Məhkəmə sərnişinin ölümündə ittiham olunan sürücüyə bəraət verdi


  • 29 İyul 2021 15:52

Bu gün Səbail Rayon Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhəmməd Abıyev və Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

M. Abıyevin vəkili Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

"Hökmə əsasən, hüquqlarını müdafiə etdiyim Məhəmməd Abıyevin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verildi. Digər şəxs Elnur Abdullayev isə azadlıqdan məhrum olundu", - deyə vəkil bildirib.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqustunda saat 16:40 radələrində Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi 99 NH 646 nömrəli "Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən 1991-ci il təvəllüdlü Məhəmməd Abıyevin idarə etdiyi "BMW X5” markalı 10 SR 686 nömrəli avtomobil toqquşub.

Hadisə nəticəsində taksi fəaliyyəti ilə məşğul olan E.Abdullayevin avtomobilindəki sərnişin, 1994-cü il təvəllüdlü Balarəhim Əliyev hadisə yerində vəfat edib.

Oxşar xəbərlər