İşə düzəltmək adı ilə dələduzluq edənləri hansı cəza gözləyir?


  • 22 Fevral 2023 15:20

Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur.

Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin 23-cü fəslində nəzərdə tutulmuş başqa mülkiyyət əleyhinə cinayətlərindən fərqli olaraq, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

Dələduzluq cinayəti maddi tərkibli cinayətdir və özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri 500 manatdan artıq olsun. Eyni üsulla vurulmuş zərər 500 manatdan az olduqda , əməl İXM-in 227-ci maddəsinə əsasən xırda talama hesab olunur.

Dələduzluğun daha geniş yayılmış forması özlərini müxtəlif dövlət orqanlarının məsul əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən vətəndaşları işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edilməsi hallarıdır.Bu zaman dələduzluq cinayətinə yol vermiş şəxslərin əməlində həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) cinayət tərkibi də olduğundan cinayətlərin məcmusu yaranır. Bu hallarda həm əmlakından, pulundan məhrum olmuş səxslərin maddi maraqlarının təmin olunması, həm də dələduzların məsuliyyət məsələsi daha çox maraq doğurur. Bu məsələnin ətraflı izahı üçün CM-in 178-ci maddəsini CM-in 312-ci (rüşvət vermə) və 73-1-ci maddələri ilə əlaqəli şərh edilməsi məqsədəuyğun olar.

İlk olaraq CM-in 73-1 ci maddəsinə toxunmaq lazımdır.Çünki işə düzəltmə adı ilə edilən dələduzluq cinayətləri istisna olmaqla, mülkiyyət əleyhinə olan cinayətlərdən biri kimi dələduzluq cinayətində hər bir halda zərər çəkmiş şəxs mövcuddur və onun maddi maraqları ziyan çəkir.Təcrübə onu göstərir ki, dələduzluq cinayətində zərər çəkmiş şəxsləri ilk olaraq maraqlandıran məsələ təqsirkarın cəzalandırılmasından çox, özlərinin əldən çıxmış əmlak və ya pul vəsaitlərinin geri qaytarılmasıdır. Məhz bu məqamda CM-in 73-1-ci maddəsi humanizm institunun ən vacib nümunələrindən biridir. Cinayət Məcəlləsinə 20 oktyabr 2017-ci il tarixində 73-1 -ci maddə əlavə edilməklə dələduzluq cinayəti törətmiş şəxslərin müvafiq şərtlər ödəndikdə məsuliyyətdən azad edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur.

Bəs işə düzəltmə adı ilən pul alıb insanları aldadaraq edilmiş dələduzluq cinayətlərində dələduzlar eyni qaydada məsuliyyətdən azad edilə bilirlərmi?

İlk olaraq qeyd etmək lazımdır ki, belə hallarda əmlakından məhrum olmuş( çox halda pul vəsaiti formasında) şəxslər verdikləri əmlak və ya pul müqabilində bu pulun nə vaxtsa qaytarılacağını deyil, öz şəxsi maraqlarının təmin olunmasını (işə düzəlmə,vəzifədə yüksəlmə və.s) gözləyirlər.Beləliklə də onlar da rüşvət vermə cinayətinin (CM 312-ci maddə) iştirakçısına (subyektinə) çevrilirlər.

Qeyd olunmalıdır ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.

Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında bu məsələ dəqiqləşdirilmişdir. Belə ki, Qərarın 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Qeyd edildiyi kimi təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur. Belə ki,əgər həmin şəxs əmlakından dələduzluq yolu məhrum olmasa idi (yəni öz iradəsindən asılı olmayan səbəblərdən) öz məqsədinə nail olacaqdı – rüşvət vermə cinayəti başa çatmış olurdu. Lakin təcrübədə bu xarakterli işlər üzrə heç də bütün hallarda cinayətə cəhd etmiş və aldadılmış şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Çünki təcrübədə daha çox rast gəlinən rüşvət verməyə cəhd edən, lakin aldadılaraq əmlakı ələ keçirilən şəxslər rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verdiklərindən Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilirlər. Həmin şəxslər cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmadığından, cinayət prosesində iştirak edən digər şəxs olan şahidin hüquq və vəzifələrindən istifadə edirlər.Məhz bu məqam şərh edilən halda 73-1 -ci maddənin tətbiqini istisna edirdi.

Lakin bu təcrübə Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli Qərarı ilə dəyişdirildi.Konstitusiya Məhkəməsinin mövqeyinə görə Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən, rüşvət verməyə cəhd edən şəxs rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyi təqdirdə cinayət məsuliyyətindən azad olunduğu halda həmin şəxsin dələduzluq cinayətində zərərçəkmiş şəxs kimi tanınmaması onun hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Və Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixində qəbul olunmuş Plenum qərarı bu məsələnin aşağıdakı qaydada həllini müəyyən etmişdir:

- Konstitusiyanın 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir;

- Həmin şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər.

Fidan Paşayeva

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təcrübəçisi

Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin 2-ci kurs tələbəsi

Oxşar xəbərlər