Alimentin ödənilməməsi məsuliyyətə səbəb olurmu?


  • 2 Dekabr 2022 14:36

Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və anlaşma şəraitində böyüməsi vacibdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Valideynlər istər birgə nikah dövründə, istərsə də nikah pozulduqdan sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar. Lakin bəzən nikah dövründə də, bu vəzifələr valideynlər tərəfindən tam yerinə yetirilmir. Qanunvericilik nikah pozulmadan da aliment, uşağın saxlanma xərclərinin valideynlərdən alınmasına imkan verir. Valideynlər evlilikləri dövründə də yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə sazişi (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Bu saziş yazılı formada bağlanılır və notariat qaydasında təsdiq olunur. Bu saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.

Qeyd etmək lazımdır ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Əgər valideynlər arasında qeyd olunan saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdən biri, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməkdir.

Ümumiyyətlə cəmiyyətimizdə əksər insanlarda elə fikir formalaşmışdır ki, aliment yalnız ər tərəfindən ödənilir. Çünki məhkəmə qətnamələrinə əsasən, uşaqlar əksər hallarda ananın yanında saxlanılır. Lakin bu düşüncə yanlışdır. Belə ki, uşaqlar müvafiq orqanlarda atası ilə qalmaq istədiyini bildirdikdə, onların fikir və mənafelərinə uyğun olaraq, məhkəmənin qərarına əsasən, uşaqlar atanın himayəsinə verilir. Ailə Məcəlləsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququna malikdir. Məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Belə olan halda uşağın saxlanma xərcləri ananın üzərinə düşür.

Qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə valideyndən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, iki uşağa görə qazancın üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur. Lakin bu məbləğ tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Bəzən təcrübədə aliment öhdəliyi olan şəxs işləmədiyini və ya hər hansı başqa gəlirinin olmadığını əsas gətirərək aliment ödəmə qabiliyyətinin olmadığını bildirir. Lakin həmin şəxs nəzərə almalıdır ki, uşaq dünyaya gətirilibsə hər iki valideyn onun saxlanma öhdəliyini daşımalıdır. Nikah pozulduqdan sonra bu yükün bir tərəfin üzərinə düşməsi nə dərəcədə doğru ola bilər? Yəni şəxsin işləməməsi və ya daimi iş yerinin olmaması,həmçinin əlavə gəlirlərinin olmaması onu bu vəzifədən azad etmir.

Aliment verənin qazancı (gəliri) qeyri-müntəzəm olarsa, həmçinin qazancın hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı yoxdursa, habelə alimentin qazancdan tutulması mümkün deyilsə, eyni zamanda tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, aliment tələb edən tərəfin xahişi ilə ödənişin miqdarı məhkəmə tərəfindən aylıq konkret məbləğdə müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Əgər tərəflərdən hər biri ilə uşaq qalıbsa, ozaman bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Qanunvericiliyə əsasən, məhkəmə qətnamələri qanuni qüvvəyə mindikdən sonra icra olunur. Lakin şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə alimentin müvəqqəti tutulmasını qət edə bilər.

Alimentlə bağlı məhkəmə qətnaməsinin icrasını aliment ödəməli olan şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbələri həyata keçirir. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlməlidir. İcra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru cavabdehə icraata başlamaq haqqında qərar göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qərar könüllü icra olunmadıqda icra məmuru məcburi icra tədbirlərini həyata keçirir. Müvafiq orqanlara aliment ödəməli olan şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmaması barədə sorğu göndərilir. Əgər şəxsin əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Belə ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s. kimi məcburiyyət tədbirləri tərbiq oluna bilər. Şəxsin barəsində məcburi gətirilmə və axtarış kimi tədbirlər də görülə bilər.

İcra məmuru tərəfindən görülən bu tədbirlər heç bir nəticə vermədikdə, aliment öhdəliyi olan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin müvafiq maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin şəxs barəsində cərimə və ya 1 ayadək müddətə inzibati həbs tətbiq edilə bilər.

Əgər bu tədbirlərdən sonra da aliment ödəməli olan şəxs məhkəmə qərarını icra etməzsə, o zaman onun barəsində cinayət işi açılır. Belə ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.

Yadda saxlamaq lazımdır ki, inzibati və ya cinayət məsuliyyətlərinə cəlb edilmiş şəxslər, aliment öhdəliklərindən azad olmurlar. Onlar cəzalarını çəkib bitirdikdən sonra da aliment borcunu ödəməyə davam edirlər.

Təcrübədə bütün bunlarla yanaşı, elə hallara da rast gəlinir ki, himayəsinə uşaq verilən tərəf heç bir maddi dəstəyə ehtiyac duymasa da, qarşı tərəfdən alimentin tutulmasını israrla tələb edir. Göründüyü kimi, bunun təməlini maddi deyil, mənəvi prinsiplər təşkil edir. Lakin unutmaq lazım deyil ki, nikah pozulsa belə, onlar uşaqların valideynləridir. Hər bir uşağın sağlam, düzgün, özünə güvənən, möhkəm, cəmiyyətə və vətənə faydalı bir övlad kimi böyüməsi üçün gözəl tərbiyəyə, mehribançılığa, ən əsası isə sevgiyə ehtiyacı var. Düşünürəm ki, tərəflər bir-birinə hörmətlə yanaşsalar və uşaqlar qarşısında olan öhdəliklərini lazımı qaydada yerinə yetirsələr yuxarıda qeyd olunan məcburi tədbirlərə ehtiyac qalmaz.

Aytən Verdiyeva

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər