Yetkinlik yaşına çatmayanlarla əqdlərin bağlanması


  • 5 May 2023 10:47

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. 10 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Vətəni, xalqı, dövlətçilik qarşısında misilsiz xidmətlərinə görədir ki, dahi Öndərin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Ulu öndərin bütün sahələrdə apardığı və əsasını qoyduğu islahatlardan biri də hüquqi islahatlardı. Həmin islahatlar ilk öncə Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 12 noyabr 1995-ci il ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının ruhuna uyğun olaraq demokratik, dünyəvi qanunların, məcəllələrin prinsiplərini özündə əks etdirən qanunların qəbul edilməsidir. Bugün hüquq mühafizə orqanlarının, vəkillərin, mülki hüquq subyektlərinin gündəlik əlaltı kitabları olan məcəllələrimiz, qanunlarımız məhz Ulu Öndərin apardığı qətiyyətli hüquq islahatlarının nəticəsində sovet ruhundan xilas olaraq milli, müasir dövrün tələblərinə cavab verir. Mən isə bu yazıda Ulu Öndərin uşaqlara olan qayğısından, onun uşaqlara, gənclərə necə ümid bəsləməsindən və ən əsası uşaq hüquqlarının qorunması sahəsində qanunvericiliyin yaradılması və bu hüquqlara əməl edilməsinin vacibliyini qeyd edəcəm.

Belə ki, Ulu Öndər uşaqlar haqqında deyirdi : “Uşaqlar bizim gələcəyimizdir.

* Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.

* Əziz uşaqlar... Mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm.

* Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.”

- Bəli dahi şəxsiyyət bu dediklərini təkcə sözdə demirdi, uşaq hüquqlarının qorunması sahəsində milli qanunvericiliyimizin beynəlxalq konvensiyalara uyğun qəbul edilməsini qarşıya başlıca məqsəd qoyaraq, 19 may 1998-ci il tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilərək qüvvəyə minib. Bundan əlavə qəbul edilən digər qanunvericilik aktlarında da dövlət orqanlarının, bütün fiziki və hüquqi şəxslərin öz fəaliyyətində uşaqların mənafelərini üstün tutması, onların hüquqlarının təmin olunmasına şərait yaradılması əsas götürülməklə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Bu konteksdə olan, uşaqların mülki hüquq və vəzifələrinin hayata keçirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Ailə Məcəlləsində yetkinlik yaşına çatmayanlarla bağlanan əqdlərin forması və uşaqların nümayəndəsi qismində səlahiyyətli şəxslərin hüquq və vəzifələri xüsusi formada tənzimlənmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayanlarla bağlanan əqdlərin (müqavilələrin) bağlanması qaydası və yetkinlik yaşına çatmayanların bağladığı əqdlər barəsində notariusların imtinası əsasları:

Azərbaycan Respublikası Mülki Məcəlləsində əqlərin (müqavilələrin) bağlanması qaydası və forması, həmin əqdlərin hüquqi qüvvəsi geniş şəkildə qeyd edilibdir. Lakin buna baxmayaraq, bəzi hallarda müqavilə bağlanılmasının yolverilməzliyi əsasları ilə tərəflər arasında hər hansı əqdin bağlanılmasından imtina edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən : Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Bununla belə Azərbaycan Respublikası Mülki Məcəlləsində 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların və 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların bağladığı əqdlər xüsusi qaydaları göstərilmişdir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu maddəsinə əsasən: 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.

Eyni zamanda 29.2-ci maddədə qeyd edilib ki, 7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdlərini, əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmayan əqdləri, qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdləri müstəqil bağlamaq ixtiyarı vardır.

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqd əsasında vurulmuş ziyana görə məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 29.3-cü maddəsinə görə: 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30-cu maddəsinə əsasən: 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə:

- öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin;

- elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin;

- xırda məişət əqdləri və Mülki Məcəllənin 29.2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar Mülki Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.

Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

Bu iki maddədə yetkinlik yaşına çatmayanların bağladıqları əqdlərə əsasən vurduqları ziyana görə cavabdehlik məsuliyyəti fərqlidir. Belə ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır. Lakin 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə əmlak məsuliyyəti və vurduqları digər ziyanın məsuliyyətini özləri daşıyırlar.

Göründüyü kimi qanunvericilik yetkinlik yaşına çatmayanlarla hər hansı əqdin (müqavilənin) bağlanmasına qadağa qoymur. Lakin bəzi hallarda yetkinlik yaşına çatmaması və ya valideynlərdən birinin olmaması (vəfat etməsi) səbəbi əsas götürülməklə onlarla notarial qaydada əqdin bağlanmasının təsdiq edilməsindən imtina hallarına da rast gəlinir. Bu isə yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına gətirib çıxarır.

Belə ki, Azrbaycan Respublikası Ailə Məcəlləsinin 59-cu maddəsinə (Uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri) əsasən: Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.

- Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.

Həmin Məcəllənin 60-cı maddəsinə əsasən Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

Eyni zamanda Azrbaycan Respublikası Mülki Məcəlləsinin 33-cü maddəsinə əsasən: Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.

-Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən: Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.

Yuxarıda qeyd edilənlərə əsasən qanunvericilik uşaqların xeyrinə olan əqdlərin bağlanmasının (bağışlama, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və.s) notarial qaydada təsdiq edilməsini qadağan etmir, əksinə onların gələcək həyatının daha üstün tutulmasını, əmlak sahibi olmasına imkan yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 39-cu bəndinə əsasən: Notarius əqd iştirakçılarının yaşı ilə əlaqədar fəaliyyət qabiliyyətini onun şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edir.

Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər.

Müqavilədə yetkinlik yaşına çatmamış şəxsin yaşı, habelə müqaviləni onun adından bağlayan şəxslərin səlahiyyəti (qohumluq əlaqəsini təsdiq edən sənəd və ya məhkəmə qətnaməsi, yaxud qəyyumluq və himayəçilik orqanının qərarı əsasında) barədə məlumat əks olunur. Bu müqavilə qanuni nümayəndə və ya qəyyum tərəfindən imzalandıqdan sonra notariat qaydasında təsdiq edilir.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər qanuni nümayəndələrinin (valideynlərindən biri öldükdə, xəbərsiz itkin düşdükdə, bu halı təsdiq edən müvafiq sənədlər olduqda onlardan birinin), habelə övladlığa götürənlərin və ya himayəçilərin razılığı ilə əqdləri bağlaya bilərlər. Razılıq barədə ərizə həmin notariat ofisində notariat qaydasında təsdiq edilməli, bundan sonra əqd yetkinlik yaşına çatmamış və ya himayədə olan şəxs tərəfindən imzalanmalıdır.

Qəyyumluq və himayə orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdlər, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına icazə verə bilməz.

Valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşaqlarına məxsus olan əmlaka sərəncam verilməsinə dair müqavilələr rəsmiləşdirilərkən də bu qaydalar tətbiq edilir.

Həmin təlimatın 36-cı bəndinə əsasən notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır.

Həmin qərarda aşağıdakılar göstərilir:

qərarın çıxarıldığı tarix;

qərarı çıxaran notariusun soyadı, adı, atasının adı, notariat ofisinin adı və ünvanı;

notariat hərəkətinin aparılması üçün müraciətin edildiyi tarix və müraciət edən şəxs barədə məlumatlar (fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini müəyyən edən sənəd və onun rekvizitləri, yaşayış yeri, əcnəbilərə münasibətdə – həmçinin vətəndaşlığı, hüquqi şəxsə münasibətdə – tam adı, VÖEN;

aparılması üçün müraciət edilən notariat hərəkətinin məzmunu (xahişin qısa məzmunu);

qanuna istinad olunmaqla, notariat hərəkətinin aparılmasından imtina edilməsinin əsasları;

imtina ilə bağlı məhkəməyə müraciət edilməsi qaydası.

Notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar iki nüsxədə tərtib olunur, notariusun imzası və möhürü ilə təsdiq edilir və göndərilən sənədlərin qeydə alınması kitabında qeyd olunur. Nüsxələrdən biri ərizə ilə müraciət etmiş şəxsə imza etdirilməklə təqdim olunur və ya poçt vasitəsilə ünvana göndərilir, digəri isə notariat ofisində saxlanılır.

Qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin qorunması məqsədi ilə Notariat hərəkətləri ilə bağlı əsassız imtina halları ilə rastlaşdıqda aidiyyatı notariat ofisindən əsaslandırılmış imtina qərarının verilməsini və ya digər orqanların qanunsuz imtinalarının əsaslandırılmasını tələb etmək sizin hüququnuzdur. Bu cür hüququ məhdudlaşdıran istənilən hərəkət və ya hərəkətsizlik qanunsuzdur.

Tağı Qənbərov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər