"Google" 425 milyon dollar cərimələnib


  • 14:00

ABŞ-da federal məhkəmə "Google"un istifadəçilərin məxfilik hüquqlarını pozduğuna qərar verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilərin hesablarında izləmə funksiyalarını deaktiv etmələrinə baxmayaraq, şirkət milyonlarla insanın məlumatlarını toplamağa davam etdiyinə görə 425 milyon dollar (təxminən 316 milyon avro) təzminat ödəməyə məcbur edilib.

İddiada təxminən 98 milyon "Google" istifadəçisi və 174 milyon cihaz iştirak edib. 2020-ci il iddiasında istifadəçilər "Google"un onların razılığı olmadan mobil cihazlardan məlumatları topladığını, saxladığını və istifadə etdiyini iddia etdilər. İddiaçılar 31 milyard dollardan çox təzminat tələb etmişdilər.

Məhkəmə heyəti üç məxfiliyin pozulması iddiasından ikisi üzrə "Google"u məsuliyyətə cəlb edib, lakin şirkətin "pis niyyətlə" hərəkət etmədiyi qənaətinə gəlib.

"Google", qərarın yanlış olduğunu bildirərək, apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkətin sözçüsü BBC-yə bildirib ki, məhsulların necə işlədiyinə dair anlaşılmazlıq var. Məxfilik alətləri nsanlara məlumatlarına nəzarət imkanı verir. Onlar fərdiləşdirmədən imtina etdikdə bu seçimə hörmətlə yanaşılır.

"Google", həmçinin iddia edib ki, bizneslər hələ də “Veb və Tətbiq Fəaliyyəti” söndürüldükdə belə, "Google Analytics" vasitəsilə sayt və proqram istifadəsi haqqında məlumat toplaya bilər, lakin bu məlumat istifadəçiləri şəxsən müəyyən etmir və onların məxfilik seçimlərini pozmur.

Bundan əlavə, "Google"un ana şirkəti "Alphabet"in səhmləri həftə ərzində 9 faizdən çox dəyər qazanıb. Bu, federal hakimin şirkətin "Chrome" brauzerini satmağa məcbur edilməyəcəyinə dair ayrı bir işdə qərar verməsi ilə əlaqədar idi.

Bununla belə, məhkəmə qərar verib ki, "Google" təkcə öz məhsullarında deyil, həm də "Apple" kimi üçüncü tərəf cihazlarında defolt axtarış sistemi mövqeyini qorumaq üçün eksklüziv müqavilələr bağlaya bilməz. Şirkət, həmçinin bəzi axtarış məlumatlarını rəqiblərlə paylaşmağa məcbur olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər