Ölüm cəzası: ədalət, yoxsa intiqam forması?


  • 14 Aprel 2023 16:16

Ölüm cəzası – cinayət törətməkdə ittiham olunan şəxsin edam edilməsini, öldürülməsini özündə ehtiva edən və yaşamaq hüququna zidd olan qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəza növüdür. Onun ləğvi insan ləyaqətinə hörməti təmin etmək baxımından vacibdir. Bir çox insan haqlarını müdafiə edən təşkilatlar ölüm hökmünün insan hüquqlarına zidd olduğunu və hər hansı bir cinayətə görə ölüm hökmünün tətbiqinin tərəfdarı olmadıqlarını bildirirlər. Xüsusilə, yanlış məhkumluq hallarında ölüm hökmünün geri alınmaz olması ədalətlilik baxımından ciddi problem yaradır.

Bununla belə, bəzi ölkələrdə ölüm hökmünün hələ də zəruri olduğunu düşünənlər var. Belə düşüncədə olan şəxslər ölüm cəzasının çəkindirici rol oynadığını, cəmiyyətdə ədalət hissi yaratdığını, cinayətlərin sayının azaldılmasına səbəb olduğunu iddia edirlər. Ölüm cəzasının əleyhdarları isə onun heç bir şəkildə cinayət törətməyə qorxu hissi yaratmadığı düşüncəsindədirlər.

Tarixə nəzər saldıqda görürük ki, qədim dövrlərdə ölüm hökmü, cismani cəzaların tətbiqi adi hal almışdır. Qədim Misir, Babil və Assur sivilizasiyaları ölüm cəzasını geniş şəkildə tətbiq edən cəmiyyətlərdəndir. Bundan əlavə, ölüm hökmü Qədim Yunanıstanda və Roma İmperiyasında da tətbiq edilirdi. Orta əsrlərdə ölüm cəzası müxtəlif üsullarla tətbiq edilirdi. Məsələn, asmaq, yandırmaq, boğmaq, çarmıxa çəkmək, başını kəsmək, daşqalaq etmək kimi üsullardan istifadə olunurdu. Həmçinin ölüm hökmü, adətən, ruhanilər və ya dövlət məmurları tərəfindən verilirdi. Amerika Birləşmiş Ştatlarında 1960-cı illərin əvvəllərində ölüm hökmünün “qəddar və qeyri-adi” cəza olduğu və buna görə də, Səkkizinci Düzəlişdə Konstitusiyaya zidd olduğu irəli sürüldü. Yenə də, bəzi ştatlarda ölüm cəzası qalmaqdadır. Fransada 1969-cu ilə qədər ölüm cəzasını vermiş hakimin özü də edam mərasimində iştirak etməyə borclu idi. Həmin ildən sonra Fransada ölüm cəzasının ləğvinə qərar verildi və 1981-ci ildə qanunla qadağan edildi.

Müasir dövrdə ölüm hökmü barədə hüquqi və mənəvi mübahisələr hələ də davam edir.

Avropa İttifaqı və Avropa Şurası ölüm cəzasına qarşı olmalarına dair birgə mövqelərini və bunun dünyada ləğv edilməsinə dair öhdəliklərini təsdiq edirlər. Hər il 10 oktyabr – Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günü kimi qeyd edilir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biri olmuşdur. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmiş və ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Beləliklə, Azərbaycan humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi.

Azərbaycanda ölüm cəzası AR Cinayət Məcəlləsindən çıxarılıb. Bəs bu cəzanın Azərbaycan Respublikasının Konstitusiyasından çıxarılmamasının səbəbi nədir?

AR Konstitusiyasının 27-ci maddəsində göstərilir: “Hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər...”.

Azərbaycan Avropa Şurasının üzvüdür. Odur ki, ölüm cəzasının ləğvi öhdəlik kimi nəzərdə tutulmuşdur. 27-ci maddə sadəcə bu imkanı özündə saxlayır. O zaman ölkəmizin müharibə şəraitində olması nəzərə alınaraq bu maddə saxlanılmışdı. AR Cinayət Məcəlləsinin 1-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının cinayət qanunu Cinayət Məcəlləsindən ibarətdir. Yəni ölüm cəzası Cinayət Məcəlləsində nəzərdə tutulmadıqca, tətbiq edilə bilməz. Lakin AR Konstitusiyasının bu maddəsi nəzəri baxımdan gələcəkdə qanuna – Cinayət Məcəlləsinə dəyişiklik edilərək ölüm cəzasının tətbiqini mümkün edir. “Tam ləğv edilənədək” ifadəsi ölüm cəzasının Konstitusiyadan da çıxarılmasını nəzərdə tutur. Referendumun nəticəsində ölüm cəzasının tətbiqinin mümkünlüyü Konstitusiyadan çıxarılarsa, onda tam ləğv edilmiş sayılacaq.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Ölüm cəzasının ləğvinə dair 6 saylı Protokolu Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli 236-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Bu Protokolda qeyd edilir ki, ölüm hökmü ləğv olunur. Heç kəs belə cəzaya məhkum edilə və ya belə cəzalandırıla bilməz. Daha sonra göstərilir ki, dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş tələblərlə və onun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Beləliklə, Konvensiyanın normalarına nəzər saldıqda da görmüş olduq ki, Azərbaycan Respublikasının qanunvericiliyinin mövqeyi hüquqi cəhətdən olduqca əsaslıdır.

Düşünürəm ki, mənəvi tərəfdən yanaşdıqda da ölüm cəzasının ləğv edilməsi düzgün və humanist addımdır. Çünki ölüm hökmü zorakılığın bir əlamətidir, onu aradan qaldırmır. Zorakılıq yalnız daha çox zorakılığa səbəb olur. Ölüm cəzası problemin həlli deyil, başqa bir problemdir. Dövlətin cinayətkarı cəzalandırarkən ona qarşı cinayət törətməsi nə dərəcədə ədalətli səslənir?

AR Cinayət Məcəlləsində qeyd olunmuşdur ki, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Ölüm cəzası ədalət deyil, intiqam formasıdır. Lakin onun əvəzinə tətbiq edilən ömürlük azadlıqdan məhrum etmə cəzası cinayətkarı psixi və sair məhrumiyyətlərə məruz qoyaraq onun islah olunmasına səbəb olur. Düşünürəm ki, bu cəza növü ölüm cəzasından daha təsirli və törədilən əmələ daha adekvatdır. Digər tərəfdən xatırlamaq lazımdır ki, hökm verən hakim də bir insandır. Ölüm cəzasının tətbiqinin mümkünlüyü onun səhv etməsi halında geri dönülə bilməyəcək bir vəziyyət yaradır. Hugo Adam Bedaunun dediyi kimi: “Bir cəmiyyətdə ölüm cəzası varsa, o cəmiyyətin günahsız tək bir vətəndaşı belə güvəndə deyil”.

Tamara Ağarzayeva

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun təcrübəçisi

Dövlət İdarəçilik Akademiyası Hüquq fakültəsinin 2-ci kurs tələbəsi

Oxşar xəbərlər