- 15:17
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Zərərçəkmiş Ülkər Xəlilovanın sözlərinə görə ona “WhatsApp”a əlavə qazancla bağlı mesaj gəlib: “Soruşdum bu əlavə qazancla bağlı iş nədən ibarətdir? Dedilər ki, bir satış səhifəsi var, onu inkişaf etdiririk. Ona görə də orada olan məhsullar sadəcə bəyənilməlidir. Bununla razılaşdım. Daha sonra başqa platformadan linklər göndərildi və deyildi ki, bu linkdəki məhsulu sifariş edib, daha sonra malı geri qaytarmalıyam. Əvvəl razı olmadım, yalnız sonra məni əmin etdilər ki, məbləğ əlavə ilə geri qayıdacaq. Razılaşdım və ilk dəfə balansa məhsul alışı üçün 30 manat yüklədim. Daha sonra aldandım, məbləğ getdikcə böyüdü. 980, 1400, daha sonra yenə 1400 manat yüklədim. Neçə dəfə yüklədiyim pulları geri almaq istədim, amma bu mümkün olmadı. Ümumilikdə təxminən 4080 manat ziyana düşmüşəm və məbləğin geri qaytarılmasını istəyirəm”.
Zərərçəkmiş Elvar Məmmədzadə bildirib ki, ona da iş təklifi ilə bağlı mesaj “WhatsApp”dan gəlib: “Balansda müəyyən qədər məbləğ yığıldıqda onları geri götürmək istədim və mənə dedilər ki, bunun üçün əlavə məbləğ yükləməliyəm. Bunu etdim və gördüm məbləğ qayıtmadı. Artıq başa düşdüm ki, aldanmışam”.
Zərərçəkmiş ona ümumilikdə 7600 manat ziyan dəydiyini qeyd edib.
Zərərçəkmiş Cəbrail Nərimanov xarici nömrədən iş təklifi ilə bağlı mesaj gəldiyini bildirib: “Dedilər video bəyənməliyəm və bunun qarşılığında 2 manatdan başlayan məbləğ verəcəklər. Daha sonra daha əlverişli qazanc təklif etdilər. Orada sifarişlə bağlı müəyyən tapşırıqlar var idi və bunun qarşılığında pul ödəniləcəkdi. Məhsul almaq üçün 30 manat balans yükləməklə başladım, sonra məbləğ artdı. Bir gün mənə deyilən 500 manatlıq məhsulu guya 2 dəfə aldığım deyildi. Daha sonralar əlavə pul istəniləndə dedim ki, artıq pulum yoxdur. Öz pulumu da geri qaytarmadılar. Ümumilikdə 1480 manat ziyana düşmüşəm”.
Məhkəmənin növbəti iclası 22 may tarixinə təyin edilib.
Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
Humay Eminqızı