- 25 May 15:14
"Son günlər əhali arasında söz gəzir ki, növbəti ildən daşınmaz əmlakın icbari sığortası qüvvəyə minir, buna görə də bu ilin sonunadək kim sığorta müqaviləsi bağlamasa, cərimələnəcək. Əslində vəziyyət necədir?".
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov yazıb.
Onun sözlərinə görə, əslində sözügedən icbari sığorta növü “İcbari sığortalar haqqında” Qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir: "Sadəcə, əhalinin mütləq əksəriyyəti əmlakını sığorta etdirmir. İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə yerli icra hakimiyyəti orqanları buna görə vətəndaşları 30 manat məbləğində cərimə edə bilər. Özü də hər 20 gündən bir (əgər vətəndaş sonuncu cərimədən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlamasa). Amma etmirlər.
Məndə olan məlumata görə, son günlər vətəndaşların aldığı bildirişləri yerli icra hakimiyyəti orqanları göndərməyib. Bəs onda kim göndərib? Böyük ehtimalla sığorta şirkətləri. Yəqin ilin sonunda ajiotaj yaradaraq xeyli gəlir əldə etmək istəyirlər.
İndandırıcı deyil ki, yerli icra hakimiyyəti orqanları seçkiqabağı insanları kütləvi cərimələməyə başlasın. 8 il ərzində heç nə etməyiblər. İndi birdən birə niyə etsinlər ki? Özü də heç bir maarifləndirmə işi aparmadan. Bütövlükdə, sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil. Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır (axı söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən gedir). Yəni bu, könüllü sığorta növü olmalıdır. Buna görə də narahat olmuş vətəndaşlarımıza tövsiyəm budur ki, deputatlığa namizədlərdən xahiş etsinlər ki, bu sığorta növünü gələcəkdə könüllü etsinlər. Yəni, qanuna dəyişiklik etsinlər", - deyə, vəkil qeyd edib.