Məhkəmələr tərəfindən ömürlük həbs cəzası hansı hallarda təyin edilir?


  • 19 May 2023 13:32

"Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Fərid Məmmədli sia.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir: "Həmçinin cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.

Cinayət Məcəlləsinin bir çox maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Əsasən təcavüzkar müharibəni aparma, soyqırım, əhalini məhv etmə, əhalini deportasiya etmə və ya məcburi köçürmə, cinsi zorakılıq, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, dövlətə xəyanət, silahlı qiyam və s. kimi cinayət əməllərinə görə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilir".

Fərid Məmmədli sözlərinə belə davam edib: "Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalarını xüsusi rejimli həbsxanalarda çəkirlər.

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü on ilədək azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər".

Oxşar xəbərlər