Azərbaycanda uşaq hüquqları sahəsində yeni mərhələ


  • 17:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 aprel 2026-cı il tarixində “Uşaq hüquqları haqqında” yeni Qanun təsdiqləndi. İnsan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq uşaq hüquqları sahəsində baş verən inkişaf, ortaya çıxan yeni yanaşmalar ölkəmizdə müvafiq sahədə mühüm hüquqi və institusional dəyişikliklərin zəruriliyini gündəmə gətirmişdir. Əlbəttə ki, əsas məqsəd qanunvericilikdə təsbit edilmiş hər bir hüququn təmini və qorunması üçün aydın və icrası səmərəli olan mexanizmlərin formalaşdırılmasıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu fəaliyyətin əsasında isə təbii ki, uşaqların mənafeyinin üstünlüyü, ayrı-seçkiliyin yolverilməzliyi, uşaq hüquq və azadlıqlarına hörmət kimi fundamental dəyərlər durur.

Cəmiyyətimiz uşaq hüquqlarının qorunmasını yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət olaraq qəbul edir. Qanunvericilik bu məsuliyyətin ailə, cəmiyyət və dövlət arasında bölgüsünü formalaşdırmışdır.

Azərbaycanda son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması, çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən evlilik, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir etmiş, həyatlarını dəyişmişdir.

İlk növbədə qeyd edilməlidir ki, son beş ildə uşaq hüquqları sahəsində islahatların həyata keçirilməsində ölkə rəhbərinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın rolu böyük olmuşdur. Strategiya uşaq siyasətinin əsas prioritetlərini müəyyən edərək yeni islahatların həyata keçirilməsinə güclü zəmin yaratmış, onun icrasını təmin etmək məqsədilə on bir qanunvericilik aktı təsdiq edilmişdir.

Nəticə olaraq yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyəti təkmilləşdirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Katibliyi yaradılmış, uşaq hüquqlarının təmini vəziyyətinin monitorinqi üzrə meyarlar, uşaqlara yardım göstərən dövlət və qeyri-dövlət sosial xidmət müəssisələrinə dair tələblər, xarici ölkədə çətin həyat şəraitində olan uşaqların repatriasiyası və sosial müdafiəsi üzrə qaydalar və digər hüquqi sənədlər qəbul edilmişdir.

Artıq Strategiyanın həyata keçirilməsi üzrə beşillik birinci fəaliyyət planının icra müddəti başa çatmışdır. Hazırda Strategiyanın ikinci fəaliyyət planının layihəsi üzərində iş gedir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qanunun qəbulu ilə əlaqədar 3 məcəllə və 9 qanuna dəyişikliklər edilmişdir.

Uşaq hüquqları çoxsahəli məsələləri əhatə etdiyindən təbii ki, vahid qanunda bütün məsələlərin tənzimlənməsi mümkün olmasa da, baza normalarını, eyni zamanda bu hüquqların həyata keçirilməsinə nəzarət, fəaliyyətlərin əlaqələndirilməsi, monitorinqi kimi mexanizmləri özündə əks etdirməlidir. Bu səbəbdən beynəlxalq standartlara və müasir sosial reallıqlara uyğun olan, preventiv və qoruyucu mexanizmləri güclü olan qanuna ehtiyac vardır.

Təcrübə göstərir ki, uşaq hüquqlarının təmin edilməsinə dair dəqiq tənzimlənmələr nəzərdə tutan ayrı-ayrı sahəvi sənədlər bir çox hallarda uşaqlarla bağlı beynəlxalq hüquq normalarında təsbit edilmiş vahid yanaşmaları tam və aydın əhatə etmir.

Ölkəmizin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə öhdəliklər daşıdığını nəzərə alaraq, ilk növbədə qanunvericilikdə uşaq hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin məqsədləri və vəzifələri daha konkret müəyyən edilməlidir ki, qüvvədə olan və yaxud gələcəkdə qəbul edilkəcək digər sahəvi sənədlərdə həmin yanaşma öz əksini tapsın.

Yuxarıda qeyd edilənlərdən irəli gələrək yeni “Uşaq hüquqları haqqında” Qanunun üstünlükləri aşağıdakılardır:

1. 63 maddədən ibarət olan Qanunda dövlət uşaq siyasətinin 6 məqsədi, uşaq hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin 9 vəzifəsi, uşaqların mənafelərinin üstünlüyünün 11 əsas təminatı müəyyən edilmiş, 33 uşaq hüquq və azadlıqların dövlət təminatları geniş formada əks olunmuşdur.

2. Qanunda 11 anlayışın tərifi verilmişdir. Yeni anlayışların, xüsusilə də “uşağın üstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq və onun formaları”, “cismani cəza” kimi anlayışların verilməsi uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində xüsusi önəm kəsb edir.

3. Qanunda internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən təhlükəli əməllər də uşaqlara qarşı zorakılıq kimi tanınır.

Uşaq hüquqlarının qorunması zaman dəyişdikcə yeni sahələri əhatə etməkdədir. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi uşaqların həyatına ciddi təsirlərini göstərməkdədir. Beynəlxalq təcrübə göstərir ki, uşaqların qorunması üçün bu sahədə daha radikal hüquqi addımlar atılmalıdır.

4. Qanun yeni məsuliyyət mexanizmlərini müəyyən edir. Artıq uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar edən və bu barədə aidiyyəti qurumlara məlumat verməyən valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan müəssisələrin işçiləri məsuliyyətə cəlb ediləcəkdir.

5. Qanunda bulinq, yəni uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı uşaqlara qarşı zorakılığın formalarından biri kimi müəyyən edilmişdir.

Belə ki,təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludur. Əks halda tədbirlərin görülməməsi məsuliyyət yaradır. Qeyd edilən müəssisələrin üzərinə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlərin formalaşdırılması kimi öhdəlik qoyulmuşdur.

6. Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsinin tələb olaraq müəyyən edilməsidir.

Bu öhdəlik dövlət orqanları ilə yanaşı bələdiyyələrə və qeyri-hökumət təşkilatlarına həvalə edilmişdir.Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması səbəbindən onların aşkarlanması və sosial müdafiəsi ilə bağlı Qanunda xüsusi mexanizm nəzərdə tutulur. Bundan irəli gələrək “Sosial xidmət haqqında” AR Qanununa və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə yeni normalar daxil edilmişdir. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilmişdir.

7. Həmçinin Qanunda uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər daxil edilmişdir ki, bu da yuvenal ədliyyə sisteminin bir sıra mühüm xüsusiyyətlərini özündə əks etdirir.

Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri etmişdir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərərçəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normalar müvafiq qanunvericiliyə əlavə edilmişdir.

Həmçinin uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir. Qeyd edilən məsələ icraat zamanı uşaqların real maraqlarının müəyyən edilməsi və səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

8. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir.

Belə ki, cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə AR Cinayət Prosessual Məcəllənin 222.7-ci maddəsinə edilən dəyişikliyə əsasən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilmişdir. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” AR Qanununda da müəyyən edilmişdir.

9. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraatın uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan(yəni multidissiplinar) istifadə etməklə həyata keçirilməsi tələb olaraq müəyyən edilmişdir.

Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilməlidir. Uşaqlar yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər.

10. Uşaqlar barəsində və ya onların cəlb olunduğu işlər üzrə icraatı həyata keçirən şəxslər uşaq hüquqları barədə biliklərə və uşaqlarla iş üzrə bacarıqlara malik olmalıdırlar.

11. Uşaq hüquqları ilə bağlı hər hansı qərar qəbul edilərkən nəzərə alınmalı olan 8 tələb müəyyən edilmişdir ki, bu da müvafiq sahədə uşaqyönümlü yanaşmanı təmin edəcəkdir.

12. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Audiovizual Şurası ilə yanaşı prokuror da müəyyən edilmişdir. Mövcud qanunvericiliyə əsasən dövlət nəzarəti sahəsində qurumlararası əlaqələndirmə AR Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən həyata keçirilir.

Belə ki, son illərdə ailə qanunvericiliyinə edilən dəyişikliklər əsasında uşaqların hüquqlarının qorunması istiqamətində prokurorluğun səlahiyyətləri genişləndirilmişdir. Prokurorluğun həmçinin cinayət və inzibati xətalar haqqında işlərdə uşaq hüquqlarının təmin edilməsinə prosessual nəzarət funksiyası vardır.

13. Qanunun 8-ci maddəsi uşaq siyasətinin əlaqələndirilməsi, həyata keçirilməsi nəzarəti və monitorinqi ilə bağlı məsələləri tənzimləyir;

Əlaqələndirmə - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən;

Nəzarət – Azərbaycan Respublikasının Nazrilər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən dövlət nəzarəti mexanizmi çərçivəsində;

Monitorinq - İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) tərəfindən müstəqil monitorinq mexanizmi olaraq həyata keçiriləcəkdir.

Yeni Qanunda təsbit edilmiş hüquq sahələrini tənzimləyən qanunlarla yanaşı, mexanizm olaraq AR Prezidentinin və AR Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara göndəriş edilir ki, bu qaydaların əksəriyyəti məhz Uşaq Strategiyasının Fəaliyyət Planı çərçivəsində qəbul edilmişdir.

Oxşar xəbərlər