Daşınmaz əmlakın alqı-satqısı zamanı nə qədər rüsum ödənilir?


  • 16 Fevral 2023 17:43

"Bəzi insanlar daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan dövlət rüsumuna görə rəsmi alqı-satqıdan yayınırlar".

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan rüsumlar düşünülən qədər yüksək deyil.

"Müqavilə üzrə əmlak yaxın qohumlara keçirsə, dövlət rüsumu 25 manat təşkil edir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlak başqa şəxslərə keçirsə, Bakı şəhərində dövlət rüsumu 280, Sumqayıt, Abşeron, Gəncə üzrə bu məbləğin 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir. Daşınmaz əmlak yaşayış sahəsi olduqda bu əmlakın hüquqi vəziyyəti ilə bağlı arayış üçün 40, qeyri-yaşayış sahəsi olduqda 130 manat rüsum tələb olunur. Xidmətə görə tutulan haqq Bakıda 42, digər regionlarda 21 manat təşkil edir", - deyə vəkil qeyd edib.

T.Abdullazadə deyib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, daşınmaz əmlak satılarkən sadələşdirilmiş vergi tutulur: "Fiziki şəxslər üç təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini satarkən, bu vergidən azaddırlar. Fiziki şəxslərə məxsus yaşayış sahəsinin 30 kvadratmetrədək hissəsi də vergidən azaddır. Sadələşdirilmiş vergi əmlakın qiymətindən asılı olmayaraq, onun sahəsinə və yerləşdiyi zonaya uyğun hesablanır. Hər zonanın öz əmsalı var. Daşınmaz əmlak üçün sadələşdirilmiş vergi hər kvadrat metr üçün 15 manat olmaqla hesablanır. Bu sabit baza məbləğidir. Məsələn əmlakın sahəsini 15-ə vurub, alınan rəqəmi həmin əmlakın yerləşdiyi yerin zona əmsalına vurduqda sadələşdirilmiş verginin məbləğini rahatlıqla tapmaq olar. Qeyri-yaşayış sahələrində alınmış məbləği 1,5 əmsalına vurmaq lazımdır. Alqı-satqı məbləğinin 0.2 faizi də bank tərəfindən tutulur. Mənzil alqı-satqı zamanı işləyib-işləməməsindən asılı olmayaraq müharibə əlilləri, birinci qurup əlillər, 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxslər, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumundan azaddırlar".

Vəkil vurğulayıb ki, qeyd edilən rəqəmlər sabit deyil və zamana görə dəyişə bilər: "Ona görə də alqı-satqı edən zaman ödəməli olunan dövlət rüsumunun məbləğini istənilən notariat kontoruna yaxınlaşmaqla, dəqiqliklə müəyyən etmək mümkündür".

Eltac Nurullazadə

Oxşar xəbərlər