidə münasibətlərin daha ardıcıl və sistemli şəkildə tənzimlənməsinə imkan yaradır. Nəticədə, qanunvericilikdəki bu yeniliklər həm vəkillərin fəaliyyətini, həm də ümumi hüquq mühitini daha sabit və etibarlı edir.

İlhamə Həsənova

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü

Oxşar xəbərlər