Ailə həyatı və uşağın üstün maraqlarına dair beynəlxalq təcrübə


  • 12 Avqust 2022 17:38

İstər Azərbaycanda, istərsə də digər ölkələrdə boşanmağa hazırlaşan ailələri ən çox düşündürən suallar, nikah ləğv edilərkən uşağın himayəsinin hansı valideynə veriləcəyi, digər valideynin uşaqla ünsiyyətinin hansı formada həyata keçiriləcəyi və sair bu kimi məsələlərə aiddir. Ailə məsələləri ilə bağlı vəkillərə ən çox ünvanlanan suallar da məhz bu yöndədir. Lakin mən bir vəkil olaraq hesab edirəm ki, valideynləri narahat edən əsas məsələlər, uşağın hansı valideynin himayəsinə veriləcəyi düşüncəsi olmamalı, uşağın bir valideynin himayəsinə verilməsi digər valideyn üzərində şəxsi qələbə kimi qəbul edilməməlidir. Çünki bu məsələ valideynlər arasında olan bir duello – öz şəxsi eqolarını tətmin etmək üçün aparılan mücadilə deyil. Unutmaq olmaz ki, uşağın hansı valideynin himayəsinə verilməsi ilə bağlı qərar, uşağın yalnız indiki deyil, həmçinin gələcək həyatına da birbaşa təsir edəcək və uşağın cəmiyyətdə bir fərd kimi formalaşmasında, onun doğru formada tərbiyə edilməsində, sağlam şəkildə böyüdülməsində, psixi, fiziki, mənəvi inkişafında bilavasitə rol oynayacaqdır. Bu səbəbdən də hesab edirəm ki, valideynlər uşaqlarının maraqlarının özlərinin maraqlarından daha üstün olduğunu dərk etməli və buna görə də boşanma zamanı uşağın onun himayəsində qalıb-qalmayacağından daha çox, uşağın üstün maraqlarının məhkəmələr tərəfindən nə dərəcədə diqqətə alınacağına və həmin maraqların hansı formada təmin ediləcəyinə əhəmiyyət verməlidirlər.

Bəs uşaqların üstün maraqlarının təmin olunması ilə bağlı məhkəmələr və beynəlxalq təşkilatlar hansı mövqedən çıxış edirlər ?

Hesab edirəm ki, bu sahədəki milli məhkəmə təcrübəsinin necə formalaşdığına dair kifayət qədər məqalələr yazıldığından, bu məqalədə məhz İnsan hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarlarının və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi daha məqsədəuyğun olacaqdır.

Ümumiyyətlə, beynəlxalq təcrübə haqqında ilk öncə onu qeyd etmək lazımdır ki, dünyada uşaqlarla bağlı qəbul edilən bütün qərarlarda, uşağın üstün maraqlarının nəzərə alınması ideyasına dair geniş konsensus vardır. Bu mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) tərəfindən də daima xüsusi diqqətdə saxlanılmış və məhkəmə öz müvafiq qərarlarında uşağın üstün maraqlarının təmin olunmasına xüsusi əhəmiyyət vermişdir. Uşağın üstün maraqlarının Avropa Məhkəməsinin qərarlarında hansı formada təmin olunduğu müəyyən etmək üçün, məhkəmənin bir sıra müvafiq qərarlarının nəzərdən keçirilməsinin faydalı olacağını düşünürəm.

Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd olunmuşdur ki, valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra Avropa Konvensiyası) 8-ci maddəsində (şəxsi və ailə həyatına hörmət hüququ) nəzərdə tutulmuş “ailə həyatı”nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması, Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı; Zoritsa Yovanoviç Serbiyaya qarşı; Kutsner Almaniyaya qarşı). Məhkəmənin bu mövqeyi həmçinin Berrehab Niderlanda qarşı iş üzrə qəbul edilən qərarda da öz əksini tapmışdır ki, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə “ailə həyatı”nı təşkil edir. Eyni zamanda, Kiqan İrlandiyaya qarşı iş üzrə qəbul edilmiş qərarda da məhkəmə eyni mövqedən çıxış etmişdir ki, “ailə həyatı” anlayışı yalnız nikaha əsaslanan münasibətlərlə məhdudlaşmır və tərəflərin nikahdankənar münasibətdə olmaqla birgə yaşamasına əsaslanan “faktiki ailə” əlaqələrini də əhatə edə bilər. Bu səbəbdən də, valideynlər arasındakı münasibət pozulduqda belə, uşaqlar və valideynlərin bir-birləri ilə qarşılıqlı münasibətləri ailə həyatının təməl bir hissəsini təşkil edir

Məhkəmə həmçinin o qənaətdədir ki, uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı). Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ, işdəki müxtəlif maraqlar balanslaşdırılarkən, nəzərə alınmalı olan amildir (Noylinger və Şuruk İsveçrəyə qarşı). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin bərpa edilməsi üçün mümkün olan hər şey edilməlidir (Qnaore Fransaya qarşı).

Bundan başqa, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil (Elsholts Almaniyaya qarşı; T.P. və K.M. Birləşmiş Krallığa qarşı; İnyakkolo-Zenide Rumıniyaya qarşı; Nuutinen Finlandiyaya qarşı). Belə ki, Zommerfeld Almaniyaya qarşı və Buşemi İtaliyaya qarşı olan işlərdə bildirilir ki, 13 yaşlı qız atası ilə görüşmək istəmədiyini aydın şəkildə ifadə edibsə və bunu bir neçə il təkrarən bildiribsə və onun atası ilə görüşməyə məcbur edilməsi onun emosional və psixoloji tarazlığını ciddi şəkildə poza bilərsə, uşağın maraqları naminə atasının onunla təmaslarına icazə verilməməsi barədə qərar qəbul edilməlidir.

M. və M. Xorvatiyaya qarşı işdə isə məhkəmə boşanmış cütlüyün uşağının şəxsi və ailə həyatına hörmət hüququnun pozulmasını onunla əlaqələndirib ki, uşağın üzərində himayə məsələsinə dair məhkəmə prosesi həddən artıq uzun sürmüş və daxili məhkəmələr uşağın yaşı və yetkinlik dərəcəsi nəzərə alınmaqla, üzərində himayə hüququnun hansı valideynə verilməsi barədə onun öz fikrini bildirməsinə imkan yaratmamışdırlar.

Avropa Məhkəməsinin qeyd olunan qərarlarından da göründüyü üzrə, məhkəmə uşağın mənafeyine toxunan bütün işlərdə uşağın üstün maraqlarının birmənalı şəkildə təmin olunmasına diqqət yetirmiş və Avropa Konvensiyasını imzalamış dövlətlərə də oxşar işlərdə məhkəmənin müvafiq mövqeyinin nəzərə alınmasını tövsiyə etmişdir.

Uşaq hüquqları haqqında danışarkən, heç şübhəsiz “Uşaq hüquqları haqqında” Konvensiyanı da xüsusilə vurğulamaq lazımdır. Belə ki, 20 noyabr 1989-cu il tarixdə Nyu-Yorkda imzalanmış BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası dünyada yalnız iki dövlət istisna olmaqla bütün dünya dövlətləri tərəfindən təsdiq olunmuşdur. Həmin Konvensiyanın 18-ci maddəsində deyilir ki, iştirakçı dövlətlər, uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınması üçün mümkün olan bütün səyləri göstərirlər.

20 noyabr 1959-cu il “Uşaq hüquqları barədə” Bəyannamənin ikinci prinsipi olan uşağın maraqları konsepsiyası, 1989-cu il “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin birinci bəndində təkrarlanaraq qeyd edilir ki, uşaqlarla bağlı istər dövlət, istər özəl sosial müdafiə qurumlarının, məhkəmələrin, inzibati orqanların və ya qanunvericilik orqanlarının bütün qərarlarında uşağın üstün maraqları nəzərə alınmalıdır.

Sözügedən Konvensiyanın 9.3-cü maddəsində bildirilir ki, iştirakçı dövlətlər, valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın, hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın.

Haqqında danışılan Konvensiyanın dünyada iki dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunması bir daha sübut edir ki, uşaqların üstün maraqları bütün dünya dövlətləri tərəfindən əsas prioritet mövzulardan biridir.

Son olaraq, boşanma zamanı uşağın hansı valideynə verilməsi ilə bağlı bir sıra Avropa dövlətlərinin məhkəmə təcrübəsini nəzərinizə çatdırnaq istəyirəm. İlkin olaraq Fransa hüququnu nəzərdən keçirərək bildirirəm ki, Fransada alternativ himayə (garde alternée) institutu geniş şəkildə tətbiq olunmaqdadır. Alternativ himayə modelinə görə uşaqlar bir həftə bir valideynlə, növbəti həftə isə digər valideynlə yaşayırlar. Uşaqların bütün xərcləri valideynlər tərəfindən ortaq şəkildə ödənilir.

Almaniya hüququnda da uşaqların valideynlərin ortaq himayəsinə verilməsi təcrübəsi prioritet xarakter daşıyır və boşanma zamanı da bu qaydanın dəyişməsi məcburiyyəti yoxdur, yəni adətən nikahın ləğvindən sonra da valideynlər uşaqlar üzərində himayəni ortaq şəkildə həyata keçirirlər. Əgər uşağın rifah halına təsir edəcək bir hal yaranarsa, o zaman valideynlərdən biri uşağın yalnız onun himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər, əks halda məhkəmə boşanma zamanı bu məsələyə qarışmır.

Almaniya və Fransa modelindən fərqli olaraq, İsveçrə modelində 2014-cü ilə qədər uşağın yalnız bir valideynin himayəsinə verilməsi təcrübəsi daha geniş tətbiq olunurdu. Yalnız istisna hallarda, uşağın valideynlərin ortaq himayəsinə verilməsi ilə bağlı məhkəmə tərəfindən qərar qəbul oluna bilərdi. Bu qərarın verilməsi üçün hər iki valideyn bu barədə məhkəməyə birlikdə müraciət etməli, birgə himayəni hansı formada həyata keçirəcəkləri, uşağın üstün maraqlarının hansı formada təmin olunacağı və digər bu kimi önəmli hallar barəsində razılığa gəldiklərinə dair məhkəməyə müvafiq müqavilə təqdim etməli idilər. Məhkəmə həmin razılaşma müqaviləsinin uşağın üstün maraqlarına zidd olmadığı qənaətinə gələrsə, uşağın hər iki valideynin birgə himayəsinə verilməsi barədə qərar qəbul edə bilərdi. İsveçrənin müvafiq qanunvericiliyinə 2014-cü ildə edilən dəyişiklikdən sonra da, məhkəmə boşanma zamanı uşaqla bağlı bütün məsələlərdə uşağın üstün maraqlarını və mümkünsə fikrini diqqətə alaraq qərar qəbul edir.

Sonda, haqqında danışdığımız məsələ ilə bağlı öz şəxsi mövqeyimi bildirmək istəyirəm ki, mən, uşağın üstün maraqlarının bütünlüklə nəzərə alınması və təmin olunmasına dair Avropa Məhkəməsinin öz qərarlarında sərgilədiyi mövqe ilə tamamilə razıyam. Hesab edirəm ki, istər uşağın hansı valideynin himayəsinə verilməsi, istərsə də uşaqla bağlı qəbul edilən digər qərarlarda, uşağın üstün maraqlarına formal yanaşılmamalı, qəbul edilən qərarların onların gələcək həyatına, cəmiyyətdə bir fərd kimi formalaşmasına, psixi, fiziki, mənəvi inkişafına hansı formada təsir edəcəyi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır. Unutmaq olmaz ki, yalnış bir qərar uşağın həyatını, onun gələcəyini məhv etməyə səbəb ola bilər və bir uşağın həyatının, onun gələcəyinin məhv olması, eyni zamanda bizim də gələcəyimizin məhv olması deməkdir, çünki UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR !!!

İbrahim Hüseynov

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər