"Ali Məhkəmənin qərarı alimentin ödənilməsi ilə bağlı prosedurları daha dəqiq müəyyənləşdirir"


  • 16 Yanvar 12:48

Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Ali Məhkəmənin Mülki Kollegiyasının Mülki-Prosessual Məcəllənin 418-1-ci maddəsinin tələblərinə müvafiq olaraq verdiyi 2023-cü il 9 iyun tarixli təqdimatı əsasında Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə dair qərardad qəbul edilib.

Vətəndaşlara bu qərarı daha sadə və aydın şəkildə izah etmək üçün Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri və Vəkillər Kollegiyasının üzvü Vüsalə Muradxanlı e-huquq.az-ın suallarına aydınlıq gətirib:

- Vüsalə xanım, Ali Məhkəmənin bu qərarının nə kimi əhəmiyyəti olacaq?

- Bu qərar alimentin ödənilməsi prosedurları ilə bağlı hüquqi norma və tətbiqlərin daha da dəqiq müəyyənləşdirilməsini təmin edir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi kontekstində, ödənilən alimentlərin idarə edilməsi və təyinatı ilə əlaqədar hüquqi mexanizmləri aydınlaşdırır, həmçinin prosedurların daha da şəffaf və qanun çərçivəsində həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Düşünürəm ki, şəffaflıq qərarın əhəmiyyətinə müsbət təsir göstərəcək.

- Alimentin bank hesabına köçürülməsi nə dərəcədə effektiv sayılır?

- Qərarda alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə toxunulub. Bu məsələ alimentin məqsədyönlü istifadəsini təmin etmək və uşaqların maddi təminatının daha səmərəli və effektiv idarə edilməsini hədəfləyir.

- Bəs alimentin xərclənməsi hansı istiqamətlərdə aparılmalıdır?

- Qeyd edim ki, alimentin məqsədəuyğun xərclənməsi ilə bağlı mübahisələrdə sübutetmə yükünün tərəflər arasında necə bölüşdürüldüyü əhəmiyyətli bir məsələdir. Bu baxımdan, alimentin hansı məqsədlə istifadəsinin sübut edilməsi hər iki tərəfin hüquqi öhdəliklərinin anlaşılmasını tələb edir. Aliment yetkinlik yaşına çatmayan uşaqların rifahını, maddi təminatını və təhsilinin keyfiyyətini yaxşılaşdırmaq və digər bu kimi önəm daşıyan istiqamətlərdə xərclənməlidir. Valideyn uşağa düşən paydan öz mənfəəti üçün istifadə etməməlidir.

- Məhkəmənin bu qərarın icrası prosesində rolu necə olmalıdır?

- Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Məhkəmə qərarının icrası əsasən qanuni qüvvəyə minmiş qətnamələrin effektiv həyata keçirilməsi məqsədi daşıyır. Bu kontekstdə alimentin düzgün və vaxtında ödənilməsi həm aliment ödəyən, həm də aliment alan tərəflərin hüquqi məsuliyyətləri çərçivəsində müzakirə olunmalıdır.

- Bu qərarın qanunvericiliyə uyğunluğu və praktiki tətbiqolunma pirinsipləri nə kimi əhəmiyyət daşıyır?

- Qərarın Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə uyğunluğu hüquqi-normativ çərçivənin təhlili baxımından olduqca vacibdir. Qeyd etmək istərdim ki, qərarın praktiki tətbiqi və məhkəmə prosedurlarında yaratdığı yeniliklər hüquq icmasının bu sahədəki iş prinsiplərinin yenidən qiymətləndirilməsini tələb edir. İnanıram ki, bu aspektlər qərarın hüquqi təhlili baxımından çox böyük önəm daşıyır və qərarın hüquqi təcrübəyə olan təsirini dərinləşdirir. Bütün bunlar alimentin ödənilməsi ilə bağlı prosedurların daha da mükəmməlləşəcəyinə inam yaradır.

Yekun olaraq bildirmək istəyirəm ki, bu qərar uşaqların yaşayış rifahını yaxşılaşdırmaq və onların gələcək iqtisadi təminatını gücləndirmək baxımından mühüm bir addımdır. Aliment ödənişlərinin bu cür tənzimlənməsi valideynlərin maliyyə məsuliyyətini bir az da artırır və onları uşaqların rifah səviyyəsinə daha çox diqqət yönəltməyə təşviq edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər