İşəgötürənin işçini cərimələməsi qanunidirmi?


  • 26 Avqust 2022 17:26

"Qanunvericilikdə işçinin işəgötürən tərəfindən cərimələnməsi yalnız bir halda - Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "c" bəndində qeyd olunmuş intizam tənbehinin verilməsi ilə mümkündür. Təbii ki, həmin bəndin tələbinə əsasən də bu müəssisənin Kollektiv müqaviləsində qeyd edilibsə".

E-huquq.az xəbər verir ki, bunu hüquqşünas Ayaz Mirzəzadə deyib.

Onun sözlərinə görə, bəzən işçi tərəfindən işəgötürənə vurulmuş zərərin ödənilməsini də işçini cərimələmək adlandırırlar. Amma qeyd olunan halla bağlı vurulmuş zərərin ödənilməsi cərimələmək mahiyyətində bir məsələ deyildir və vurulmuş zərərlə bağlı əmək haqqından tutulmalar yalnız Əmək Məcəlləsində göstərilən şərtlərdə və hədlərdə mümkündür.

"Belə ki, işəgötürənə işçi tərəfindən vurulmuş zərərin məbləğindən asılı olmayaraq, işçi həmin zərər məbləğini könüllülük əsasında, könüllü ödəmək istəmədiyi təqdirdə isə vurulmuş zərərin məbləği orta aylıq əmək haqqı məbləğinədək olduqda, işəgötürənin müvafiq əmri əsasında onun əmək haqqından tutulma (maksimum 1 aylıq orta əmək haqqı məbləğində) yolu ilə, vurulmuş zərər daha yuxarı məbləğdə olduqda isə, əgər tərəflər arasında Tam maddi məsuliyyət müqaviləsi mövcuddursa, məhkəməyə müraciət (tam məbləğdə tələb) etməklə, məhkəmənin qərarı əsasında məhkəmə qərarlarının icrasına dair qanunvericiliklə müəyyən edilmiş hədlərdə tutulması mümkündür. Digər hallarda əmək haqqından tutulma nə əmək, nə mülki, nə də digər qanunvericilik əsasında nəzərdə tutulmur və əmək haqqından tutulma halı olarsa bu tamamilə qanunsuzdur (Həmkarlar ittifaqları haqqında Qanuna əsasən HİK üzvü olan şəxsin üzvlük haqqının tutulması, Əmək Məcəlləsinin 175-ci maddəsində nəzərdə tutulan məbləğlər istisna olmaqla)", - deyə A.Mirzəzadə qeyd edib.

Oxşar xəbərlər