- 12:21
Mülki məhkəmə icraatından fərqli olaraq inzibati məhkəmə icraatında mübahisələrə iddia növləri üzrə baxılır.
Mübahisə publik münasibətlərdən irəli gələrək yarandığından predmet müxtəlif formalarda olur. Belə ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi, inzibati aktın etibarsız sayılması və inzibati aktın qəbul edilməsinə məcbur edilməsi və s. kimi fərqli hüquqi nəticələr olur. Belə fərqli hüquqi nəticələr üzrə işlərə eyni hüquqi mexanizimlə baxılması mümkün olmadığından inzibati məhkəmə icraatında iddia növləri üzrə işlərə baxılır. Həmin iddia növləri İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində təsbit edilmişdir. Məhkəmənin təcrübəsində əsasən öhdəliyin icrası, mübahisələndirmə, məcburetmə, müəyyən etmə və ya tanınma iddia növləri üzrə işlərə baxıldığı müşahidə edilir.
Müəyyən etmə və tanınma iddia növü 3 alt iddia növündən ibarətdir. Bunlardan biri hüquq münasibətlərinin müəyyən edilməsi, artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması, digəri isə inzibati aktın etibarsızlığı ilə bağlıdır. Artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması ilə inzibati aktın ləğv edilməsi arasındakı fərqləndirici cəhət ondan ibarətdir ki, inzibati aktın qanunsuz sayılmasında qəbul edilmiş inzibati akt icra edilmiş (hüquqi nəticələri başa çatmış) və inzibati aktın nəticələri yaranmışdır, yəni inzibati aktın icrası başa çatmış olur və belə vəziyyətdə inzibati aktın qanunsuz sayılması ilə bağlı iddia qaldırılır. Müvafiq inzibati akt hələ icra olunmamışdırsa və ya icrası hal-hazırda davam etməkdədirsə, belə olan halda isə, mübahisələndirmə iddia növü üzrə inzibati akt ləğvi ilə bağlı iddia qaldırılır.
Müəyyən etmə və tanınma iddia növünün digər hissəsi isə inzibati aktın etibarsız sayılması ilə bağlı iddiadır ki, inzibati aktın ləğvindən fərqli olaraq bu iddianın qaldırılması üçün şərtlər bir o qədər də geniş deyil və inzibati aktın yoxlanılması dar çərçivədə həyata keçirilir. Yəni inzibati aktın etibarsız sayılmasının əsasları yalnız “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinin tələbləri daxilində mümkün olur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt və s. digər bu kimi hallar etibarsızlıq üçün əsas sayılır. Etibarsızlıqla bağlı məsələlərdə yoxlanılma yalnız 65-ci maddənin tələbləri həddində aparılır və bu çərçivədən kənara çıxmaq mümkün olmur.
Mübahisələndirmə iddia növündə inzibati aktın yoxlanılması daha geniş çərçivədə həyata keçirilir. Belə ki, inzibati aktın ləğvi ilə bağlı işlərə baxılan zaman inzibati akt qəbul edilərkən maddi hüquq normalarına riayət olunub-olunmaması, həmçinin “İnzibati icraat haqqında” qanunun tələblərinə əməl edilib-edilməməsi məsələləri araşdırılır. İnzibati akt isə o halda ləğv edilir ki, prosedur qaydaların pozulması, faktların düzgün qiymətləndirilməməsi, inzibati orqanın fəaliyyətini və ya müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərini pozmaqla və maddi hüquq normalarının yanlış tətbiq olunması ilə qəbul edilmiş olsun.
Qısaca inzibati aktın etibarsız sayılması üçün qanunvericilikdə yoxlama şərtləri daha konkret və dar çərçivədə oluduğu halda, mübahisələndirmə iddia növündə inzibati aktın ləğvi ilə bağlı məhkəmənin yoxlama səlahiyyətləri daha genişdir.
Əlavə olaraq qeyd edilməlidir ki, qanunvericilikdə inzibati aktın etibarsız sayılması ilə bağlı iddia müddəti nəzərdə tutulmadığı halda mübahisələndirmə iddia növündə inzibati aktın ləğvi ilə bağlı 30 günlük iddia qaldırma müddəti müəyyən edilmişdir.
Elvin Əliyev
Bakı Apellyasiya Məhkəməsinin hakimi