"Konstitusiya və Suverenlik İli" - MƏQALƏ


  • 3 Oktyabr 2025 15:47

2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bu təşəbbüs, bir tərəfdən 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu ildönümünü, digər tərəfdən də dövlətin ərazi bütövlüyünü təmin etmiş və milli suverenliyi tam bərpa etmiş İkinci Qarabağ müharibəsində qələbənin 5-ci ildönümünü qeyd etmək məqsədi daşıyır. 2025-ci il həm hüquqi dövlət quruculuğu proseslərinin mühüm mərhələsini, həm də milli suverenliyin təmin olunması ilə bağlı fundamental dönüş nöqtəsini simvolizə edir. Bu ilin Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi təsadüfi deyil, belə ki, bu qərar Konstitusiyanın Azərbaycanın demokratik inkişaf modelində oynadığı əsas rolu və müstəqil dövlətçiliyin təminatında onun aparıcı funksiyasını bir daha önə çıxarır. Konstitusiya təkcə dövlətin hüquqi və demokratik dəyərlərə söykənən əsaslarını deyil, həm də xalqın siyasi iradəsinin ifadəsi və dövlətin legitimliyinin əsas mənbəyidir.

Sərəncamda 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın hüquqi, institusional və demokratik idarəetmə çərçivələrinin möhkəmlənməsində oynadığı həlledici rol vurğulanır. Qeyd edilir ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

1993-cü ilə qədər, yəni Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışına qədər, dövlət institutları zəif inkişaf etmiş, hüquqi nizam-intizam tam bərqərar olmamışdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni dağılmaq təhlükəsindən xilas etdi, sabitliyi bərpa etdi və dövlətçiliyin möhkəmlənməsi üçün zəmin yaratdı. Onun uzaqgörən siyasəti nəticəsində 1995-ci ildə dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, həmçinin sosial-iqtisadi islahatların həyata keçirilməsini təmin edən, demokratik prinsiplərə əsaslanan Azərbaycan Respublikasının ilk milli Konstitusiyası hazırlandı və ümumxalq səsverməsi ilə qəbul edildi. Bu tarixi sənəd Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətlərinin və strateji liderliyinin ən parlaq nümunəsidir.

Azərbaycan Respublikasının Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tam olaraq tətbiqinə imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
İrəli sürülən islahatlar inklüziv idarəçilik, sosial rifah və cəmiyyətin ədalətə əlçatımlılığını genişləndirməklə yanaşı, dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini daha da möhkəmləndirməyi hədəfləyir.

Suverenlik anlayışı: tarixi və klassik nəzəri yanaşmalar

Suverenlik-dövlətin daxili və xarici siyasətində öz iradəsini sərbəst ifadə etmək, hüquqi və siyasi qərarlarını müstəqil şəkildə qəbul etmək səlahiyyətidir. Bu anlayış yalnız siyasi deyil, həm də hüquqi müstəvidə öz təsdiqini tapır. Dövlətin suverenliyinin ən mühüm hüquqi təminatı isə onun Konstitusiyasıdır. Konstitusiya, ali hüquqi sənəd olaraq dövlətin əsas quruluşunu, idarəetmə formasını, hakimiyyətin bölünməsi prinsipini və vətəndaşların hüquqlarını təsbit edir.

Daxili suverenlik dövlətin qanun yaradıcılığına, idarəetmə və məhkəmə hakimiyyətinə kənar təsir olmadan tam nəzarətini təmin edən ən ali prinsiplərdən biridir. Bu, Konstitusiya ilə möhkəmləndirilmiş hüquqi institutların müstəqil fəaliyyətini və dövlətin öz ərazisində yeganə legitim güc sahibi olduğunu təsdiqləyir.

Xarici suverenlik dedikdə isə dövlətin beynəlxalq hüququn tamhüquqlu subyekti kimi tanınması, dünya arenasında bərabərhüquqlu iştirak etməsi və milli maraqlarını müstəqil şəkildə müdafiə etməsi başa düşülür.

Suverenliyin hüquqi təhlilində klassik siyasi-fəlsəfi yanaşmalar xüsusi yer tutur. XVI əsrdə Jan Bodin suverenliyi “qanun qoymaq səlahiyyətinin mütləq daşıyıcısı” kimi müəyyən etmiş və onu dövlət hakimiyyətinin bölünməz və ayrılmaz nüvəsi hesab etmişdir. Bodin üçün suverenlik dəyişməz və bölünməz idi, yəni dövlətin varlığı üçün əsas şərt sayılırdı. Suverenlik konsepsiyasına dair bu nəzəri baxışlarını Bodin 1576-cı ildə dərc olunmuş məşhur əsəri— “Respublika haqqında altı kitab”da hüquqi-siyasi kateqoriyalar çərçivəsində ardıcıl və sistemli şəkildə ifadə etmişdir.

XVII əsrdə Tomas Hobbs suverenliyi “ictimai müqavilə” nəzəriyyəsi çərçivəsində izah edərək onu cəmiyyətin xaosdan qorunması üçün zəruri bir mexanizm kimi təqdim edirdi. Hobbs’a görə insanlar öz azadlıqlarını qorumaq və sabitlik təmin etmək məqsədilə suverenə, yəni ali hakimiyyət daşıyıcısına itaət etməyə razılıq verirlər. Bu suveren istənilən hüquqi və siyasi orqandan yuxarıda dayanır və onun iradəsi hüququn mənbəyidir.

Beləliklə, suverenlik anlayışı sadəcə daxili və xarici hakimiyyətin sərhədləri ilə məhdudlaşan bir kateqoriya deyil, o, hüquqi və fəlsəfi dəyərlərlə zənginləşdirilmiş, normativ məzmun daşıyan konsepsiya kimi çıxış edir. Bu anlayış dövlətin hüquqi varlığını təsdiqləməklə yanaşı, Konstitusiyanın legitimlik əsasını formalaşdırır və milli dövlətçiliyin möhkəm dayağına çevrilir.

Azərbaycanın suverenliyinin təminatında beynəlxalq tanınma həlledici rol oynamışdır. 1991-ci ildən başlayaraq dünyanın əksər dövlətləri Azərbaycanın müstəqilliyini tanımış, ölkəmiz BMT və digər beynəlxalq təşkilatların üzvü olmuşdur. Bu, Azərbaycanın beynəlxalq hüququn subyekti kimi qəbul olunması və dövlət müstəqilliyinin legitimliyini möhkəmləndirməsi demək idi.

Bununla yanaşı, milli silahlı qüvvələrin yaradılması dövlət müstəqilliyinin hərbi təminatını formalaşdırdı. Silahlı qüvvələr yalnız ərazi bütövlüyünün qorunması deyil, həm də dövlətin suverenliyinin daxildən və xaricdən müdafiəsi üçün həyati əhəmiyyət daşıyır.

Konstitusiyanın 7-ci maddəsi Azərbaycan dövlətinin əsaslarını təsbit edərək göstərir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bu, dövlətin daxili və xarici siyasətində müstəqilliyin necə təmin olunduğunu göstərir: daxildə yalnız hüquqla, xaricdə isə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə məhdudlaşdırılması suverenliyin mahiyyətini əks etdirir. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, onların qarşılıqlı fəaliyyət göstərməsi və müstəqilliyi də dövlətin hüquqi müstəqilliyini gücləndirən əsas prinsiplərdəndir.

Konstitusiya Aktı ilə təsbit edilən müstəqillik, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş dövlətin əsas prinsipləri, beynəlxalq tanınma və milli silahlı qüvvələrin qurulması— bütün bunlar Azərbaycan Respublikasının suverenliyinin bərpa olunmasını və təmin edilməsini reallığa çevirdi.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Azərbaycanın konstitusiya tarixi

Azərbaycanda konstitusionalizmin inkişafı bir çox mərhələdən keçmişdir:

Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920-ci illər).

28 may 1918-ci il tarixdə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş "İstiqlal Bəyannaməsi" (Misaqi-Milli) Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etmişdir. Bu bəyannamə Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, xalqımızın dövlətçilik ənənələrini davam etdirmişdir. Bəyannaməyə əsasən, Azərbaycan qonşu dövlətlərlə dostluq münasibətləri quracaq, bütün vətəndaşların siyasi hüquqlarını təmin edəcək və məzhəb, sinif, cins fərqi görməyəcəkdir. Bu bəyannamə ölkəmizdə konstitusiya tarixində qəbul edilmiş ilk milli-siyasi akt idi. Demokratik Azərbaycan dövlətinin və onun fəaliyyətinin təşəkkülü və inkişafı 1918-1920-ci illərə təsadüf edir. Əsrin əvvələrində Rusiya imperiyasının parçalanması ilə bağlı şərait 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin (Azərbaycanın İstiqlaliyyəti Haqqında Aktın) qəbul edilməsinə, beləliklə də Azərbaycan dövlətinin yaranmasına səbəb olmuşdur. Həmin dövrün konstitusiya aktı hesab edilən bu hüquqi akt Azərbaycan dövlətçiliyinin çoxəsrlik ənənələrini dirçəltdi, Azərbaycan Respublikasında müstəqil dövlətlərə xas olan dövlət institutlarının-parlamentin, hökümətin, ordunun, maliyyə sisteminin yaradılmasına əsas oldu. Bunu 1918-1920-ci illəri Azərbaycan dövlətçiliyinin , Əsas Qanun və ondan irəli gələn qanunvericiliyin təkamülü prosesinin ilkin mərhələsi hesab etmək olar. Bu siyasi və hüquqi sənəddə bu günümüzün də çağırışlarına cavab verın prinsiplər yer almışdır: hakimiyyətin xalqa mənsubluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təmin olunması, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafının təmin olunması, Azərbaycanda hüquqi dövlətin qurulması və dövlət hakimiyyətinin hakimiyyətin bölünməsi prinsipinə əsaslanması.

Həmin dövrdə Azərbaycanın Parlamenti tərəfindən də bir sıra qanunlar və qərarlar qəbul edilmişdir. Bu mərhələ barəsində ümummilli lider Heydər Əliyev deyirdi:
“Azərbaycan Xalq Cümhuriyyəti az yaşayıbdır. Ancaq o XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur”.

Ümummilli lider dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq, 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzaladı. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ili xarakterizə edərək deyib: “1993- 2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olmuşdur. Məhz o illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları quruldu. Sözün əsl mənasında, müstəqil dövlət quruldu. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən həm siyasi, həm iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiya etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir. O illərdə hüquqi islahatlar aparılmışdır. Bir sözlə, 1993- 2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsində həlledici rol oynamışdır. Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük”.

Sovet Azərbaycanı dövrü (1920-1991-ci illər)

19 may 1921-ci il tarixdə Azərbaycan SSR-in I Konstitusiyası- Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Bu akt Azərbaycanın ilk Sovet konstitusiyası olub, Azərbaycan Sovet Sosialist Respublikasının yaranması faktının qanunvericiliklə təsbit etmişdir. Bu konstitusiya Şərqdə ilk qəbul olunmuş əsas Qanun idi. Konstitusiya zəhmətkeş əhalinin, yəni fəhlə və kəndli təbəqəsinin hüquq və mənafelərinin müdafiə olunduğunu hüquqi şəkildə təsbit edirdi. Həmin Konstitusiya çərçivəsində dövlətin idarəetmə forması Sovetlər Respublikası kimi müəyyən edilmiş və bu model kommunist ideologiyası baxımından demokratiyanın ən üstün forması kimi təqdim olunmuşdu. Sənəddə ali hakimiyyətin yalnız öz zəhməti ilə yaşayan əhali təbəqəsinə — fəhlələrə və əməkçi kəndlilərə məxsus olduğu qeyd edilirdi. Konstitusiya 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət idi.
26 mart 1927-ci il tarixdə Azərbaycan SSR-in II Konstitusiyası-V Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) və SSRİ-nin yaranması, Azərbaycanın bu dövlət qurumlarının tərkibinə daxil olması, habelə onun ərazisində Naxçıvan MSSR və DQMV-nin təşkil edilməsi, bir sıra dövlət orqanlarının, xüsusi hüquq mühafizə fəaliyyətini həyata keçirən orqanların struktur və fəaliyyətinin yeniləşdirilməsi, respublikanın həm inzibati-ərazi bölgüsündə, həm də dövlət aparatının strukturu və fəaliyyətində dəyişikliklərlə nəticələnmişdi. Azərbaycanın 1927-ci il Konstitusiyası 5 bölmə, 9 fəsil və 101 maddədən ibarət idi. Birinci bölmə ümumi müddəalara həsr olunmuşdu. Burada Azərbaycanın ZSFSR və SSRİ-nin tərkibində hüquqi vəziyyəti, ali hakimiyyət orqanları, vətəndaşlarının hüquqları haqqında 17 maddə əks etdirilmişdir.

Sovet cəmiyyətində baş verən dəyişikliklər 1936-cı il dekabrın 5-də Sovetlər birliyinin XVIII Fövqəladə Sovetlər qurultayında təsdiq edilmiş SSRİ-nin Konstitusiyasında öz əksini tapdı. 13 fəsil və 146 maddədən ibarət olan Konstitusiya sosializmin qələbəsinin təsbiti və bununla əlaqədar bir çox məsələlərlə yanaşı, ZSFSR-in ləğvini və bu federasiyanın tərkibinə daxil olmuş üç respublikanın – Azərbaycanın, Gürcüstanın və Ermənistanın bilavasitə SSRİ-nin tərkibinə daxil olmasını müəyyən edirdi. Sovetlər birliyinin tərkibinə artıq 7 deyil, 11 müttəfiq respublikanın daxil olması rəsmiləşdirildi. Dövlət təhlükəsizliyinin mühafizəsi, planlaşdırma, maliyyə, inzibati-ərazi bölgüsünün dəyişdirilməsi, mülki, cinayət, prosessual qanunvericilik, məhkəmə quruluşu sahəsində İttifaqın səlahiyyəti genişləndirildi. Siyasi üstqurum sosializm iqtisadi bazisinə uyğunlaşdırıldı. 14 mart 1937-ci il tarixində Azərbaycan SSR-in III Konstitusiyası- Ümumazərbaycan fövqəladə IX Sovetlər Qurultayında qəbul olunmuşdur. Qurultay tərəfindən «tarixi missiyasını başa çatdırması»nın qeyd olunduğu Zaqafqaziya federasiyasının ləğvi burada bir daha təsdiq edildi və ittifaq Konstitusiyasının 13-cü maddəsinə müvafiq surətdə Azərbaycanın digər iki qonşu respublika ilə birlikdə SSRİ-nin tərkibinə bilavasitə daxil olması haqqında qərar qəbul olundu. Yeni Konstitusiya 14 fəsil və 155 maddədən ibarət idi. İqtisadi sahədə, cəmiyyətin sinfi quruluşunda və milli qarşılıqlı münasibətlərdə əmələ gəlmiş əsaslı dəyişikliklər sosialist demokratiyası prinsipinə uyğun surətdə dövlət orqanları sistemində və seçki hüququ prinsipində bir sıra yeniliklərin təsbit edilməsinə səbəb oldu. Hakimiyyət orqanlarının hamısı gizli səsvermə yolu ilə ümumi, müstəqim və bərabər seçki hüququ əsasında seçilməyə başladı. Əvvəlki konstitusiyalardan fərqli olaraq Azərbaycanın 1937-ci il Konstitusiyasında bir sıra yeni fəsilləri - «İctimai quruluş», «Vətəndaşların əsas hüquq və vəzifələri», «Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları», «DQMV-nin dövlət hakimiyyəti orqanları», «Məhkəmə və prokurorluq» adlanan fəsilləri ehtiva edirdi. SSRİ-nin 1936-cı il Konstitusiyasına uyğun yeni redaksiya ilə hakimiyyət orqanlarının strukturu yeniləndi.

21 aprel 1978-ci il tarixdə Azərbaycan SSR-in IV Konstitusiyası. SSRİ-nin 1977 Konstitusiyasına uyğunlaşdırılmış son sovet konstitusiyası ilə əsas hüquq-vəzifələr və dövlət quruluşu sistemi yeniləndi. Azərbaycan SSR Ali Sovetinin növbədən kənar 7-ci sessiyasında qəbul edilmişdir. Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. Bu konstitusiyada ilk dəfə sağlamlığın qorunması, mənzil hüququ, mədəni irsdən faydalanmaq və yaradıcılıq azadlığı kimi fundamental hüquqlar təsbit olunmuşdur. 1978-ci ildə Konstitusiya qəbul edilərkən ən mühüm məsələlərdən biri dövlət dilinin müəyyən olunması idi. Respublikanın birinci katibi kimi Heydər Əliyev dövlət dilinin Azərbaycan dili olması barədə müddəanın Əsas Qanunda təsbit olunmasına xüsusi önəm vermişdir. Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Lakin rəsmi olaraq Moskva bu təşəbbüsə kəskin etiraz göstərmişdir. Bununla belə qeyd edilməlidir ki, 1978-ci il tarixli Azərbaycan Konstitusiyasında dövlət dili haqqında maddə yer alanda həmin dövrdə SSRİ-ni təşkil edən 15 respublikadan yalnız Gürcüstan və Ermənistan öz konstitusiyalarında dövlət dili məsələsini ayrıca qeyd etmişdir.

Müstəqillik dövrü

XX əsrin sonlarına yaxın SSRİ-də dərin siyasi, iqtisadi və sosial böhran hökm sürürdü. 1980-ci illərin ortalarından başlayaraq M.S.Qorbaçovun elan etdiyi “yenidənqurma” və “aşkarlıq” siyasəti ittifaqda milli münasibətlərin daha da gərginləşməsinə gətirib çıxardı. Bu proseslər imperiya daxilindəki xalqların azadlıq arzularını gücləndirdi və suverenlik uğrunda mübarizəni aktuallaşdırdı. Azərbaycan üçün bu dövr xüsusilə mürəkkəb idi. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağda separatçı hərəkatın alovlanması milli birliyin formalaşmasına səbəb oldu. Qarabağ hadisələri ilə yanaşı, SSRİ rəhbərliyinin Azərbaycan xalqının haqlı tələblərinə qarşı sərt mövqeyi etimadı tamamilə sarsıtdı. 1990-cı ilin 20 Yanvar faciəsi isə Sovet imperiyasının zorakı mahiyyətini açıq şəkildə üzə çıxardı və xalqın müstəqillik ideyalarını daha da gücləndirdi. SSRİ-nin iqtisadi sistemi iflasa uğradı, kommunist ideologiyası çökdü. Azərbaycanda müstəqillik hərəkatı gücləndi. 1991-ci ilin avqust çevrilişi isə SSRİ-nin dağılmasını sürətləndirərək mərkəzin mövqeyini tamamilə zəiflətdi. Beləliklə, Sovetlər Birliyi dağıldı.

Belə tarixi şəraitdə Azərbaycanın Ali Soveti 1991-ci il 18 oktyabrda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməklə, respublikanın suveren dövlət kimi hüquqi əsaslarını təsbit etdi. Bu akt, əslində, həm SSRİ-nin dağılmasının nəticəsi, həm də xalqımızın azadlıq uğrunda çoxillik mübarizəsinin məntiqi yekunu idi.
1991-ci il 18 oktyabrda qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı əslində xalqımızın əsrlər boyu davam edən azadlıq iradəsinin hüquqi ifadəsi idi. Bu aktla Azərbaycan XX əsrin əvvəllərində, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi kimi, dövlət müstəqilliyini ikinci dəfə bərpa etdi. Bu sənəd Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, müstəqil xarici siyasət aparmasına və suveren dövlət kimi öz hüquqi sistemini formalaşdırmasına zəmin yaratdı. Aktın 2-ci maddəsi Azərbaycan Respublikasını 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi rəsmən tanıyırdı. Altı bölmədən və 32 maddədən ibarət olan bu sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir. Həmin Aktın 32-ci maddəsidə həmin Konstitusiya Aktının Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsas olması qeyd olunmuşdur.

Konstitusiya Aktının qəbulundan sonra yeni Konstitusiyanın qəbul edilməsi prosesinə başlanıldı. Bu məqsədlə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya komissiyası yaradıldı. Komissiyaya həmin vaxt Azərbaycan Respublikasının prezidenti olan Heydər Əliyev sədrlik edirdi. Komissiya Azərbaycanın siyasi quruluşunu, insan hüquq və azadlıqlarını, bakimiyyətin bölgüsünü əks etdirən layihə hazırladı və layihə ictimai müzakirəyə çıxarıldı. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

12 noyabr 1995-ci ildə ümümxalq referendumu keçirildi, səsvermədə seçicilərin böyük əksəriyyəti iştirak etdi və konstitusiyanın lehinə səs verdi. Beləliklə, Azərbaycan Respublikasının ilk müstəqil konstitusiyası qəbul olundu.

Konstitusiyanın milli dövlətçilik tarixində formalaşdırdığı həlledici rol nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Əsas Qanun kimi Azərbaycan Respublikasının hüquqi-siyasi sisteminin bünövrəsini təşkil etmişdir. Bu konstitusiya ilk dəfə olaraq xalqın bilavasitə iradəsi ilə-referendum yolu ilə qəbul olunmuşdur. Bu, onun legitimliyini gücləndirmişdir. Bu sənəd Azərbaycanın tarixində ən vacib hüquqi sənəd hesab olunur. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən etmişdir. Dövlətin əsasları ilə yanaşı, Konstitusiyamız özündə ümumbəşəri dəyərləri təsbit etməklə əsas insan və vətəndaş hüquq və azadlıqlarını ön plana çıxarmışdır. Konstitusiya onu təsbit edir ki, ali dəyərlər olan insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir. Əvvəlkilərdən fərqli olaraq hazırki Konstitusiyaya görə, dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur.

İlk dəfə olaraq Konstitusiya hakimiyyətin bölünməsi prinsipini təsbit etmişdir. Bu prinsipə görə dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir.
Konstitusiyada yerli özünüidarətemə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir.
Bundan başqa, ilk dəfə olaraq, təkpartiyalı sistemdən imtina olunmuş, ideoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur.
Nə qədər ki, Azərbaycan ərazisinin bir hissəsi işğal altında idi, Konstitusiya və beynəlxalq normalar görə işğal altında olan ərazilər Azərbaycanın yurisdiksiyasına aid ərazilərdə qanunları tətbiqi mümkün deyildi. 44 günlük müharibə və antiterror əməliyyatından sonra Azərbaycanın sərhədləri bütövləşdi. Azərbaycanın suverenliyi ölkəmizin beynəlxalq normalarla tanınan bütün ərazisində bərpa olundu. Artıq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasının bütün ərazisində de yure və de fakto qüvvədədir.

Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Bu sənəd, müstəqil dövlətin əsaslarının müəyyənləşdirilməsi ilə yanaşı, insan hüquq və azadlıqlarını, hakimiyyət bölgüsü prinsipini, hüququn aliliyini təmin edən əsas hüquqi sənəd kimi tarixə düşmüşdür. Müstəqillikdən sonra hüquqi sistemin dinamik inkişafı Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini zəruri etmiş olduğundan, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya müvafiq dəyişikliklər qəbul olunmuşdur. Bu dəyişikliklər əsasən insan hüquqlarının müdafiəsi, vətəndaşların iştirak hüquqları, hüquqi dövlətin möhkəmləndirilməsi və müasir idarəçilik prinsiplərinə uyğunlaşmanı hədəfləmişdir.

Beləliklə, müstəqillikdən sonra keçən dövr və tarixi təcrübə göstərdi ki, Azərbaycan dövləti hüququn aliliyinə əsaslanan müasir dövlətçilik modelini formalaşdıraraq, vətəndaş cəmiyyəti ilə güclü və sarsılmaz bir körpü qurmaq yolunda tarixi addımlar atmışdır. Azərbaycan Konstitusiyası dövlətin siyasi, hüquqi və sosial quruluşunu istiqamətləndirən əsas prinsipləri özündə əks etdirir. Bu prinsiplərə suverenliyin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyi, demokratik idarəçilik, insan hüquqları, hüquqi çərçivədə iqtisadi inkişafın təşviqi daxildir. Son üç onillikdə ölkədə konstitusiya normalarının səmərəli idarəçiliyə və ictimai tərəqqiyə çevrilməsi üçün geniş hüquq islahatları aparılmışdır. Bu islahatlar məhkəmə sisteminin modernləşdirilməsini, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini, beynəlxalq insan hüquqları standartlarına uyğunlaşmanı, rəqəmsal idarəetmənin genişləndirilməsini və qanunvericilikdə irəliləyişləri əhatə edir.

Məhkəmə-hüquq islahahatları indiki dövrdə

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında mühüm rol oynamışdır. Fərman, ölkədə ədalət mühakiməsinin daha səmərəli, şəffaf və ictimai etimadı doğruldan şəkildə təşkili məqsədilə məhkəmə sistemində kompleks hüquqi, institusional və texnoloji dəyişiklikləri nəzərdə tutmuşdur. Fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə qərarlarının vaxtında və tam icrası, süründürməçilik hallarının aradan qaldırılması və məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqi əsas prioritetlər kimi müəyyən olunmuşdur. Hakimlərin müstəqilliyinin təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslaşmış məhkəmənin yaradılması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması kimi tədbirlər, ədalət mühakiməsinin sabit və proqnozlaşdırılan hüquqi sistemə əsaslanmasını hədəfləyir. Cəza siyasətində humanist yanaşma və dekriminallaşdırma istiqamətində yeni qanunvericilik təşəbbüsləri nəzərdə tutulmuş, məhkəmə qərarlarının icrasına nəzarətin gücləndirilməsi, “Elektron məhkəmə” sisteminin funksional imkanlarının artırılması, ekspertiza və mediasiya institutlarının inkişafı ön plana çəkilmişdir. Bütün bu tədbirlər hüquqi dövlət quruculuğunun mühüm mərhələsi olaraq, Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin etmək məqsədi daşıyır.

Son məhkəmə islahatları məhkəmə xidmətlərinin səmərəliliyi, şəffaflığı və əlçatanlığını önə çəkir. Rəqəmsal transformasiya və institusional gücləndirmə üzrə kompleks təşəbbüslər Dünya Bankı ilə yanaşı, bir sıra beynəlxalq tərəfdaşların və yerli institutların əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu təşəbbüslərin mühüm istiqamətlərindən biri də “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən, sistemin tətbiqi məqsədlərinə insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi, məhkəməyə müraciət imkanlarının genişlənməsi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də aşkarlığın və operativliyin təmin olunması, məhkəmə qərarlarının icrasına nəzarətin gücləndirilməsi və elektron kargüzarlığın, elektron sənəd dövriyyəsinin təmin edilməsi daxildir.

Son onilliklərdə həyata keçirilən hüquqi islahatlar, o cümlədən məhkəmə sisteminin modernləşdirilməsi, antikorrupsiya tədbirləri və insan hüquqlarının inteqrasiyası qanunun aliliyini və institusional hesabatlılığı gücləndirmək üçün ardıcıl strategiyanı əks etdirir. Süni intellektlə dəstəklənən məhkəmə sistemlərinin və elektron məhkəmələrin tətbiqi kimi rəqəmsal idarəçilikdə irəliləyişlər, məhkəmənin səmərəliliyini və şəffaflığını artırıb və bununla da ictimai etimadı möhkəmlədib.

“Konstitusiya və Suverenlik İli’ elan edilməsi ilə bağlı tədbirlər planı dövlətçilik tariximizin fundamental dəyərlərinin daha dərindən mənimsənilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Plan çərçivəsində hüquqi, siyasi, elmi, mədəni və sosial istiqamətləri əhatə edən genişmiqyaslı təşəbbüslər nəzərdə tutulmuşdur. Bu tədbirlər Konstitusiyanın qəbulunun 30 illiyinin və Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətini önə çıxarmaqla yanaşı, vətəndaşların hüquqi maarifləndirilməsini, milli kimlik və dövlətçilik şüurunun möhkəmləndirilməsini hədəfləyir. Beynəlxalq konfranslardan və ictimai aksiyalardan, təhsil, mədəniyyət və gənclər layihələrinə qədər geniş spektri əhatə edən bu tədbirlər yalnız dövlət orqanlarının deyil, həm də cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə həyata keçiriləcək və gələcək nəsillərə milli irsin ötürülməsi baxımından mühüm rol oynayacaqdır.

Nəzrin Kərimli

Şirvan Apellyasiya Məhkəməsinin hakim köməkçisi

Oxşar xəbərlər