Hüququn təfsiri - Azərbaycan məhkəmə-hüquq sisteminin aktual problemi kimi


  • 6 Dekabr 2021 13:15

Pozitiv və normativ hüquq nəzəriyyəsinə görə, hüquq ictimai münasibətləri tənzimləyən, dövlət tərəfindən müəyyənləşdirilən və sanksiyalaşdırılan, qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur. Liberal hüquq nəzəriyyəsində isə hüquq dedikdə, hər kəs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusu başa düşülür. Göründüyü kimi, hüququn anlayışına dair fərqli təriflər, nəzəriyyələr, baxışlar, yanaşmalar vardır. Təbii hüquq nəzəriyyəsinə görə, insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir. Fəlsəfi hüquq nəzəriyyəsinə görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir. Amma bütün yanaşmaların bir ortaq cəhəti var: hüquq qaydalar, normalar məcmusudur.

Hüququn bir sıra əlamətləri müəyyən olunub: normativlik; ümumilik; dövlət təminatı ilə icra edilmə; obyektivlik; rəsmilik; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilmə; ədalətlilik; sistemlilik. Hüququn aliliyi; qanunilik; qanun qarşısında bərabərlik; fərdin və dövlətin qarşılıqlı məsuliyyəti; təqsirə görə məsuliyyət və s. hüququn ümumi prinsiplərdir. Biz hüquqlarımızdan istifadə etməklə, hüquqa riayət etməklə, hüququ icra etməklə hüquq realizə olunur. Dövlətin səlahiyyət verilmiş qurumları vasitəsilə hüquq normalarının tələblərinin yerinə yetirilməsi, realizəsi hüququn tətbiqi adlanır. Hüquq normalarının gerçək mahiyyətinin anlaşılması üçün hüququn təfsiri mühüm əhəmiyyət kəsb edir. Əks halda, hüquq inkişaf edə bilməz, daha doğrusu ləng inkişaf edərdi. Normayaratma fəaliyyəti çətin, uzun müddət tələb edən, olduqca qəliz fəaliyyətdir. Dövlət hər gün norma yarada bilməz. Hər konkret hal üçün ayrıca norma yaradılmır. Hüquq təfsir vasitəsilə inkişaf edir, canlı orqanizmə çevrilir. Hüququn təfsiri - hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, normanın izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir. Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir.
Hüququn təfsiri bir sıra üsullarla həyata keçirilir. Dilçilik üsulu (lingvistik, filologiya, qrammatik) - hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə, sözlərin qrammatik bağlılığı əsasında nəticənin əldə edilməsinə yönəlmişdir. Funskional üsul — hüquq normasının fəaliyyət göstərdiyi şəraitin, şərtlərin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir. Tarixi üsul - hüquq normasının qəbul edilməsi tarixini öyrənməklə, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir. Sistematik üsul - hüquq normasının digər hüquq normaları ilə qarşılıqlı əlaqəsi şəraitində mahiyyətinin izah edilməsidir.

Hüququn təfsirin müxtəlif meyarlara əsasən bir neçə növü fərqləndirilir. Təfsirin nəticələrinin hüquqi qüvvəsinə görə, rəsmi və qeyri-rəsmi hüquq təfsiri vardır. Rəsmi təfsir, yəni səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir özü də bir neçə növə ayrılır: autentik təfsir - hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi; leqal təfsir - hüquq normasını qəbul etməsə də, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir; normativ təfsir - müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir; kazual təfsir - konkret hüquqi işlərin baxılması üçün edilən təfsir.

Qeyri-rəsmi təfsir konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsirdir. Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var: adi təfsir - şəxsin özü tərəfindən edilən təfsir; xüsusi hüquqi təfsir — hüquqşünaslar, vəkillər və.s tərəfindən edilən təfsir; doktrinal təfsir - hüquqşünas alimlər və elmi müəssisələr tərəfindən edilən təfsir.
Siseron deyirdi ki, hakim danışan qanun, qanun isə, lal hakimdir. Bu müdrik kəlam hüquq və onun təfsirinin ən gözəl ifadə formasıdr. Hakim tətbiq etdiyi hüquq norması ilə dialoqa girməyi, onunla söhbətləşməyi bacarmalıdır, hakim qanuna sual verməlidir, soruşmalıdır ki, nə demək istəyirsən? Təkcə bu yetərli deyil, hakim həm də qanunun dilini anlamalıdır, qanunun nə demək istədiyini başa düşməlidir.

Azərbaycan məhkəmə-hüquq sistemində hüququn təfsiri hallarına geniş rast gəlinmir. Milli Məclisin və ya müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi, fərqli təfsir olunan normanı rəsmən şərh etməsi hallarına demək olar ki, rast gəlinmir. Koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyətlərin anlaşılmazlığı,təcrübədə yaratdığı problemlər yaxın keçmişimizdir. Bu zaman normanı qəbul etmiş orqanın anlaşılmazlıq yaradan, müxtəlif cür yozula bilən hər hansı bir normanı yazılı şəkildə şərh etməsini xatırlamıram. Belə hallarda adətən normanı tətbiq etməli olan orqanın sözçüsü mətbuata açıqlama verməklə kifayətlənirdi ki, bu da adi təfsir hesab oluna bilərdi.

Hüququn təfsirində Konstitusiya Məhkəməsinin rolu əvəzedilməzdir. Lakin təcrübə göstərir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüququn təfsiri zamanı daha çox linqvistik üsuldan istifadə edir, əsas diqqəti hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə yönəldir, hüquq normasının fəaliyyət göstərdiyi şəraiti, şərtləri əsas götürmür, hüquq normasının qəbul edilməsi tarixini öyrənmədən, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürmədən normanı şərh edir. Bu isə, yeni ziddiyyətlər, suallar yaradır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı bir sıra qərarlar qəbul etmişdir. Həmin qərarlar hüququn təfsirindən daha çox hüququn tətbiqinin izah edilməsinə yönəlmiş tövsiyə xarakterli qərarlardır. Hüququn tətbiqi və təfsiri fərqli anlayışlardır. Hüquq təfsir olunaraq tətbiq edilə bilər. Azərbaycan Respblikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında Ali Məhkəməyə tövsiyə olunur ki, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün. Əslində burada söhbət hüququn təfsirindən gedir. Bu, qətiyyən oxşar məhkəmə işləri üzrə eyni məzmunlu məhkəmə qərarlarının qəbul edilməsini nəzərdə tutmur. Çünki məhkəmə təcrübəsi heç bir halda vahid ola bilməz. Məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə iddialı olmaq imkansızdır. Aərbaycan hüquq sitemi Roman-German hüquq sisteminə aiddir. Bu sistemdə hüququn əsas mənbəyini normativ-hüquqi akt təşkil edir. Əsas mənbəyi məhkəmə presedentləri olan Anqlo-Sakson hüquq sistemlərinin özündə belə məhkəmə sisteminin vahidliyinə iddia olunmur. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi də özünün uzun illər formalaşmış hüquqi mövqeyinə (məhkəmə presedentlərinə) tez-tez yeni yanaşma tətbiq edir. Bu heç də Məhkəmənin əvvəlki mövqeyinin səhv olması demək deyildir. Bu, o deməkdir ki, Məhkəmənin əvvəlki yanaşması daim inkişafda olan ictmai münasibətlər sisteminin müasir çağırışlarına cavab vermir.

Yuxarıda qeyd olunan Fərmanın qəbul edilməsindən sonra Ali Məhkəmənin məsələyə yanaşması bir qədər dəyişib. Əvvəllər Ali Məhkəmənin Plenumu tərəfindən hüququn tətbiqi təcrübəsinə dair qəbul edilən qərarlar hazırda Ali Məhkəmənin müxtəlif kollegiyalarının birgə iştirakı ilə qərardad formasında qəbul edilir və burada qarşıya qoyulmuş məqsəd mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir. Fikrimizcə, bu təcrübə aşağı instansiya məhkəmələrini kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyindən asılı edir və hakimlərin müstəqilliyi prinsipinə zidd olmaqla, hakimi danışan qanun olmaq fürsətindən məhrum edir. Bu halda birinci və apellyasiya instansiyası məhkəməsinin hakimi hesab edir ki, o, yeni yanaşma tətbiq edərsə, qərarı vahid məhkəmə təcrübəsinə uyğun olmadığı üçün Ali Məhkəmə tərəfindən ləğv ediləcəkdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, Ali Məhkəmə Azərbaycan məhkəmə sisteminin ən üst qurumu deyil, ondan da yuxarıda Konstitusiya Məhkəməsi var və Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarlarını ləğv edə bilər. Yeri gəlmişkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini tətbiq etmək məqsədilə qəbul etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli qərarına tənqidi yanaşaraq göstərdi ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər.

Sonda onu da qeyd edək ki, hüquq nəzəriyyəsində təfsirinin həcminə görə üç növü fərqləndirilir: hərfi təfsir, məhdudlaşdırıcı təfsir və genişləndirici təfsir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanununun insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri adlanan 1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Anar Qasımlı

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,
Sumqayıt Regional Vəkil Bürosunun müdiri

Oxşar xəbərlər