- 22:04
Dünyanın müxtəlif bölgələrindən minlərlə istifadəçi süni intellekt əsaslı söhbət platforması olan "ChatGPT"yə girişdə çətinliklərlə qarşılaşdıqlarını bildiriblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilərin sözlərinə görə, həm veb, həm də mobil tətbiq üzərindən platformaya daxil olmaq mümkün olmur, söhbət tarixçəsi açılmır və sistem istifadəçi suallarına cavab vermir.
Xidmət kəsintilərini izləyən "Downdetector" platformasının məlumatına əsasən, problem barədə daxil olan şikayətlərin sayı artıq 2000-i keçib və artmaqda davam edir. İstifadəçilər yalnız öz yazdıqları mesajları görə bildiklərini, lakin "ChatGPT" tərəfindən heç bir cavab alınmadığını qeyd edirlər.
"OpenAI" rəsmi səhifəsində problemin mövcudluğunu təsdiqləyib. Bildirilib ki, problemin səbəbi müəyyən edilib və texniki komanda hazırda problemin aradan qaldırılması üzərində işləyir. Qeyd edək ki, bu, "OpenAI"nin platformasında ilk dəfə baş verən bu cür texniki problem deyil, daha əvvəl də qısa müddətli oxşar kəsintilər müşahidə olunmuşdu.
Xidmətin işləmədiyi vaxtda bir çox istifadəçi sosial mediada narahatlıqlarını ifadə edib. "Google Trends" məlumatlarına əsasən, "ChatGPT down" (ChatGPT işləmir) axtarışı sürətlə artıb.
İstifadəçilərin bir qismi "Perplexity", "Claude" və "Google Gemini" kimi digər süni intellekt platformalarına yönəlib.
"ChatGPT"nin gündəlik iş axınında geniş istifadə olunduğu nəzərə alınaraq bu kəsintinin milyonlarla istifadəçiyə təsir etdiyi güman olunur.
Şəbnəm Mehdizadə