- 25 May 15:14
Bir çox ölkələrdə dilənçilik cinayət sayılmasa da, insanları dilənməyə məcbur etmək və ya savadsız insanlara qarşı zorakılıq etmək cinayətdir. Ölkəmizdə isə reallıq bundan ibarətdir ki, ictimai asayişi pozduqları hallarda dilənçilər polis tərəfindən həmin yerdən uzaqlaşdırılmaqla cəzalandırılırlar.
“Euronews”un 2018-ci il tarixli xəbərinə görə, İsveçdə paytaxt Stokholmun qərbində yerləşən Eskilstuna ölkədə dilənçilərə qeydiyyat rüsumu tətbiq edən ilk şəhər olub və 8 nəfərə lisenziya verilib. Belə ki, dilənçilər küçələrdə insanlardan pul istəmək üçün lisenziya almalı və qeydiyyat rüsumu ödəməlidirlər. İcazə üçün dilənçilər müəyyən məbləğ ödəməli və şəxsiyyətini təsdiq edən sənədə sahib olmalıdırlar, əks təqdirdə icazəsiz dilənənlər isə cərimə edilirlər. Yerli siyasətçilər bu təcrübənin məqsədinin dilənçiliyi çətinləşdirmək və səlahiyyətlilərin ehtiyacı olan insanları daha asan müəyyən etmələri olduğunu iddia edirlər. Daha sonra yerli mətbuatın açıqlamasına görə bu təcrübənin artıq işə başladığına diqqət çəkərək dilənçilərin pul istəmək əvəzinə küçədə meyvə satmağa başladığını yazmışdılar.
Digər maraqlı yanaşmanı isə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından görürük. Belə ki, AİHM İsveçrənin cəriməni ödəməyən dilənçini həbsdə saxlamasını qanunsuz hesab etmişdi. İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının "şəxsi və ailə həyatının qorunması"na zəmanət verən 8-ci maddəsini pozduğunu deyən Məhkəmə, həmçinin dilənçiyə vurulan mənəvi ziyana görə ölkəni 922 avro ödəməyə məcbur etmişdir.
Belə ki, iyirmi yaşlarında olan qaraçı qadın 2014-cü ilin yanvarında Cenevrədə küçədə dilənçiliyə görə 500 İsveçrə frankı (464 avro) məbləğində cərimələnmiş, savadsız olan və sosial yardım dəstəyi almayan qadın cəriməni ödəyə bilməyəndə 5 gün müvəqqəti saxlanılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, “Onun öz ehtiyaclarını dilənərək ödəməyə çalışmaq hüququ var”. Qərarda qeyd olunmuşdur ki, sözügedən şəxsin “insan ləyaqətinə, sıxıntısını ifadə etməyə və ehtiyaclarını yalvarmaqla ödəməyə çalışmaq hüququ” var.
Sonuncu nümunə isə Türkiyə Respublikasındandır. İzmirin Karşıyaka rayonunda şar satdığını iddia edən şəxs dilənçilik etdiyi əsası ilə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, məhkəmə isə sözügedən şəxsin dilənçilik edərək inzibati xəta törətdiyini əsas gətirərək inzibati cərimə tətbiq edilməsinə, şəxsin üzərinə baxış zamanı ələ keçirilən qızıl və nağd pulların mülkiyyət hüququnun dövlət nəfinə keçirilməsinə qərar vermişdi. Türkiyə Konstitusiya Məhkəməsi isə mülkiyyət hüququnun qeyri-məhdud hüquq kimi tənzimlənmədiyini və bu hüququn ictimai mənafe üçün qanunla məhdudlaşdırıla biləcəyini bildirmiş, qızılları və pulları müsadirə edilən dilənçinin mülkiyyət hüquqlarının pozulmadığına qərar vermişdi.
Bəs yerli qanunvericilikdə dilənçiliklə mübarizənin normativ tənzimləməsi necədir?
Hüquqi ifadələrin sizin fikrinizi qarışdırmaması üçün ilk növbədə qeyd edilməlidir ki, “avaralıqla məşğul olan” dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada iş axtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. Bununla yanaşı “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər insan alverinin potensial qurbanları sayılırlar.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən “Avaralıqla məşğul olma” inzibati xəta sayılır, buna görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Bundan başqa yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Hesab edirəm ki, ictimai təhlükəlilik baxımından dilənçilik cinayət olmasa da, dilənçiləri buna məcbur edən şəxslər də az deyil. Həmin şəxslər isə işin hallarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-2-ci (Məcburi əmək) maddələri ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməlidir.
Dilənçiliklə mübarizədə Azərbaycan dövlətinin pozitiv öhdəlikləri nədən ibarətdir? – Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Cümlənin təhlilindən də görünür ki, dövlət öz vətəndaşlarınınlayiqli həyat səviyyəsinin təmin edilməsi ilə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının da təmin edilməsini ali məqsədi hesab etmişdir. Həmçinin Konstitusiyada təsbit olunur ki, İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
Azərbaycan Respublikasının izahlı lüğətinə diqqət yetirsək görərik ki, dilənçilik etmək, yəni sədəqə yolu ilə özgədən pul və s. istəmək, daha ədəbi bir ifadə ilə anlayış versək, yalvarırcasına istəmək, özgədən nəsə ummaq kimi anlayışlar verilmişdir.
Yekunda isə cəmiyyətin dilənçiliklə mübarizədə rolu barədə qeyd etmək istəyirəm ki, dilənçilərin bir qismi həqiqətən də köməyə möhtac olduğu halda, bəziləri cəmiyyətin mərhəmət və xeyirxahlıq hisslərindən istifadə edərək asan qazanc əldə etməyə çalışırlar. Bu məqsədlə adətən görünüşünün pis olmasına diqqət yetirirlər. Onlar özlərini əlil və ya xəstə kimi göstərirlər, çünki əlil olmaq və ya əlil uşaq sahibi olmaq üstünlük təşkil edir. Bəzi hallarda dilənçi dəstələrinin əlinə keçən uşaqlar şikəst olur və ya əlil rolunu oynamağa məcbur edilir. Dövlət bu sahədə öz öhdəliklərini yerinə yetirməyə çalışdığı müddətcə, cəmiyyət də öz dəstəyini göstərməli, hətta dilənçiliyi ictimai qınaq obyektinə çevirməlidir. Belə ki, insanların gözünə görünməyən kiçik məbləğlər minlərlə azyaşlı uşaqların və ya gənclərin dilənçiliyə məcbur edilməsinə gətirib çıxarır.
Abbas Quliyev
"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili