Mediasiya Şurası ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirdi - FOTO


  • 27 Dekabr 2022 14:50

Mediasiya Şurasının üzvü olan mediasiya təşkilatları ilə 2022-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

E-huquq.az xəbər verir ki, iclası açıq elan edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov öncə 2022-ci ildə Mediasiya Şurasının gördüyü işlər barədə hesabat verib.

O bildirib ki mediatorların ümumi sayı ölkə üzrə 278-dir. Onlardan 73-ü qadın, 205-i kişidir. Bakıda 14, Naxçıvanda 5, regionlarda 99 mediator var. Eyni zamanda dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarından 25 mediasiya təşkilatı mediasiya təşkilatları reyestrinə daxil edilib. Onlardan 14 mediasiya təşkilatı Bakı şəhərində aktiv fəaliyyət göstərir, digərləri isə Gəncə, Qazax, Tovuz, Lənkəran, Şəki, Cəbrayıl, Salyan, Naxçıvan, Samux, Qusar, Sabirabad rayonlarında yerləşir. Sumqayıt, Goranboy və Mingəçevirdə dövlət qeydiyyatına alınmış daha 3 mediasiya təşkilatının Mediasiya Şurasının üzvlüyünə qəbul üçün sənədlərinin təqdim edildiyini və qeyd olunan təşkilatların Şuranın üzvlüyünə qəbul edilməsi məsələsinə də yaxın günlərdə baxılacaq.

Sədr deyib ki, 2022-ci il ərzində Mediasiya Şurası və mediasiya təşkilatlarına ümumilikdə 49.689 müraciət daxil olub. Bunlardan 35.048 müraciət ailə mübahisələri, 4.855 müraciət kommersiya mübahisələri, 1.508 müraciət isə əmək mübahisələri üzrə olub. Əlavə olaraq, əsassız iddiaların və ilkin mediasiya sessiyalarında iştirak etdikdən sonra məhkəməyə müraciət etmək fikrindən imtina edən müraciətlər üzrə xitam verilən müraciətlərin sayı isə 8.278 təşkil edib. Müsbət cəhət ondan ibarətdir ki, tərəflər tam barışıq sazişini ilkin mediasiya sessiyalarında iştirak etməklə demək olar ki, özləri əldə ediblər. Burada tərəflər ya özləri öz aralarında razılığa gələ biliblər, yaxud da mediasiyaya müraciət etdikdən sonra iştirak etdikləri görüşlərin nəticəsində öz mübahisələrini öz aralarında həll edə biliblər. Bu səbəbdən də qeyd edilən həcmdə iş məhkəmələrin iş yükünün azaldılmasında, əsassız iddiaların qarşısının alınmasında mühüm rol oynamışdır. Barışıq sazişlərinə toxunan N. Adilov qeyd edib ki, ailə mübahisələri üzrə 2.569 barışız sazişi imzalanıb, kommersiya mübahisələrində isə bu barışıq saazişlərinin sayı 374, əmək mübahisələrində isə bu barışıq saazişlərinin sayı 235 təşkil edir. N. Adilov qeyd etmişdir ki, tərəflərin dəvət edilməsi və eyni zamanda onların arzularına və qrafiklərinə uyğun təyin edilən mediasiya proseslərinin vaxtı, eyni zamanda tərəflərdən aslı olan məsələlərlə bağlı düşünmək üçün zaman, təxirəsalmalar da daxil olmaqla ən yaxşı halda mediasiya statistikası 2 aydan bir mediasiya təşkilatları tərəfindən tamamlana bilir. Ona görə də bu ilin son iki ayındakı proseslər də daxil olmaqla yekun statistika növbəti il bir daha elan ediləcək.

N.Adilov qeyd edib ki, 2022-ci il həm mediatorlar, həm mediasiya təşkilatları üçün praktika ili hesab edilə bilər. Biz birgə bir çox problemlərin öhdəsindən gələ bildik. Eyni zamanda əsassız iddialar da daxil olmaqla mübahisələrin alternativ həlli istiqamətində çox ciddi işlərimiz oldu. Maarifləndirmə işləri də daxil olmaqla, bir çox görüşlərimiz oldu.

N. Adilov vurğulayıb ki, Mediasiya Şurası və mediasiya təşkilatlarına daxil olmuş ailə mübahisələri üzrə mediasiya müraciətlərinin 30%-i nikahın pozulması, 24%-i alimentin müəyyən edilməsi, 17%-i zinyət və cehiz əşyalarının qaytarılması, 15%-i uşağın ölkə xaricinə çıxarılması, 11%-i uşaqla ünsiyyət tələbi, 3%-i isə digər məsələlər üzrə olmuşdur.
Əmək mübahisələrinin alternativ həlləri məsələsinə toxunan sədr qeyd edib ki, Mediasiya Şurası və mediasiya təşkilatlarına daxil olmuş Əmək mübahisələri üzrə mediasiya müraciətlərinin 24%-i işə bərpa, 22%-i əmək haqqı tələbi, 18%-i qanunsuz işdən çıxarma, 16%-i əmək müqaviləsinə xitam verilməsi, 15%-i əmrin ləğv edilməsi, 5%-i isə digər məsələlər üzrə olmuşdur.

N. Adilovun sözlərinə görə Mediasiya Şurası və mediasiya təşkilatlarına daxil olmuş Kommersiya mübahisələri üzrə mediasiya müraciətlərinin 68%-i pul tələbi, 13%-i müqavilə öhdəliklərinin yerinə yetirilməsi, 10%-i dəymiş ziyanın ödənilməsi, 7%-i əsassız borcun silinməsi, 2%-i isə digər məsələlər üzrə olmuşdur.

N. Adilov qeyd etmişdir ki, Mediasiya Şurası və mediasiya təşkilatlarına təkcə mübahisələrin alternativ həlli ilə bağlı müraciətlər deyil, vətəndaş müraciətləri, vətəndaşları narahat edən müxtəlif tipli suallar da ünvanlanmışdır. Vətəndaş məmnunluğunu təmin etmək məqəsdi ilə biz bütün vətəndaşlara səlahiyyətimiz çərçivəsində dəstək olmuşuq. Onun sözlərinə görə, Mediasiya Şurası fəaliyyətə başladığı və müraciətlərin qəbul edildiyi tarixdən indiyə qədər vətəndaşlar tərəfindən Şuranın əlaqə vasitələrinə sual, sorğu, irad, təklif və şikayətlər də daxil olmaqla, 12.700 vətəndaş müraciəti daxil olmuşdur. Qeyd edilən bütün müraciətlər vaxtında araşdırılaraq tədbirlər görülmüş, Mediasiya Şurasının səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı üzrə istiqamətləndirilmişdir. Vətəndaşların qeyd edilən müraciətlərinin 3.586-ı Çağrı Mərkəzi vastəsilə, 3.418-i Şuranın rəsmi “whatsapp” hesabı vasitəsilə, 3.382-i mobil əlaqə nömrələri vastəsilə, 2.120-i e-poçt hesabları vasitəsilə, 132-i rəsmi “facebook” hesabı vastəsilə, 62-i isə rəsmi “instagram” hesabı vasitəsilə qəbul edilmişdir.

N. Adilov daha sonra 2022-ci ildəki uğurları, mediasiya sahəsində görülən mühüm işləri diqqətə çatdırıb. O qeyd edib ki, bir il müddətində Şura kifayət qədər ciddi işlərə nail olub və qarşıya qoyulan öhdəliklərə sadiq qalaraq keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində də mediasiya təşkilatları ilə birlikdə səylərini səfərbər edib. Daha sonra Nadir Adilov gələn il mediasiya təşkilatlarının qarşısında duran bir nömrəli vəzifənin, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi olduğunu qeyd edib. O qeyd edib ki, 2023-cü ildə mediasiya təşkilatlarından əsas tələb olunan keyfiyyətli mediasiya xidmətlərinin təşkili, barışıq sazişlərinin ciddi artımına nail olmaq, mediasiya proseslərinin Qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasıdır. N. Adilov qeyd edib ki, 2023-cü ildə Bakı və regionlarda faliyyət göstərən bütün mediasiya təşkilatlarında davamlı olaraq monitorinqlər aparılacaq. Monitorinqlərin nəticəsində barışıq sazişlərinə nail olan mediatorlar mükafatlandırılacaq, nümunəvi və seçilən mediatorlar barədə müsbət qərarlar veriləcək. Vətəndaş narazılığına səbəb olan, eyni zamanda keyfiyyətsiz mediasiya xidmətləri aparan mediatorlar və mediasiya təşilatları əgər müəyyən olunarsa, bu barədə ölçülər götürüləcək və bu gün də bu ölçülər götürülür. Onun sözlərinə görə mediasiya təşkilatı təcrübəsi özünü doğruldur və mediasiya təşkilatları demək olar ki, nağdsız hesabalaşmalara keçidi tamamilə həll ediblər. Regionlarda fəaliyyət göstərən və mediasiya təşkilatlarında təmsil olunmayan bütün mediatorların da növbəti ildən nağdsız hesabalaşmalar üzrə fəaliyyətlərinin təşviq edilməsi və bu sahədə Şuranın nəzarət tədbirləri gücləndiriləcəkdir.

İclasda iştirak edən Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd, Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova, Bakı 10 saylı mediasiya təşkilatının nümayəndəsi Natiq Məmmədova, Bakı 11 saylı mediasiya təşkilatının rəhbəri Malik Rzayev, Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 13 saylı mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev, Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev, Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri Ülkər Zülfüqarova, Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov çıxış edərək meydana çıxan problemlərdən və gələn il bu problemlərin həlli yollarından danışıblar. Çıxış edənlər birmənalı şəkildə mediasiya prosesləri artıq öz töhfəsini verir və 2023-cü ildə mediasiya təşkilatlarının üzərinə barışıq sazişlərinin artırılması və eyni zamanda keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində böyük məsuliyyət düşdüyünü qeyd ediblər.

Oxşar xəbərlər