- 11 İyul 15:56
Son zamanlarda ən çox verilən suallardan biri də ər-arvad nikahını pozduqdan sonra əmlak tələbinə dair iddia müddəti ilə bağlıdır.
Nəzərinizə çatdırım ki, əmlak tələbinə dair iddia tələbi üç il müddətdir. Bu üç il müddətə iki fərqli yanaşma var idi. Birincisi, nikah pozulduqdan və qeydiyyat şöbəsindən nikahın pozulmasına dair şəhadətnamə aldıqdan sonra müddətin axımı başlayır, ikincisi isə hüquqlarının pozulduğunu bildiyi andan. Məhkəmələrdə də iki fərqli yanaşılırdı yuxarıda qeyd etdiyim kimi. Lakin 29 iyul 2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya məhkəməsi tərəfindən Ailə Məcəlləsi maddə 36.9 və Mülki Məcəllənin maddə 377.1 bağlı şərh verildi. Konstitusiya Məhkəməsinin şərhinə əsasən, Ailə Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
Mənbə. ---- Ailə Məcəlləsi. Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi. 8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.
Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
---- Mülki Məcəllənin. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
---- Konstitusiya Məhkəməsinin 29 iyul 2019 - cu il tarixli şərhi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair.
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. 2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.
Rahim Abıyev, hüquqşünas